Qarabağda irimiqyaslı infrastruktr layihələri icra olunur Layihə

Qarabağda irimiqyaslı infrastruktr layihələri icra olunur

“2022-ci il noyabrın 16-da Ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı ilə bağlı məsələlər, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri öz əksini tapıb.
Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.
Artıq iki ildən çoxdur ki, dövlət öz iqtisadi qüdrəti hesabına işğaldan azad edilən ərazilərimizdə möhtəşəm layihələr reallaşdırır. Yeni yolların, körpülərin, tunellərin, sosial-iqtisadi obyektlərin, yaşayış yerləri və müxtəlif digər infrastrukturların inşası sürətlə davam etdirilir.
Azərbaycan dövləti böyük qələbədən sonra soydaşlarımızın öz tarixi yurdlarına qayıdışı üçün geniş miqyaslı tikinti, quruculuq və abadlıq işlərini həyata keçirməkdədir. “Böyük Qayıdış”ın reallaşdırılması üçün işğaldan azad edilmiş ərazilərimizdə dövlətimizin öz imkanları ilə hazırda böyük layihələr həyata keçirilməkdədir. Xüsusilə burada “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyalarının reallaşdırılması istiqamətində artıq bir sıra işlər görülür. Belə ki, Zəngilan rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi artıq yekunlaşmışdır. Əminik ki, “Ağıllı kənd” layihəsi çərçivəsində texnologiyaların tətbiqi nəticəsində həmin ərazilərdə sosial innovasiyaların, kiçik sahibkarlığın inkişafına şərait yaradılacaq və Qarabağ regionu texnoloji mərkəz kimi cəlbediciliyini artıracaqdır.
Xatırladaq ki, “Böyük Qayıdış”a dair Dövlət Proqramına əsasən azad edilmiş ərazilərdə həmçinin “yaşıl enerji” zonası yaradılacaq və həmin ərazilərdə “ağıllı” istehlak sistemlərinin tətbiqi Qarabağda yeni həyat standartının formalaşmasına imkan verəcəkdir. Bununla yanaşı, “ağıllı kənd”lərdə su ehtiyatlarına qənaət edilməsi məsələsi də diqqət mərkəzində olacaq. Belə ki, belə kəndlərdə “ağıllı” suvarma sistemləri, su sızıntısı, su keyfiyyəti və istehlakının izlənməsi kimi tətbiqetmələr su istehlakını arzuolunan səviyyədə saxlamağa imkan yaradacaqdır.
Mövzu ilə bağlı YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşıyev “Xalq Cəbhəsi”nə deyib ki, 30 ilə yaxın işğal altında olan tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən iki ildən artıq müddətin keçməsinə baxmayaraq azad edilmiş ərazilərimizdə quruculuq işləri planlı şəkildə aparılmaqdadır. Qeyd etməliyik ki, erməni vandalizmi nəticəsində viran edilmiş şəhər və kəndlərimizdə soydaşlarımızın öz tarixi yurdlarına qayıtması üçün dövlətimiz tərəfindən geniş miqyaslı işlər görülür. İşğaldan azad edilmiş ərazilərimizə “Böyük qayıdış”ı reallaşdırmaq məqsədilə qəbul edilmiş I Dövlət Proqramına uyğun olaraq hazırda bu ərazilərdə böyük infrastruktur layihələri icra edilir. Ən müasir tələblərə cavab verən nəqliyyat yolları, körpülər, tunellər, hava limanları, yaşayış binaları inşa edilir və qaz, su, işıq təminatı ilə bağlı işlər görülür. Xüsusi olaraq qeyd etməliyik ki, biz işğaldan azad edilmiş Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Beş şəhərin Baş planı artıq təsdiqlənmiş və yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilmişdir. Hazırda yaşayış məntəqələrimiz olan kəndlər və şəhərlərimiz yenidən qurulur, burada müasir tələblərə cavab verən binalar tikilir. Bundan əlavə olaraq bildiririk ki, dövlətimiz tərəfindən tarixi mədəni irsimizin qorunması istiqamətində də ardıcıl işlər aparılır. Belə ki, erməni barbarları tərəfindən dağıdılmış tarixi-dini və mədəni abidələrimiz bərpa edilməkdədir: “Böyük qürur hissi ilə qeyd etməliyik ki, bütün bu genişmiqyaslı işlərin həyata keçirilməsi Azərbaycan dövlətinin vəsaiti hesabına icra edilir və biz bu məqsədlə heç bir dövlətdən borc və ya yardım almamışıq. Tikinti bərpa işlərinin başa çatmasından sonra bu ərazilərimiz nəinki Azərbaycan üçün, bütün dünya üçün nümunəvi bölgə olacaqdır. Sevindirici haldır ki, cari ilin II yarısından etibarən “Böyük Qayıdış”ın ilkin mərhələsi reallığa çevrilmiş və öz doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşmüş sakinlərimizin bir hissəsi müasir tələblər səviyyəsində yenidən qurulmuş Zəngilanın Ağalı kəndinə köçürülmüşdür. Xüsusi olaraq qeyd etməliyik ki, doğma yurdlarına qayıdan soydaşlarımızın yaşayışını yüksək səviyyədə təşkil etmək “Böyük Qayıdı”a dair Dövlət Proqramının prioritet istiqamətlərindən biridir. Bu məqsədlə həyata keçirilən infrastruktur layihələrinin yeganə məqsədi insanlarımızın öz doğma yurdlarında daha yaxşı yaşamasını təmin etməkdir. Dövlət Proqramına uyğun olaraq eyni zamanda işğaldan azad edilmiş ərazilərdə insanlarımızın davamlı məşğuliyyətini təmin etmək üçün yeni iş yerlərinin yaradılması istiqamətində də bir sıra işlər görülməkdədir. