Prezident İlham Əliyev: Ukrayna ilə bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin Siyasət

Prezident İlham Əliyev: Ukrayna ilə bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin

Hesab edirəm ki, ərzaq təhlükəsizliyi ilə bağlı bu gün əldə edilmiş razılaşmalar Azərbaycana imkan verəcək ki, öz ərzaq təhlükəsizliyini daha geniş həcmdə təmin etsin.

Bunu yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxışında deyib.

Dövlət başçısı bildirib:

"Eyni zamanda, birgə müəssisələrin yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı ilə bağlı birgə fəaliyyət üçün bu gün zəmin yaradılmışdır. Bu, bir yenilikdir, bizim əlaqələrimizdə bu sahə ilə bağlı hesab edirəm ki, atılan ən mühüm addımlardan biridir. Bütün başqa sahələrdə də biz əməkdaşlığa açığıq.

Bir daha demək istəyirəm ki, bizim əməkdaşlığımızın təməlində dostluq əlaqələri dayanır və ümid edirəm ki, bu gün ilin əvvəlində həyata keçirilən bu səfər həm bu ili ikitərəfli müstəvidə yaxşı nəticələrlə başa vurmağa xidmət göstərəcək, həm də gələcək illər üçün də gözəl zəmin olacaq".