“Sülhə hazır olan bir dövlət...” Siyasət

“Sülhə hazır olan bir dövlət...”

Qabil Hüseynli: "İşğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma həyata keçirməz"

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin açıqlaması tamamilə mənasız və əsassızdır. Ermənistan sülhlə bağlı təklif edilən variantların heç birinə konstruktiv münasibət bildirməyib və ya bildirmək istəmir". Bunu keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
Ekspert ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin "Ermənistan sülhlə bağlı imkanlara açıqdır" fikrini şərh edərkən Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunun xatırladıb.
Qabil Hüseynli vurğulayıb ki, sülhə hazır olan bir dövlət işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma həyata keçirməz:"Bu azmış kimi ermənilər zəbt etdiyi Azərbaycan torpaqlarındakı yer adlarının, abidələrin adlarını dəyişməklə məşğuldur. Bu da Ermənistanın növbəti məkrli planıdır".
Sabiq dövlət müşaviri söyləyib ki, Ermənistan danışıqlarda konstruktivlik nümayiş etdirmirsə və öz qoşunlarını işğal altındakı torpaqlardan çıxartmırsa, bu, onun sülh prosesinə olan hörmətsizliyidir.
Qabil Hüseynli bildirib ki, Ceyms Uorlik Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda "tərəf" kimi iştirak etməsini istəyən ilk həmsədrdir:"Uorlik öz müqəddəratını müəyyən etmək hüququndan da söz
açır. Dağlıq Qarabağda referendumun keçirilməsi baş tutarsa, elə bir an gəlib çata bilər ki, öz müqəddəratını təyin etmək ərazi bütövlüyü məsələsini üstələyə bilər".
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Parisdə Ermənistanın xarici işlər naziri ilə görüşdüyünü bildirib. Bu görüşdən sonra diplomatda yaranan qənaət budur ki, guya Ermənistan sülhə hazırdır.