Ermənilər Bərdəni atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istəyirdilər - Hərbi ekspert Siyasət

Ermənilər Bərdəni atəşə tutmaqla əhali arasında təşviş yaratmaq istəyirdilər - Hərbi ekspert

Terrorçu Ermənistanın keçən il oktyabrın 27-də Bərdənin Qarayusifli kəndinə atdığı raket biri azyaşlı olmaqla, beş nəfərin ölümünə, 14 nəfərin də yaralanmasına səbəb olub.

Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev bildirib ki, həmin vaxt Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində ermənilər məğlubiyyətə uğrayırdı. Düşmən cəbhədə məğlubiyyətə uğradıqca daha da azğınlaşır və qisasını mülki əhalidən almağa çalışırdı:

"Düşmənin əsas məqsədi mülki əhali arasında itkiyə səbəb olmaq və təşviş yaratmaq idi. Düşünürdülər ki, insanların arasında xaos yaranacaq, hərbi əməliyyatlar dayandırılacaq və bununla ermənilər üzləşdikləri məğlub durumdan çıxacaqlar. Təbii ki, onlar öz istəklərinə çatmadı. Azərbaycan xalqının birliyi buna imkan vermədi. Bu fakt onu göstərir ki, Azərbaycan xalqı müharibəyə mənəvi, psixoloji hazır idi."

Hərbi ekspert qeyd edib ki, müharibənin ilk günlərinə nəzər salsaq, Azərbaycan Silahlı Qüvvəllərinin üstünlüklərindən biri də, düşmənin hava hücumundan müdafiə qüvvələrinin, kəşfiyyat üçün radar sistemlərinin məhv olunması idi. Bununla da düşmən havada üstünlüyü itirməklə yanaşı, uzaqvuran raket-artilleriya vasitələri də "kor" vəziyyətə gətirilmişdi. Düşmən bu vasitələri ordumuza qarşı istifadə edə bilmədiyini görüb mülki əhalimizi hədəf alırdı. Bununla da ermənilər müharibə cinayətlərinə imza atırdılar. Bərdə şəhəri və kəndlərinin düşmənin raket atəşinə məruz qalması birmənalı olaraq terror aktı idi.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən oktyabrın 27-i, saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər 50 yaşlı Cəfərova Ofeliya Məcid qızı, 61 yaşlı Əhmədova Aybəniz Əşrəf qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı, 40 yaşlı İsmayılov Ehtiram Xəlil oğlu, 49 yaşlı Əliyeva Almaz Saleh qızı həyatını itirib.