Rafael Hüseynov AŞPA-da təklif verib Siyasət

Rafael Hüseynov AŞPA-da təklif verib

"Strasburqda "Avropa jurnalistikası" adlı bir elektron jurnalın buraxılışına başlamaq olar"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında kütləvi informasiya vasitələri və internetin aktual məsələləri ilə bağlı iki məruzənin müştərək müzakirələri keçirilib.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmizdə mətbuatın inkişafı ilə əlaqədar əldə edilmiş uğurları diqqətə çatdırdıqdan sonra mətbuatın bir çox problemlərinin uzunömürlü olması, sadəcə, zamana görə şəklini dəyişməsi məqamına diqqət yönəldərək deyib ki, dünya dəyişir, amma artıq lap çoxdan həyatımızın vacib, ayrılmaz bir hissəsinə çevrilmiş mətbuatın yerinə yetirməli olduğu ali vəzifə və prinsiplər olduğu kimi qalır.
Onun dediyinə görə, bu da həqiqətə xidmət etmək, doğruçu, insaflı, ədalətli, obyektiv olmaq, mənəvi dəyərlərə sadiq qalmaqdan ibarətdir:"...Mənim ölkəm Azərbaycan bir ay sonra özünün ən əlamətdar bayramlarından birini qeyd edəcək. Düz 140 il əvvəl iyulun 22-də Azərbaycanın ilk qəzeti nəşr edilib və həmin tarix indi bizdə hər il mətbuat günü kimi bayram edilir. Üstəlik bu il həm də yubiley ilidir və həmin nəşri indi vərəqləyərkən bugünlə səsləşən bir sıra ibrətli məsələlərlə qarşılaşırsan.
Həm də 140 il əvvəlki olmuşlarla bu gün heyrətli şəkildə yaxın görünən məsələlərin böyük qismi daim haqqında fikir mübadilələri apardığımız ifadə azadlığı, müxtəlif növ senzuralar, siyasi və mənəvi qadağalar, peşəkarlıq problemləri, jurnalistin təhlükəsizliyi kimi istiqamətlərlə əlaqədardır".
O, bildirib ki, mətbuat bir sıra ölkələrdə həm rəsmi siyasi dairələrin, həm böyük iqtisadi gücə malik çevrələrin, eləcə də məsələlərə öz baxışı olan kütlənin açıq təzahür edən və aşkarda görünməyən senzurası ilə üz-üzədir:"Bunlara etinasızlıq qalmağınsa mümkünsüzdür. Çünki dərhal o tərəflərin hər birinin reaksiyalarını bilavasitə hiss edəcəksən. Həsən bəy Zərdabi 140 il əvvəl haqqında yazılan təhqiramiz ifadələri bir daşın üzərində həkk edərək yol kənarında qoymağı məsləhət bilirdi ki, gələcək nəsillərə görk olsun, onlar babaların hansı çətinliklər çəkdiyini görsünlər və özləri belə hallarla qarşılaşmasınlar.
O təzyiqlərə imza atan babaların nəvələri və nəticələri bu gün yenə qələm sahibi olan başqa babaların nəvə-nəticələrinə qarşı eyni əməlləri törətməkdə davam edirlər.
Təəssüf ki, dünyanın hər yerində. Bir yerdə az, bir yerdə çox. Amma hər yerdə!".
R. Hüseynov assambleya üzvlərinin diqqətini cəlb edən maraqlı bir təklif də irəli sürərək bildirib ki, bu günün şərtləri və texnoloji imkanları çərçivəsində jurnalisti və jurnalistikanı qorumağın yollarından biri kimi peşə həmrəyliyini artırmağı, bütün dünyada olmasa da, heç olmazsa, Avropada bu qəbildən olan hər hadisəyə dərhal reaksiya verməyi, həmrəylik nümayiş etdirməyi zəruri sayır: "Bunun həlli üçün Avropa Şurası bir gərəkli işi gerçəkləşdirə bilər. Avropa Şurası Nazirlər komitəsi və Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin təşkilatçılığı ilə burada – Avropanın pəmzi paytaxtlarından olan Strasburqda "Avropa jurnalistikası" adlı bir elektron jurnalın buraxılışına başlamaq olar. Bu elektron nəşr ölkələrimizin jurlnalistika həyatının problemləri ilə bağlı əyani və qiyabi müzakirələrin keçirilməsi üçün də əlverişli körpü ola bilərdi".