“Azərbaycan haqqında dezinformasiyalar yayan erməni lobbisi hər zamanki kimi feyk kampaniyalarını davam etdirirlər” Layihə

“Azərbaycan haqqında dezinformasiyalar yayan erməni lobbisi hər zamanki kimi feyk kampaniyalarını davam etdirirlər”

Fuad Hüseynzadə: “Beynəlxalq birlik erməni yalanlarını və vandalizmini görməli və öz etirazını bildirməlidir”

Amerikanın Erməni Milli Komitəsinin (ANCA) rəhbərliyi ilə beynəlxalq aləmdə Azərbaycanı təzavüzkar ölkə kimi göstərməyə çalışırlar. Erməni lobbisi sentyabrın 13-də çevik şəkildə öncə dünyanın tanınmış media orqanlarına dezinformasiyalar sızdırdılar. Eyni zamanda erməni lobbisi bu qarayaxma kampaniyalarını sosial şəbəkə üzərindən də aktiv şəkildə aparırlar. Ermənilər son zamanlar Azərbaycan hərbiçilərinin döyüş səhnələrindən ibarət feyk videolar hazırlayıb ölkəmizə qarşı anti-təbliğat edirlər

“Hazırda Yer kürəsinin bir çox regionlarında münaqişələr baş verir. Nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, yaşayış və xidmət obyektlərinə ziyan vurulur. Əfsuslar olsun ki, ötən il 44 günlük Vətən müharibəsində Ermənistan yenə də Azərbaycanda mülki şəxləri, uşaqları qətlə yetirməkdə davam etdi. Ermənistan bu təcavüzkar siyasəti və anti-humanist hərəkətləri ilə beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini növbəti dəfə sübut etdi”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Diasporun Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə səsləndirib. F.Hüseynzadə diqqətə çatdırıb ki, rəşadətli Azərbaycan ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən Ermənistan 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozdu: “Ermənistan Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alaraq döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini intensiv atəşə tuturdu. Bütün bunlar dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə baş verib. Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan və xəsarət alan mülki şəxslərin, eləcə də infrastruktura dəyən ziyanın statistikasını açıqlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb.

Vurğulanıb ki, Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb. Həmçinin, qeyd olunub ki, 27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistanın bu terrorçu əməllərinin əkisinə olaraq Azərbaycan ordusu müharibə zamanı mülki əhalini heç zaman atəşə tutmurdu. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi rəsmi surətdə bəyanat verdi ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır. Hətta Azərbaycan Ordusu işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırış etdi”.

Təşkilat rəhbəri əlavə edib ki, ermənilər tərəfindən zaman-zaman azərbaycanlılara qarşı qətliamlar edilib: “Xüsusən 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində, əsasən də Bakıda erməni daşnakları xalqımıza qarşı soyqırımı törədilib. Erməni silahlı dəstələri azərbaycanlıları qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərsini soyur, lüt kürəklərinə qaynar samovar bağlayır, hamilə qadınların qarnını yarıb körpələri nizəyə keçirirdilər. Rəsmi mənbələrə əsasən bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşüb. Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçiləri Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürdülər. 1994-cü illər ərzində xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Ermənilər qondarma Dağlıq Qarabağ problemini ortaya atmaqla azərbaycanlılara qarşı kütləvi şəkildə qırğınlar törədib şəhər və kəndlərimizi, maddi-mədəniyyət abidələrimizi dağıtdılar. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Eyni zamanda, işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib. Təcəvüzkar müharibə nəticəsində 20 min nəfər soydaşımız şəhid oldu, 50 min nəfərdən artıq vətəndaşımız yaralandı, minlərlə yaşayış məntəqəsi dağıdılıb, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Atəşkəs dövründə belə, ermənilərin Azərbaycanda mülki əhalini, o cümlədən uşaqları qətlə yetirməsi faktları qeydə alınıb.

Göründüyü kimi, Vətən müharibəsində Ermənistanın mülki əhalini hədəfə alması heç də təsadüfi deyil. Bununla ermənilər bir daha dünyaya tarixi, ənənəvi təcavüzkarlıqlarını nümayiş etdirdilər. Nəzərə çatdıraq ki, sentyabrın 27-dən etibarən Ermənistanın cəbhə bölgəsində törətdikləri təxribatlar, mülki şəxslərin atəşə tutulmasına beynəlxalq birliyin lazımi reaksiyaları olmayıb”.

F.Hüseynzadə həmçinin bildirib ki, bu azmış kimi hər zaman erməni lobbisi dünyada özlərini məzlum millət kimi göstərib haqlı çıxarmaq istəyirlər: “Ermənistanın Azərbaycanla sərhəddə 13 sentyabr təxribatlarından sonra dünya erməni lobbisi anti-Azərbaycan fəaliyyətini daha da fəallaşıdırıb. Azərbaycan haqqında dezinformasiyalar yayan erməni lobbisi hər zamanki kimi Amerikanın Erməni Milli Komitəsinin (ANCA) rəhbərliyi ilə beynəlxalq aləmdə Azərbaycanı təzavüzkar ölkə kimi göstərməyə çalışırlar. Erməni lobbisi sentyabrın 13-də çevik şəkildə öncə dünyanın tanınmış media orqanlarına dezinformasiyalar sızdırdılar. Eyni zamanda erməni lobbisi bu qarayaxma kampaniyalarını sosial şəbəkə üzərindən də aktiv şəkildə aparırlar. Ermənilər son zamanlar Azərbaycan hərbiçilərinin döyüş səhnələrindən ibarət feyk videolar hazırlayıb ölkəmizə qarşı anti-təbliğat edirlər. Güya Azərbaycan hərbiçiləri erməni əsirlərinə atəş açır. Hansı ki, yaxın məsəfadən belə kütləvi atəşin açılması mümkün deyil. Əks təqdirdə, güllə əsgərlərin özünə qayıdıb dəyə bilər. Bu da videonun fake olmasının əsas sübutlarından biridir. Belə feyk videolarla ermənilər dünya əhalisini aldada bilməzlər. Bu vaxta kimi erməni vəhşiliklərini nümayiş etdirən elə özləri tərəfindən yüzlərlə videolar çəkilib. Erməni silahlıları artıq o dərcədə vəhşiləşib ki, meyitləri belə, təhqir etməkdən çəkinmir və bunu videoçəkiliş apararaq paylaşırlar. Bu, bütün beynəlxalq konvensiyalara və müharibə aparmaq qaydalarına ziddir. İnsanlıq prinsiplərinin kobud şəkildə pozulmasıdır. Nə qədər çalışalara da ermənilər özlərinin vandal hərəkətlərini ört-basdır edə bilməzlər. Beynəlxalq birlik erməni yalanlarını və vandalizmini görməli və öz etirazını bildirməlidir.

Bu məsələlərlə bağlı media ilə yanaşı Azərbaycan diasporu da aktivlik nümayiş etdirməli və erməni yalanları və vəhşiliyi ilə bağlı xarici media ilə sıx işləməlidirlər”.

Əli Zülfüqaroğlu