“Belə bir təklifi reallaşdırmaq üçün xeyli iş görmək lazımdır” Siyasət

“Belə bir təklifi reallaşdırmaq üçün xeyli iş görmək lazımdır”

Arzu Nağıyev: "Eyni zamanda, niyə bu günün məhz xilaskar əsgər anımı kimi təqdim edilməsini izah etmək zəruridir"

Əkbər Qoşalı: "Bu təklif çox önəmli işlərdən biridir"

Taliyət Əliyev: "İrəlü sürülən bu təşəbbüsü təqdirəlayiq hal kimi dəyərləndirirəm"

Tofiq Abbasov: "Bu çox düzgün, eyni zaman da nəcib və savab təklifdir"

Əli Orucov: "Türk əsgərlərinin xatirəsini həmişə əziz və uca tutmaq boynumuzun borcudur"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Martın 30-da keçirilən İdarə Heyətinin iclasında aprelin 24-də, saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət - Xilaskar Türk Əsgərlərinin Anım Gününü qeyd etmək barədə qərar qəbul edib.
BAXCP İdarə Heyyətinin iclasında qeyd olunub ki, əgər beynəlxalq birlik tarixə erməni yalanlarının deyil, ədalətin gözüylə baxarsa, o zaman 24 aprelin "erməni soyqırımı" günü yox, Anadoluda və Qafqazda yaşayan xalqların xilası günü olduğunu görə bilər.
Xatırladaqki, BAXCP 2007-ci ildən etibarən aprelin 24-ü Xilaskar Türk Əsgərinin Anım Gününü kimi qeyd edir. Hətta ilk illər Türkiyənin Azərbaycandakı səfirliyi də BAXCP-nin təklifini dəyərləndirmiş və birgə Anım Gününə qatılmışlar.
Politoloq Arzu Nağıyev bildirdi ki, bu yaxşı ideyadır: "Bununla bərabər bu tarixin ermənilərin qondarma soyqırımı günü olduğunu da untmaq olmaz. Bu tək ermənilərin qıcıqlanması naminə bayram günü olmamalıdır, çalışmaq lazımdır ki, beynəlxalq səviyyədə də tanınsın. Bunun üçün isə xeyli səy və əmək sərf etmək lazımdır. Bununla yanaşı həm də Türk dünyasının təmsilçiləri olan bütün dövlətlərə, digər dövlətlərdə yaşayan diaspora təşkilatlarına da aşılamaq lazımdır. Eyni zamanda, niyə bu günün məhz xilaskar əsgər anımı kimi təqdim edilməsini izah etmək zəruridir. Misal kimi Çanaqqala zəfərini göstərmıək olar və minlərlə azərbaycanlının da şəhid olduğunu və qəhrəmanlığını hər kəsə çatdırmaq lazımdır. Bir sözlə, belə bir təklifi reallaşdırmaq üçün xeyli iş görmək lazımdır".
Azərbaycan Atatürk Mərkəzinin İctimai-siyasi Şöbəsinin müdiri Əkbər Qoşalı dedi ki, aprelin 24-nün də digər sahələrdəki erməni "özününküləşdirməsi", hay işğalı faktları kimi adıyaman olaylardan azad etmək gərəkdir: "Daha öncələr buna müəyyən cəhdlər olsa da, iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın dövlət başçılarının bu ilin əvvəllərində dünya ictimaiyyətinə birgə açıqlaması "təqvimin erməni işğalı"nda qurtarması yönündə ən sanballı addım oldu. Bu addım 24 aprel 2015-ci ildə Çanaqqala Zəfərinin 100 illiyinin yüksək səviyyədə, geniş şəkildə keçirilməsi ilə öz Zirvə Məqamına yetişəcək. Əlbəttə, Zirvənin qorunması üçün davamlı, qalıcı işlərin görülməsi lazımdır. Dediyiniz təklif çox önəmli işlərdən biridir. Artıq 100 illik yalanı tabuta qoymağın, bununçün əks hücuma keçməyin başqa bir alternativi varmı?"
Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev vurğuladı ki, 1918-ci ildə Qafqaz İslam Ordusu tərkibində Anadoludan gəlib könlünü, canını, əməlini məmləkətimizin insanına ərməğan edən, Bakının işğaldan azad edilməsi və azadlığımız üçün vuruşaraq şəhid olmuş qardaşlarımıza həmişə borcluyuq: "Hesab edirəm ki, müstəqilliyə, azadlığa ən dəyərli neməti kimi baxan hər bir Azərbaycan vətəndaşı 20 Yanvar və Qarabağ şəhidlərimiz kimi 1918-ci ildə Azərbaycan uğrunda şəhid olmuş türk əsgərlərinə də eyni sayğı ilə yanaşmalıdır. Bu baxımdan irəlü sürülən bu təşəbbüsü təqdirəlayiq hal kimi dəyərləndirirəm".
Politoloq Tofiq Abbasov bildirdi ki, bu çox düzgün, eyni zaman, nəcib və savab təklifdir: "Hesab edirəm ki, türk əskərinin şücaətinə biz uzun illər ürəklərdə sayqı hissi göstərə bilmişik. Bu əsasən sovetlərin hakimiyyət dövrünə təsadüf edirdi. Lakin bütün pərdələr və ləklər artıq aradan götürülüb. Biz tariximizn bütün özəlliklərini artıq bilirik, ona görə də türk əsgərinin biz azərbaycanlılara göstərdiyi kömək sözün əsl mənasında xilaskarlıq missiyası analamına gəlir. Yəni, belə dəstəyi nəinki unutmaq olmaz, onu yeni nəsillərə tanıtmaqla əbədiləşdirib daim yaşatmaq lazımdı. O ki qaldı türk əsgərinin Azərbaycan cəbhəsində həyatı bahasına qardaşlıq borcunu yerinə yetirməsinə, bu ümumiyyətlə ən möhtəşəm mənəvi dəyərə layiq məsələdir. O rəhmətliklərin xatirəsini daim anmaq hər bir azərbaycanlının mənəvi borcudur. Tam əminliklə demək olar ki, türk-islam əsgərinin Azərbaycan uğrunda özünü qurban verməsi, azərbaycanlıların Çanaqqala döyüşündə şəhidlik borcunu yerinə yetirməsi - bu iki tarixi hadisələrdə iki qardaş xalqın nümayiş etdirdiyi qəhrəmanlıq artıq Azərbaycanla Türkiyənin əbədi olaraq eyni cərgədə olmasını müəyyən etdirib. Dünya durduqca iki qardaş xalq həmişə bir-birinə arxa olacaq...".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucov "mən də bu təklifi dəstəkləyirəm",- deyə vurğuladı: "Türkiyənin və Türk əsgərinin millətimizə böyük dəstəyini heç vaxt unutmaq olmaz. İstər ötən əsrin əvvəllərində olsun, isərsə də müstəqilliyimizi yenidən qazanmağımızdan sonra, qardaş ölkə həmişə bizə arxa dayaq durub. Yenicə formalaşmaqda olan Milli Ordumuzun təlim görməsində, silah-sursat və zəruri avadanlıqlarla təhcizində Türkiyə böyük rol oynayıb. Bu gün qardaş ölkə Azərbaycana hər cür köməyini əsirgəmir. Əlbəttə, bizim üçün canından keçərək şəhid olan Türk əsgərlərinin xatirəsini həmişə əziz və uca tutmaq boynumuzun borcudur".

Əli