“Azərbaycan özünü çox yaxşı təqdim edə bildi” Siyasət

“Azərbaycan özünü çox yaxşı təqdim edə bildi”

Azər Badamov: "İlk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi hələ uzun illər çoxlarının yaddaşında qalacaq"

"Humanitar forumlar keçirməklə dünyada tolerantlıq və sülh carçısı kimi çıxış edən Azərbaycan iyunun 12-də dünya tarixində yeni bir ilkə də imza atdı. Bu, Avropa qitəsində ilk dəfə keçirilən, çox ölkələrin məsuliyyətin altına girməyə cəsarət etmədiyi 1-ci Avropa Oyunlarıdır".
Bunu Gün.Az-a açıqlamasında Milli Məclisin (MM) deputatı Azər Badamov dilə gətirib.
Onun dediyinə görə, Təşkilat Komitəsinin böyük məsuliyyətlə yanaşdığı oyunlara hazırılğından da bəlli olurdu ki, açılış mərasimi də möhtəşəm olacaq.
O, qeyd edib ki, amma ölkənin inkişafını və qudrətini qəbul etmək istəməyənlər buna şübhələrlə yanaşırdı və ayrı-ayrı həqiqətə uyğun olmayan şayiələr buraxmaqla açılış mərasiminə ləkə gətirmək istəyirdilər:
"Ölkə başçısının düzgün qurduğu beynəlxalq və daxili siyasi kurs, vaxtında müəyyənləşdirmiş düzgün istiqamətlər bu işə şübhə ilə yanaşanların şübhələrini ürəklərində qoydu. İyunun 12-də bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Bir çox ölkələrin dövlət başçıları və rəsmilərinin iştirakı ilə açılışı həyata keçirilən bu möhtəşəm tədbir uzun müddət çoxlarının yaddaşlarında qalacaq.
Heç kəsin təsəvvürünə gəlməzdi ki, Azərbaycan bu tədbiri belə yüksək səviyyədə təşkil edə bilər. Mərasim saat mexanizm kimi qurulmuşdu. Hər kəs öz vəzifəsini bilirdi. Qonaqların ölkəmizdə qəbulu, idman arenasında 70 minə yaxın insanın yerləşdirilməsi və onlara yüksək mədəniyyətlə xidmət göstərilməsi, bütün ölkədə bayram əhval-ruhiyyəsinin yaşanması Azərbaycanın qarşıya qoyduğu vəzifələrini heç kimin deyiminə baxmadan həyata keçirə bilməsininin göstəricisidir.
Artıq bu, reallıqdır. Bütün dünya açılış mərasimin möhtəşəmliyindən danışır. Sevindirici haldır ki, 1-ci Avropa Oyunlarının açılış mərasiminin ssenarisi Azərbaycanın tarixinə, mədəniyyətinə, adət- ənənələrinə əsaslanmışdı. Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin idman arenasına gəlməsi, Qara Qarayevin bəstələdiyi "Yeddi gözəl" baletinin ölkə tarixi mədəniyyətini canlandırmaqla nümayişi, Azərbaycan muğam sənətinin uçan xalçanın üstündə Alim Qasımovun ifasında səsləndirməsi, Nar dənələrin havaya qalxması, qədim insan məskəni olan Qobustan qayaların səhnədə canlandırılması və sair ilə 1-ci Avropa oyunlarında Azərbaycan özünü çox yaxşı təqdim edə bildi".
A. Badamov onu da qeyd edib ki, Azərbaycan 1-ci Avropa Oyunlarını yüksək səviyyədə də başa çatdıracaq: "Bütün idmançılar gözəl idman arenalarında yarışacaq və qaliblər müəyyən olunacaq. Oyunların iştirakçıarı da tədbirin təşkilindən razı qalacaq. Düşünürəm ki, ölkəmiz bundan sonra da gələcəkdə çoxlu beynəlxalq tədbirlərə ev sahibliyi edəcək, çoxlu möhtəşəm hadisələrin ilkinə imzalar atacaq".