Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib Siyasət

Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

İlham Əliyev: "İkili standartlara son qoyulmalıdır"

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Prezident İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını deyib.
Dövlət başçısı Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirib. Bütün bunların son illərdə ölkədə aparılan düşünülmüş iqtisadi siyasət nəticəsində mümkün olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ümumi dinamik inkişafımıza təsir etməyib. Dövlət başçısı ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırıb.
Birinci rübdə də regionlarda müsbət meyillərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev bildirib ki, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi prosesinin davam etdirildiyini deyən dövlətimizin başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğulayıb, ölkəmizdə həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Ölkəmizin beynəlxalq nüfuzunun artdığını, Azərbaycanın dünya birliyinin dəyərli və etibarlı üzvünə çevrildiyini deyən Prezident İlham Əliyev yürüdülən xarici siyasətin çox çevik və fəal olduğunu diqqətə çatdırıb. Məhz bunun sayəsində son illərdə bölgədə yaşanan böhranlardan ölkəmizin itkisiz çıxdığını deyən dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında böyük hörmətə malik ölkə kimi tanınır.
Bu ilin əvvəlindən xaricə etdiyi çoxsaylı səfərlərin ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. Prezident İlham Əliyev vurğulayıb ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib.
Dövlətimizin başçısı deyib ki, Ermənistanın rəsmi statistik məlumatlarına görə, əhalinin 30 faizi yoxsulluq, səfalət içərisində yaşayır: "Amma real göstərici 50-60 faizdir. Ermənistanın rəsmi məlumatına görə, hər il ölkədən 50-60 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat göstərir ki, hər il Ermənistandan köçənlərin sayı 100 minə yaxındır. Yəni tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan dövlətində bir neçə ildən sonra erməni əhalisi qalmayacaq".

Prezident İlham Əliyev qeyd edib ki, bizim cəmiyyətimiz, xüsusilə gənc nəsil Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu heç vaxt unutmamalıdır: "Bu, bizim tarixi, dədə-baba torpaqlarımızdır, bütün toponimlər Azərbaycan mənşəlidir. Bunun üçün XX əsrin əvvəlində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir, o xəritələrdə bir erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistan ərazisinin 80 faizindəki kəndlər Azərbaycan adlarını daşıyırdı. Bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və bu hədəfə çatmaq üçün çalışırıq".
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.
Dövlət başçısı çıxışında birinci rübdə baş verən iki önəmli hadisəyə - Bakıda "Cənub" Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda TANAP layihəsinin təməlinin qoyulmasına da toxunub.
Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdıran dövlətimizin başçısı kənd təsərrüfatı sektorunun da inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını bildirib, amma bununla belə ərzaq təhlükəsizliyinin tam təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə bağlı tapşırıqlarını verib.
Dövlətimizin başçısı çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxundu, bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu deyib.
Prezident İlham Əliyev ölkədə dərman preparatlarının qiymətinin bahalığından narazılığını ifadə etdi, bu sahədəki vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.
Bu il daha 3 "ASAN xidmət" mərkəzinin açılacağını deyən dövlətimizin başçısı əhalinin elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılmasına dair tapşırıqlarını verib.
Nitqinin sonunda Prezident İlham Əliyev ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirdi. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ilin sonunadək nəzərdə tutulan bütün məsələlər öz həllini tapacaq.