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində daimi iş yerləri yaradılır. Xüsusilə bölgənin turizm potensialını, təbiətini, tarixi abidələrini nəzərə aldıqda burada tikilən yeni otellər nəticəsində yeni iş yerlərinin yaradılması ilə yanaşı eyni zamanda bölgə cazibə mərkəzinə çevriləcəkdir. Bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri Azərbaycan dövlətinin gücünü, ölkə rəhbərliyinin siyasi iradəsini və xalqımızın əzmini, öz torpaqlarına bağlılığını bir daha bütün dünyaya nümayiş etdirir. Azərbaycan xalqı həyata keçirilən bütün işləri yüksək qiymətləndirir və ölkə başçımızın uğurlu daxili və xarici siyasətini güclü şəkildə dəstəkləyir. İnanırıq ki, yaxın gələcəkdə aparılan bərpa və quruculuq işləri yekunlaşacaq və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın doğma yurdlarına qayıtması nəticəsində “Böyük Qayıdış” reallığa çevriləcəkdir”.
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru Rəşad Rəhmanov isə qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbə nəticəsində artıq regionda yeni reallıqlar yaranıb. Eyni zamanda qeyd etməliyik ki, ölkəmiz artıq yeni çağırışlarla üz-üzədir. İşğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, doğma torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüş insanların geri qaytarılması, eyni zamanda onlar üçün daha yaxşı şəraitin yaradılması “Böyük Qayıdış”a dair Dövlət Proqramının başlıca vəzifəsidir. Cənab Prezidentin də dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dövlətinin milli ideyası Qarabağı və Şərqi Zəngəzuru yenidən qurmaq və keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qovuşdurmaqdır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın icrası istiqamətində mühüm addımlar atılmaqdadır. Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş milli prioritetindən biri kimi müəyyən olunub: “Ötən iki il müddətində “Böyük Qayıdış”ın reallaşması üçün dövlətimiz tərəfindən bir sıra uğurlu layihələr icra edilməkdədir. Belə ki, İşğaldan azad edilmiş ərazilərdə irimiqyaslı infrastruktur layihələri icra olunur. Füzuli Beynəlxalq Hava Limanı cəmi səkkiz ay ərzində tikilib. Cari il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. 2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin avtomobil və dəmir yollarının müasir tələblər səviyyəsində yenidən qurulması məqsədilə əhəmiyyətli işlər görülür. Həmçinin bölgənin elektrik, qaz və su təminatı ilə bağlı mühüm layihələr icra edilməkdədir. Azərbaycan dövlətinin daxili imkanları hesabına bölgədə qısa zamanda nəhəng uğurlar əldə edilmişdir”.
Xüsusi olaraq qeyd etməliyik ki, Dövlət Proqramının strateji məqsədlərindən biri də əhalinin dayanıqlı məskunlaşması və ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilib. Ərazilərdə təhlükəsiz yaşayışı və dövlət idarəetməsini təşkil etmək, şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisini və dayanıqlı infrastrukturla təminatını həyata keçirmək, müasir standartlara uyğun xidmətlərin yaradılmasını təmin etmək, ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək nəzərdə tutulur. Həmçinin əhalinin məşğulluq imkanlarını artırmaq, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əlçatanlığı, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək, sahibkarlıq mühitinin əlverişliliyini artırmaq və biznes fəaliyyətinin inkişafına dəstək vermək, ərazilərin kənd təsərrüfatı potensialından səmərəli istifadə olunması üçün müasir suvarma infrastrukturu formalaşdırmaq kimi məsələlər sənəddə öz əksini tapıb: “Göründüyü kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazandığımız qələbə Qarabağ və Şərqi Zəngəzurda quruculuq zəfəri ilə davam edir. İnanırıq ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində məcburi köçkünlərimiz doğma el-obalarına qayıdacaq və xalqımızın arzuları reallığa çevriləcəkdir”.
Cavid