Sarkisyan vahiməyə düşüb Siyasət

Sarkisyan vahiməyə düşüb

"Əsgərlərimiz başa düşür ki, Azərbaycan və Ermənistanın təmas xəttində onları Rusiya silahları ilə öldürmək istəyirlər"

"Müstəqil olandan sonra heç bir ölkə Rusiyanın Ermənistana verdiyi dəstəyin heç bir 1 faizini göstərməyib". Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan açıqlama verib.
Sarkisyanın sözlərinə görə, Rusiya və Ermənistan arasında hərbi əməkdaşlıq böyük rol oynayır. Lakin Sarkisyan Rusiyanın Azərbaycana silah satması barədə də danışıb və narahatlığını gizlətməyib.
"Bizi narahat edən məsələ Rusiyanın Azərbaycana silah satmasıdır. Bunun nəticəsində əsgərlərimiz başa düşür ki, Azərbaycan və Ermənistanın təmas xəttində onları Rusiya silahları ilə öldürmək istəyirlər", - deyə Sarkisyan bildirib.
Serj bu çıxışında əndişəsini gizlətməyib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etməyə çalışır.
Azərbaycan Ordusunun sürətlə silahlanmasından narahat olduğunu gizlətməyən Sarkisyan görünür ordusuna çox da güvənmir.
Ermənistan prezidenti İrəvanda keçirilən beynəlxalq media forumunda ölkəsi ilə Türkiyə arasındakı münasibətlərdən də danışıb. Sarkisyan Türkiyə ilə imzalanan protokolların ratifikasiya olunmamasına görə rəsmi Ankaranı ittiham edib.
"Türkiyə ilə imzalanan protokolların parlamentdə ratifikasiya olunmaması bu ölkə ilə uzlaşma qapılarını bağlamağımız mənasına gəlmir. Türkiyənin apardığı siyasətə görə həyata keçirilməsi mümkünsüz olduğundan həmin protokolların ratifikasiyasını dondurdum. Gözlədiyimiz nəticəni əldə edə bilmədik və bu məsələdə kimin günahkar olduğunu hamı bilir. Həmçinin üçüncü bir ölkənin konstruktiv olmayan yanaşmasının qurbanı olmuş bir prosesdə iştirak etməyəcəyik".
Xatırladaq ki, bu protokollar 2007-ci ildə İsveçrənin vasitəçiliyi ilə başladılan proses əsasında 10 oktyabr 2009-cu ildə imzalanıb. İkili münasibətlərin normallaşması üçün hazırlanan protokollar hər iki ölkədə də təsdiq olunması üçün əlaqədar qurumlara göndərilmişdi. Bu baxımdan rəsmi Ankara protokolları Türkiyə Böyük Millət Məclisinə göndərmişdi.
Ermənistan hökuməti isə qanunvericiliyə uyğunluğunun yoxlanması üçün protokolları konstitusiya məhkəməsinə göndərmiş, daha sonra protokollar təsdiq olunması üçün milli məclisə təqdim olunmuşdu. Sarkisyan 2010-cu il 22 aprel tarixdə protokolların ratifikasiya prosesini dondurduğunu açıqlamışdı.