“Əfqanıstandakı vəziyyətin Ukraynada təkrarlanması mümkündür” Siyasət

“Əfqanıstandakı vəziyyətin Ukraynada təkrarlanması mümkündür”

Vəfa Quluzadə: "Bu ölkəyə müdaxilə SSRİ-nin parçalanamasıyıla nəticələndi. İndi Rusiya belə bir perspektivin qarşısında dayanır"

"Rusiya və ABŞ silahları bura qədər bir neçə dəfə çarpazlaşıb. XX əsrdə baş verən bütün müharibələrdə rus və amerikan silahları toqquşub. Şimali Koreya-Cənubi Koreya qarşıdurması da ABŞ-Rusiya gərginliyinin təzahürüdür. Rusiya bu qarşıdurmada Koreyanın Şimalını silahlandırdı, ABŞ isə Cənuba kömək etdi. Nəticədə Koreya Şimal və Cənub olmaqla iki yerə parçalandı. İndi Cənubi Koreya Şimali Koreyadan dəfələrlə güclü və inkişaf etmiş vəziyyətdədir". Bu fikirləri politoloq Vəfa Quluzadə Rusiya-Amerika qarşıdurmasını şərh edərkən deyib. Onun fikrincə, SSRİ vaxtilə Koreyada baş verənlərə qarışmasaydı, ölkə parçalanmayacaqdı: "Vaxtilə Sovet Rusiyasının dəstəklədiyi Şimali Koreya acından ölür, Cənubi Koreya isə dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Vyetnamda da eyni ssenari təkrarlandı. Bu ölkədə də Amerika və Rusiya silahları toqquşdu. Lakin Koreyadan fərqli olaraq, Vyetnam parçalanmadı. Bu gün Vyetnam müstəqil siyasət yürüdür və Rusiya yönümlü deyil. Amrerika yönümlü də demək olmaz, bazar iqtisadiyyatına əsaslanan ölkədir. 1970-ci illərin əvvəllərində Misir, ərəb ölkələri və İsrail arasında gedən müharibədə rus-amerikan silahları yenə üz-üzə gəldilər. Bir tərəfdə Sovetin hərbi müşavirləri, silahları, raketləri digər tərəfdə isə ABŞ-ın hərbi texnikaları vardı. Bu mübarizədə Rusiya məğlub oldu, Misir Amerika yolunu seçdi. Yəni ki, bu vaxta qədər ABŞ və Rusiya hərbi texnikaları bir neçə dəfə qarşılaşıbsa, bu halın Ukraynada təkrarlanması da təəccüblü olmayacaq. Əgər Rusiya Ukraynanın Cənub-şərqindən qoşunlarını və hərbi texnikasını çəksə, müharibə olmayacaq. Lakin bunun baş verməsi inandırcı deyil. Rusiya tutduğu mövqedə dayanmağa təkid edir. Rusiya Ukraynanı dağıtmaq fikrindədir. Bunu asta-asta, özünü göstərmədən etməyə çalışır. Bunun qarşılığında Ukraynada baş verənlərdə iştirak etmədiyini sübut etmək niyyətindədir. Hələ Krım işğal olunmamışdan əvvəl Rusiya yarımadaya qoşun yerimək niyyətində olmadığını deyirdi. Digər tərəfdən, əgər ABŞ Konqresi Ukraynaya silah yardımı etmək barədə qərar çıxarsa, bu yerinə yetiriləcək. Bu isə, nüvə müharibəsinə səbəb olmayacaq. Amma Rusiya şiddətli müharibənin içinə atılacaq. Bu mənada, Əfqanıstandakı vəziyyətin Ukraynada təkrarlanması mümkündür. Əfqanıstana müdaxilə SSRİ-nin parçalanamasıyıla nəticələndi. İndi Rusiya belə bir perspektivin qarşısında dayanır. Lakin Moskva geri çəkilməyəcək, Rusiya iqtidarı atdığı addıma görə, təkid edir. Geriyə çəkilmək Putin hakimiyyətinin çökməsiylə nəticələnəcək. Buna görə, Ukraynadakı müharibə uzun çəkəcək. Minskdə elan olunmuş atəşkəsin davam edəcəyinə inanmıram. Çünki bu atəşkəs birinci növbədə Ukraynanın xeyrinə deyil. Ölkənin Cənub-şərq regionları Rusiyanın nəzarəti altındadır. Moskva hazırda həmin bölgədə yaratdığı qondarma "respublika"ların "müstəqil"liyinin tanıdılmasına çalışır. Əgər belə bir vəziyyətdə ABŞ-ın Ukrayna üçün vəd etdiyi silahlar göndərilsə, müharibə davam edəcək. Belə olacağı halda Rusiya geri çəkilə bilməyəcək. Digər tərəfdən Ukrayna Rusiyaya görə, tamamilə çökmək niyyətindən uzaqdır. Amerika silahlarının göndərilməsindən sonra Rusiya-Ukrayna müharibəsinin qızışması mümkündür".
