“Biz Avropanı Azərbaycandan öyrənməyə çağırmırıq” Siyasət

“Biz Avropanı Azərbaycandan öyrənməyə çağırmırıq”

Aydın Mirzəzadə: "Biz sadəcə, Avropanı Azərbaycanı necə var elə görməyə və elə qiymətləndirməyə çağırırıq"

"Xaricdə müəyyən mərkəzlər var ki, onlar Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən, xüsusilə də, 1993-cü ildə Heydər Əliyev hakimiyyəyə gəldikdən sonra anti-Azərbaycan kampaniyasını daim qızışdırırdılar. Məqsəd ümumilikdə Azərbaycanı müstəqillik istəyindən məhrum etmək, Azərbaycanın qazandığı nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqının özünə inamını azaltmaqdan ibarətdir". Bunu deyən Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanın yerləşdiyi çox strateji geosiyasi mövqe, malik olduğu təbii sərvətlər xaricdə müəyyən dairələrin daima arzuladığı məqsədlər olub. Lakin Azərbaycandakı möhkəm dövlətçilik və müstəqil siyasət onları bu arzularından məhrum edib: "Ona görə də həmin mərkəzlər çirkin üsullarla Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmaq, Azərbaycanda vətənpərvərlikdən uzaq olan saxta insanlar vasitəsi ilə gərginlik yaratmaq üçün cəhdlər gösrətirlər. Ancaq bu cəhdlər yersizdir, mənasızdır, alınan, baş tutan deyil.
Azərbaycan bu gün nəinki regionun lider dövlətinə çevrilib, həmçinin, dünyanın lider dövlətləri sırasındadır. Hamı artıq Azərbaycanla hesablaşır. İqtisadiyyatda böyük uğurlar var. Birinci Avropa Oyunlarına evsahiliyi etmək, onun yüksək səviyyədə açılışını və lazım olan bütün təşkilati işləri həyata keçirmək, görmək Azərbaycanın nüfuzunu artırmaqda davam edir. Bu baxımdan, həmin mərkəzlərin azğınlıqları dayanmaq bilmir. Düzdür, son dövrlərdə məlum anti-Azərbaycan mərkəzlərin ölkəmizə qarşı apardıqları kampaniyada müəyyən qədər səngimə hiss olunur və bu da ondan ibarətdir ki, dünya artıq Azərbaycana onların gözü ilə baxmır, dünya artıq Azərbaycana reallıqla baxmağa üstünlük verməyə başlayıb. Bu gün onların Azərbaycanla bağlı yaydığı "informasiyalar" sadəcə olaraq ciddiyə alınmır və bunu da həmin mərkəzlər görməkdədirlər". Deputat bildirib ki, biz indi Avropanı Azərbaycandan öyrənməyə çağırmırıq, biz sadəcə, Avropanı Azərbaycanı necə var elə görməyə və elə qiymətləndirməyə çağırırıq:
"Azərbaycan dövlətinin müstəqil siyasəti bu gün regionda stabillik mərkəzi , Azərbaycanın öz vətəndaşlarının problemlərini həll etmək üçün uğurlu bir praktika yaradıb və ümumən götürdükdə dünyada gedən proseslərə öz müsbət töhfəsini verən bir ölkə nümunəsi var. Hesab edirəm ki, Birinci Avropa Oyunları Azərbaycan gerçəkliyinin sadəcə olaraq səhifələrindən biridir. Amma bu səhifə kifayət qədər möhtəşəmdir. Avropa Oyunlarını təşkil etmək çox çətin, çox mürəkkəb və çox məsuliyyətli bir işdir. Azərbaycan təkbaşına bunun öhdəsindən cəmi iki il yarıma gəldi və qarşıda Azərbaycanı daha böyük yarışlar, daha böyük beynəlxalq tədbirlər gözləyir. Həmçinin, Azərbaycan öz getdiyi yolu xaricdə hansısa mərkəzlərin tövsiyəsi və yaxud iradları ilə heç vaxt qurmayıb. Ümumbəşəri dəyərlər, ümumi demokratik qaydalar mövcuddur ki, bunları əsas götürərək, Azərbaycan xalqının milli maraqlarını rəhbər tutaraq, o cümlədən, dövlətin və hökumətin cəmiyyət qarşısında məsuliyyət prinsipini önə çəkərək ölkəmiz öz inkişafını təmin edib və bundan sonra da edəcək. Fikrimcə, bu günlər Azərbaycan özünün reallığı ilə bunu çox bariz şəkildə göstərə bildi".