Ekspertdən Rusiya sülhməramlılarına XƏBƏRDARLIQ Siyasət

Ekspertdən Rusiya sülhməramlılarına XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, iki gün əvvəl Tərtər istiqamətində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsinə son qoyan, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndində əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi.

Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a bildirib ki, ermənilər heç zaman beynəlxalq hüquqa və razılaşmalara əməl etməyib.

“Onları buna məcbur etmək lazımdır. Vətən müharibəsi də bunu sübut etdi. Yoxsa onlar nə BMT-nin qətnamələrini icra edəcəkdilər, nə də torpaqlarımızı boşaldacaqdılar. 10 noyabr bəyanatına əsasən, rus sülhməramlıları gəldikdən sonra seperatçı qruplar zərərsizləşdirilməli, oradan çıxıb getməli idi. Onlar orada niyə qalır?! Və onlar Azərbaycanla rus sürhməramlıları olan mövqelərdə nə gəzir?!”, - deyə E.Həsənli bildirib.

Ekspert qeyd edib ki, rus sülhməramlıları Azərbaycana aid yükləri yoxlaya bilməz: “Utanmaz-utanmaz da Azərbaycan yüklərini yoxlayırlar. Hətta yoxlamada polis forması geyinib polis kimi iştirak edirlər. Azərbaycan ərazisində Azərbaycan yüklərini kim yoxlaya bilər?! Onlar ancaq sülh yaratmaq missiyasını yerinə yetirə bilərlər. Maşınları müşahidə etməlidirlər. Azərbaycan dövləti Azərbaycan ərazisində istənilən yükü apara bilər. Hazırda o ərazilərə vətəndaşlar getmir, yəni yük Azərbaycan dövlətinin yüküdür. Azərbaycan ərazisində Azərbaycan dövlətinin yükünün içərisində nə olmağından asılı olmayaraq, heç kim yoxlaya bilməz. Bu məsələlər konkret olaraq çatdırılmalı, ölçülər götürülməlidir ki, rus sülhməramlıları mandata uyğun hərəkət etsinlər. Bununla birlikdə, artıq bir neçə dəfədir ki, onlar mandatından kənar addım atıblar. Haqlı olaraq, bu, Azərbaycan xalqının böyük narazılıqlarına səbəb olub. Bir neçə dəfə də Azərbaycanın rəsmi qurumları onlara etirazlarını bildiriblər, amma hələki kifayət qədər nəticə çıxarılmayıb. Onlar Ermənistandan Azərbaycana gələn yükləri yoxlamalı, bu işi Azərbaycan dövləti ilə bərabər aparmalıdırlar. Bu hadisələr təkrarlanarsa, Azərbaycan həmin ərazidə antiterror əməliyyatı keçirə bilər və keçirməlidir də”.

E.Həsənlinin sözlərinə görə, orada kimlərin yaşadığını bilmək üçün pasport əməliyyatı keçirilməlidir: “1991-ci ilə qədər olan Azərbaycan vətəndaşlarının arxivi dövlətdə var. Kimdir onlar? Övladları dünyaya gəlibsə onlar kimdir? Bunun sayı dəqiq müəyyənləşdirilməlidir. Kim orada yaşamaq istəyirsə, yaşasın. Yaşamaq istəmirsə, 30-40 km o tərəfə rədd olub Ermənistanda yaşasın, öz işləridir. Bu məsələ birdəfəlik aydınlaşdırılmalıdır. Orada əlisilahlı bir nəfər də qalmamalıdır. Rusiya sülhməramlıları bu prosesi tənzimləyir. Ondan sonrakı müddətdə isə Azərbaycanın öz hüquq, mühafizə orqanları bu məsələni tənzimləyəcək. Bunun başqa bir tərəfi yoxdur”.

Ekspert vurğulayıb ki, bu hallar davam edəcəksə, Azərbaycan dövləti ölçü götürməlidir: “Yoxsa hər dəfə onlar atəşkəsi pozacaq, Azərbaycan silahlı qüvvələrinin üstünə qumbara atacaq, sonra o terrorçular Azərbaycana təhvil verilməyəcək. Guya orada onlara ölçü götürülür. Hansı ölçü götürülür?! Kim ölçü götürür?! Hansı dövlətin hüquq, mühafizə orqanları o işi apara bilər?! Azərbaycan ərazisində cinayət törədilibsə, o cinayəti törədənlər Azərbaycan hüquq, mühafizə orqanlarına təhvil verməli, həmin işi Azərbaycan dövləti aparmalıdır. Bu, hüququn təməl şərtlərindən biridir. Buna əməl edilməyəcəksə, Azərbaycan, təbii ki, bu məsələlərə yenidən baxacaq. Hər kəs beynəlxalq hüquqa, Azərbaycanın qanunlarına, konstitusiyasına hörmət etməlidir. Necə ki, beynəlxalq hüquqla Rusiya ərazisində Rusiyanın qanunları, Amerika ərazisində Amerikanın qanunları keçir, Azərbaycan dövlətində də sülhməramlılar da daxil olmaqla hər kəs Azərbaycan dövlətinin qanunlarına əməl etməlidir. Unutmaq olmaz ki, sülhməramlılar Azərbaycan ərazisindədilər və Azərbaycan dövlətinin qanunlarına əməl etməkdən başqa yolları yoxdur”.