O, deyib ki, anlaşma əldə edilməsinə baxmayaraq bölgədə vəziyyət silahlı qarşıdurma həddində qaldı: "Anlaşmaya əsasən, Ukrayna ordusu Debaltsevoda qalmalıydı, separatçılar isə 50 kilometr geri çəkilməliydilər. Lakin separatçılar bu addımı atmadılar. Atəşkəsə baxmayaraq, separatçılar strateji əhəmiyyət kəsb edən Debaltsevonun bir hissəsini ələ keçirdilər. Atəşkəsi Ukrayna tərəfi yox, Rusiyanın dəstəklədiyi separatçılar pozdular. İndi məlumat yayılıb ki, Debaltsevodan geri çəkilən ağır texnika Mariupol ətrafında yığılır. Bu, Mariupolun işğal təhlükəsinin olması deməkdir. Rusiya tərəfinin isə baş verənlərə münasibətində xoş niyyəti yoxdur. Atəşkəs elan olunduqdan dərhal sonra xəbər yayıldı ki, Rusiyadan iri həcmdə texnika Ukrayna ərazisinə yeridildi. İndi biz kimə inanaq? Rusiya isə bunu inkar edir. Rusiya Krımı işğal etməsini də inkar edir, indiyədək Ukraynanın Cənub-şərqində müharibə apardığını da üzərindən atır. Bölgəyə yerləşdirilmiş "Tornado" silahları yalnız Rusiyada var. Nə Ukrayna ordusu, nə separatçılar, nə də Qərbdə bu adda silah yoxdur. Rusiya Ukraynadakı əməllərini gizlədə bilməyəcəyini çox gözəl bilir. Amma inkar edir. Döyüşmək, inkar və işğal etmək siyasətdir. Hansı ki, Azərbaycanın 20% ərazisini ermənilərin adıyla işğal ediblər. Ruslar erməniləri silahlandırdılar, onlara rəhbərlik etdilər. Rusiyanın kəşfiyyat orqanları ermənilərlə birlikdə Azərbaycan ərazilərinin işğalında iştirak ediblər. İndi isə Rusiya Ermənistan tərəfində döyüşdüyünü üzərindən atır. Biz belə bir qəribə ölkəylə qonşuyuq. Gürcüstan və Ukrayna ərazilərinin işğal edilməsindən sonra Cənubi Qafqaza rus təhlükəsi daha da artdı". Politoloq "ABŞ-la mübarizədə Rusiyanı qalib görmürəm",-deyə əlavə edib: "Hər bir müharibədən sonra sülh lazımdır. İkinci Dünya Müharibəsində Hitler Almaniyası darmadağın oldu, SSRİ, ABŞ və Böyük Britaniya dünyanın taleyini müəyyənləşdirmək üçün bir araya gəldilər. Yaltada razılaşma əldə etdilər. Qərb sosialist ölkələrini tanıdı və Avropanın Şərqi Sovet İttifaqına verildi. Qitənin Qərbi isə ABŞ-ın təsiri altında qaldı. Bundan sonra SSRİ və ABŞ arasında uzun müddətli sülh şəraitində gərgin mübarizə başladı. Bu mübarizənin sonunda Sovet İttifaqı çökdü. Nəticədə Rumıniya, Polşa, Macarıstan, Çexoslovakiya və digər ölkələr SSRİ-dən qaçıb NATO-ya üz tutdular, bu quruma üzv oldular. Məsələn, indi Rusiya ABŞ və Avropanı dizi üstdə qoyub Yaltada dünyanın gələcəyini müəyyən edə bilərmi? Yox! Mümkün deyil. Bu mübarizə çöküşə qədər davam edəcək. İndi özünüz baxın, Rusiya iqtisadiyyatı hardadı, Avropa iqtisadiyyatı harda, ABŞ iqtisadiyyatı hansı yerdədi? Rusiya Avropanı ABŞ-dan ayırıb öz təsiri altına salacağına ümid edirdi. Lakin geridə qalmış iqtisadiyyata sahib olan Rusiya inkişaf etmiş, mütərəqqi Avropanı necə öz təsiri altına ala bilər? Üstəlik Avropa Amerikanın müttəfiqidir. NATO sayəsində qitə ölkələri Sovet Rusiyasından yaxalarını qurtardılar. Amerika olmasaydı, Stalin bütün Avropanı işğal edəcəkdi. Burada mənim hansısa tərəfə ya simpatiyam, ya da anti-patiyam yoxdu və tam soyuqqanlılıqla deyirəm ki, Rusiya bu mübarizədən salamat çıxmayacaq".

Əli