Soçidəki danışıqlar: Azərbaycan nə gözləməlidir? – TƏHLİL Siyasət

Soçidəki danışıqlar: Azərbaycan nə gözləməlidir? – TƏHLİL

Məlum olduğu kimi, bu gün Soçidə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında görüş keçiriləcək. Bu görüş zamanı bir sıra məsələlərin, o cümlədən kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələlərinin müzakirəsi gözlənilir. Soçidə üçtərəfli görüşün keçirilməsi faktı onu göstərir ki, Yerevan, nəhayət yeni reallıqla barışıb. Bu baxımdan, görüşdən gözləntilər böyükdür. Soçi görüşü ötən il imzalanmış kapitulyasiya aktının davamı, məğlub Ermənistanın qalib Azərbaycanın irəli sürdüyü şərtlərə uyğun davranmağa məcbur olması, müzəffər Ordumuzun Zəfəri nəticəsində yaranmış reallıqların qəbul edilməsidir.

Məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko hesab edir ki, Soçidə görüş konkret nəticələr gətirəcək.

"Hesab edirəm ki, yalnız Soçi görüşü konkret nəticələr verə bilər. Bakı-Yerevan-Moskva üçbucağında yerləşən proses mənə çox perspektivli görünür", - deyə o qeyd edib.

Bu görüşdə müzakirəsi gözlənilən mövzulara gəlincə, M.Şevçenko sərhədlərin delimitasiyasının ən vacib mövzu olduğunu vurğulayıb:

"Bir müddət əvvəl Ermənistan-Azərbaycan sərhədində faciəli hadisələr baş verəndə, o zaman insanlar həlak olanda, "Telegram" kanalımda yazmışdım ki, Ermənistan bu cür davranmağa davam edərsə, Qarabağ üçün ağladığı kimi Zəngəzur üçün də ağlayacaq. Orada bu, kəskin reaksiya ilə qarşılanıb. Amma bu doğrudur. Müharibə ermənilərə yaxşı heç nə gətirməyəcək" - M.Şevçenko deyib.

Amerikalı ekspert Piter Teys qeyd edir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşdə iştirakı irəliyə atılan nəhəng addımdır.

Onun sözlərinə görə, son onillikdə Ermənistan ölkənin zəif idarə olunması nümunəsini sərgiləyib və Soçidə üçtərəfli görüşdə iştirak uğursuz qərarlar silsiləsini qırmaq üçün şansdır.

"Ermənistan beynəlxalq hüquqa əməl etməlidir. Azərbaycanla sülh sazişi barədə razılığa gəlməli, ticarət və kommersiya sahəsində əməkdaşlıq üçün imkanları tədqiq etməlidir", - deyə ekspert bildirib.

O qeyd edib ki, gələcək görüş çox vacib siyasi məqama malikdir, belə ki, görüşdə 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının statuslarının müzakirəsi gözlənilir, bu isə regionun gələcək inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.

Rusiyalı politoloq Andrey İvanov isə Trend-ə açıqlamasında deyib ki, bu görüş bu gün işlək olan müddəalara sadiqliyi təsdiq etməlidir.

"Görünən odur ki, Yerevan ənənəvi olaraq problemi unutdurmaq taktikasından istifadə etmək istəyirdi. Ermənistanın daxili siyasəti uzun illərdir ki, millətçi ritorikanın qızışdırılması üzərində dayanır. Amma daxili auditoriya üçün yaxşı olan amil beynəlxalq siyasətdə qəbul olunmur. Məğz etibarilə tənzimləmə prosesi çox yavaş gedir, amma bunu sürətləndirmək olar. Vacib olan odur ki, indi söhbət torpaqların işğalından, ərazi bütövlüyündən yox, regionda normal həyatın qurulması mexanizmindən gedir", - deyə politoloq vurğulayıb.

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova öz növbəsində bildirib ki, Nikol Paşinyan Soçi görüşündən qorxur.

"Çünki görüş zamanı ermənilər üçün ən kəskin məsələlər müzakirə olunacaq. Ermənistan hər vəchlə görüşdən yayınmağa çalışırdı. Görüşdə toxunulacaq məsələlərdən biri sərhədlərin delimitasiyası və demarkasiyası olacaq. Böyük ehtimalla, bu məsələ ilə daha fəal məşğul olacaq işçi qrupu yaradılacaq. Soçidə diqqətə alınacaq daha bir məsələ Zəngəzur dəhlizi ola bilər", - deyə o bildirib.

Nikol Paşinyanın danışıqlar masasına gətirilməsi Azərbaycan dövlətinin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir. Paşinyan növbəti dəfə regiondakı reallıqları qəbul etməyə məcbur qaldı.

“Ermənistan rəhbərliyi başa düşdü ki, Azərbaycanı hərbi ritorika ilə hədələmək onlara heç nə qazandıra bilməz. Əksinə, bu kimi təxribatlar onsuz da uğursuzluq girdabında çabalayan Ermənistan üçün daha böyük faciələr gətirə bilər. Xüsusən, sərhədyanı ərazilərdə törədilən son hərbi təxribatlar Ermənistanın acizliyini, Azərbaycanın isə gücünü və iradəsini növbəti dəfə nümayiş etdirdi. Beləliklə, artıq Ermənistanın danışıqlara cəlb olunmaqdan başqa bir çarəsi yoxdur. Azərbaycan Ermənistanı məcbur etdi ki, danışqılara getsin və Azərbaycanın şərtlərini qəbul etsin.

Soçi görüşünə ümidlər böyükdür. müəyyən zaman kəsiyində İkinci Qarabağ müharibəsinin nəticələri səbəbindən yaranan bəzi reallıqların dəyişə biləcəyinə ümid bəsləyən və çoxsaylı məkrli gedişləriylə buna çalışan Ermənistanın bütün ümidləri puça çıxarıldığından, rəsmi İrəvan Azərbaycanın dəyişdirilməsi mümkün olmayan şərtləri daxilində danışıqlara getməkdən, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa heç bir çıxış yolunun olmadığını qəbul etməyə məcbur olub. Görüşlərin intensivliyi sülh razılaşmasının imzalanması üçün vacib əhəmiyyət daşıyır.

Trend-in Təhlil şöbəsi