ADR-də təmsil olunan müsavatçılar partiyanın qərargahına buraxılmır Siyasət

ADR-də təmsil olunan müsavatçılar partiyanın qərargahına buraxılmır

Müsavat Partiyasının rəhbərliyi Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan üzvlərinin qərargaha girişinə qadağa qoyub. Bu barədə ADR-də təmsil olunan Müsavat üzvü Xeyrulla Balaxanlı deyib. Onun sözlərinə görə, qərargaha girmək üçün rəhbərlikdən icazə almaq tələb olunur.
ADR üzvü, Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli də onda bu haqda informasiya olduğunu deyib. "Əgər bu doğrudursa, bunu sadəcə biabırçılıq adlandırmaq olar. Biz Müsavat Partiyasını ümumxalq partiyası hesab edirik, hər kəsin məbədi, qibləgahı sayırıq. Ora üzv olmayan şəxslər, yaxud ADR-də təmsil olunan üzvlər buraxılmırsa, bu, böyük Rəsulzadənin ruhuna hörmətsizlikdir", - deyə o bildirib.
Bir müddət əvvəl Müsavat Partiyasından çıxarılan ADR İdarə Heyətinin üzvü Səxavət Əlisoy isə məsələyə ironik yanaşıb.
Onun sözlərinə görə, Arif Hacılı qərargaha girişi pullu etməlidir: "Məlumatlara görə, Arif Hacılı Müsavatın qərargahına "icazəsiz girilməz" əmri verib. Bəzilərini, bəlkə də, bu əmr təəccübləndirir. Lakin adam düz hərəkət edir. Çünki Müsavatın qərargahını ona 4 illiyə icarəyə veriblər, şəxsi təsərrüfata da yalnız təsərrüfatın üzvləri daxil ola bilər. Bir az da başlarını işlətsələr, maddi durumlarını da düzəldə bilərlər. Yəni, girişi pullu etsələr, imkanlı müsavatçılar və gözləri hələ də Müsavatın qapısında qalan ADR-çilərin sayəsində ən azı texniki problemlərini həll edərlər. Obyekti səmərəli işlətmək lazımdır".
Müsavat Partiyası Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı isə açıqlamasında məlumatı təkzib edib: "Bunu deyənlər yalan danışır. Sadəcə olaraq, belə informasiyalarla yanlış rəy formalaşdırmağa cəhd edirlər. Amma partiyada rəsmi, yaxud qeyri-rəsmi belə bir qərar yoxdur".
Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli bildirib ki, Müsavat Partiyasından çıxarılanların partiya qərargahına girişlərinə kiminsə qadağa qoyması düzgün deyil: "Amma bu informasiya heç də inandırıcı görünmür. Əgər belə olsa, bu çox cılız, gülünc bir hərəkət olar". Ellada Məmmədli partiyanın qurulmasında, yaşamasında illərini sərf edən insanlara qarşı edilən haqsızlıqların kökündə özbaşnalığın dayandığını qeyd edib: "İllərini partiya yolunda sərf edən insanların orada bir bağları, dostları var. Bu nöqteyi nəzərdən bu cür qadağanı hələlik sosial şəbəkələrin şayiəsi sayıram…".
Əli