Vüqar Rəhimzadə: İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər düşünülmüş addımların planlı şəkildə həyata keçirilməsinə əsaslanır Siyasət

Vüqar Rəhimzadə: İşğaldan azad edilmiş ərazilərimizdə görülən işlər düşünülmüş addımların planlı şəkildə həyata keçirilməsinə əsaslanır

“Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş torpaqlarımıza səfərləri cari il çərçivəsində də uğurla davam edir. Ötən il bölgələrə edilən 47 səfərin 32-si işğaldan azad edilmiş ərazilərimizə idi. Hər səfər Böyük Qayıdışın daha da yaxınlaşması deməkdir. Səfər çərçivəsində açılışı olan, yaxud təməlqoyma mərasimi keçirilən sosial obyektlərin say tərkibinə diqqət yetirsək xeyli işlərin görüldüyünü böyük əminliklə deyə bilərik. Təkcə fevralın 13-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri zamanı açılışında və təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin sayına və mahiyyətinə diqqət yetirək. Dövlət başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etdilər. Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoydu. Daha sonra dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldu və buradan görülən işlər barədə fikirlərini və mesajlarını çatdırdı. Prezidentin bölgələrə səfəri zamanı hər bir çıxışı, verdiyi müsahibələr ümumilikdə görülən işlər fonunda gələcək barədə aydın təsəvvür yaratmaqla yanaşı, işğalçı Ermənistana ünvanlanan mesajlarla da zəngin olur.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə də tanış oldular, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində oldular: “Prezident işğaldan azad edilmiş ərazilərimizdə təkmil idarəçilik sisteminin yaradılmasını, bu ərazilərin müasir tələblər səviyyəsində bərpasını qarşıya mühüm vəzifə kimi qoyub. Bu ərazilərdə Prezidentin xüsusi nümayəndəliyinin fəaliyyət göstərməsi də işin səmərəliliyinin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Şəhərlərin Baş planları hazırlanır və ictimaiyyətin müzakirəsinə verilir. Ağdamın Baş planı gələcək barədə aydın təsəvvür yaradır. Bu baxımdan ki, həmin Baş planda şəhərin əvvəlki simasını özünə qaytarmaq üçün müasirliklə qədimliyin sintezinin yaradılmasına xüsusi diqqət yetirilib. Ağdamın yol infrastrukturu yenilənib, təkmilləşib. İşğaldan azad edilmiş ərazilərin malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək üçün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev Ağdam Cümə Məscidinin qarşısından bu çağırışı etdi ki, Azərbaycan investorları işğaldan azad edilmiş ərazilərimizə gəlin, yeni müəssisələrin, iş yerlərinin yaradılmasında fəal iştirak edin. Bu yolla həmin ərazilərin canlandırılması mümkündür. Bu fikir də xüsusi vurğulanır ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühiti mövcuddur. Sahibkarlar bu imkanlardan istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verə bilərlər.”

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin ötən il Ağdama səfəri zamanı Ağdam Sənaye Parkının, budəfəki səfəri zamanı isə bu kompleksdə iki müəssisənin təməlinin qoyulmasına yönəldərək bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir: “Yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye parklarının və məhəllələrinin yaradılması da xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisənin işə başlayacağı bildirilir. İşğaldan azad edilmiş ərazilərin qaz, su, elektrik enerjisi ilə bağlı tələbatları tam ödəniləcək. Ağdamda açılışı olan iki yarımstansiyanı nəzərə alsaq hazırda azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək.”

YAP Xətai rayon təşkilatının sədri görülən işlərin fonunda bildirib ki, tarixi Zəfərə imza atdığımız ilk gündən vaxt itirmədən bərpa və quruculuq işlərinə start verilib və nəticələr göz önündədir: “Bütün maliyyə və texniki imkanlarımız, kadr potensialımız səfərbər edildi. Azərbaycan bu ərazilərdə işləri sıfırdan başlayaraq öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlət başçısı İlham Əliyev ilk gündən bildirdi ki, 44 günük İkinci Qarabağ müharibəsində birliyimiz, həmrəyliyimiz sayəsində necə 30 ilin işğalına son qoyub torpaqlarımızı azad etdik, qısa müddətdə də bu ərazilərdə bərpa və quruculuq işlərini başa çatdırıb soydaşlarımızın Böyük Qayıdışına nail olacağıq. Bütün işlərin təməlində düşünülmüş addımlar və onların planlı şəkildə həyata keçirilməsi dayanır.”

Vüqar Rəhimzadə quruculuq işləri çərçivəsində tarixi və dini abidələrimizin bərpasının prioritetliyini önə çəkərək Heydər Əliyev Fondunun imkanları hesabına bu istiqamətdə gördüyü işlərdən bəhs edib: “Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Bu, fəaliyyətində milli irsimizin qorunmasına və inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir.”

Böyük Qayıdışın yaxınlaşdığını bildirən YAP Xətai rayon təşkilatının sədri artıq Ağdama və Şuşaya avtobus marşrutlarının təşkil edilməsindən danışaraq bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu torpaqları görmək imkanı əldə edir: “Belə səfərlərin təbliğat baxımından da əhəmiyyəti böyükdür. Hər daşı, qayası, küçəsi erməni vəhşiliklərinin şahidi olan bu torpaqlarımızda törədilən vandalizm aktlarını görən hər kəs Azərbaycanın illərdir necə vəhşi ilə üz-üzə dayandığının şahidi olur. Ermənilər məscidlərimizdə donuz saxlamaqla təkcə Azərbaycan xalqını deyil, bütün müsəlman aləmini təhqir ediblər. Amma bu kimi məsələlər gündəmə gətiriləndə dünya yenə də susmağında davam edir. 44 gündə dünyaya ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu qəbul etdirən Azərbaycan bu prinsiplərə söykənərək ermənilərin indiyədək törətdikləri cinayətlərin öz layiqli cəzasını alacağına nail olacaq. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə sülh müqaviləsinin imzalanmasının təklif olunması ilə yanaşı, “Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır” çağırışı da özündə bu əminliyi ehtiva edir.”