“Erməni lobbisinin yalanlarına qarşı koordinasiyalı fəaliyyətə ehtiyac var” Layihə

“Erməni lobbisinin yalanlarına qarşı koordinasiyalı fəaliyyətə ehtiyac var”

Azərbaycan 44 günlük savaş və ondan sonrakı dövr ərzində tarixi torpaqlarını işğalçılardan təmizləyib. Hərb meydanında olduğu kimi diplomatiya və informasiya savaşında da qələbə qazanıb. Amma erməni lobbisi dünya mediasında dezinformasiyalar yaymaqda davam edirlər və beynəlxalq ictimaiyyəti aldadırlar.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Xalq Cəbhəsi”nə bildirib ki, bu gün Ermənistan tarixə qovuşmuş Qarabağ münaqişəsini “etnik münaqişə” kimi davam etdirməyə cəhd edir. Onun sözlərinə görə, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə aparması heç də uzaq tarixi keçmiş deyil: “Bu hərbi cinayətləri tutarlı tarixi faktlar təsdiq edir. Ayrıca, istər Qərbi Azərbaycanda, istərsə də Qarabağda etnik təmizləməyə məruz qalan şahid qismində minlərlə soydaşımız var. Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunlarda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə siyasəti apardığını gündəmə gətirib. Yəni Ermənistan nə qədər cəhdlər etsə də üzərindəki bu tarixi ləkəni silə bilməz”.

Təşkilat sədri əlavə edib ki, əslində, bununla rəsmi İrəvan normallaşma prosesinin məcrasını dəyişməyə çalışır: “Ermənistan hökuməti dəfələrlə danışıqların formatını dəyişdirməyə cəhdlər edib. Hələ 44 günlük Vətən müharibəsindən əvvəl də bu addımlar atılıb. Müharibədə məğlub olduqdan sonra Ermənistan Üçtərəfli bəyanat imzalayaraq üzərinə öhdəliklər götürüb. İndi bu öhdəlikləri yerinə yetirməyə siyasi iradəsi çatmayan Ermənistanın baş naziri Nikol Paşinyan son zamanlar Azərbaycana qarşı avantürsit çıxışlar edir. Son olaraq Nikol Paşinyan aprelin 29-da ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığında Azərbaycan tərəfinin Laçın dəhlizində atdığı addımları “etnik təmizləmə” kimi qələmə verməyə çalışıb. Onu da deyək ki, Paşinyan bundan bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə də telefon danışığında bu kimi uydurma iddialar səsləndirib”.

F.Hüseynzadə əlavə edib ki, ümumiyyətlə, dünya erməni lobbisi hazırda Azərbaycana qarşı bu yöndə sərəsəm iddialarla çıxışlar edirlər. Onun sözlərinə görə, xüsusilə də Amerika Erməniləri Milli Komitəsi (ANCA) beynəlxalq aləmi aldadaraq Laçın-Xankəndi yolunda ekofəalların etiraz aksiyasını ermənilərin “blokada”sı kimi təqdim edir: “Bu baxımdam erməni lobbisinə əsasən ABŞ və Böyük Britaniya parlamentariləri dəstək verirlər. Hətta bununla bağlı bir neçə dəfə bu ölkələrin deputatları uydurma bəyanatlar da yayıblar.

Son zamanlar ermənilər tərəfindən separatçı və təxribat xarakterli addımların atılması müşahidə olunur. Əlbəttə ki, bunun səbəbi məlumdur. Ötən ilin dekabrından Laçın-Xankəndi yolunun sonunda etiraz aksiyaının keçirilməsi, aperlin 23-də isə elə eyni yolun başlanğıcında Azərbaycan tərəfindən sərhəd-nəzarət buraxılış məntəqəsinin qurulması ermənilərdə belə aqressiya yaradıb. Bununla Azərbaycan Qarabağda qanusuz daşımaların və giriş-çıxışın, eləcə də separatçılığın qarşısını almış olacaq. Azərbaycan Qarabağa necə sahibləndiyini və burada söz sahibi olduğunu bir daha sübut etdi.

Ermənistandan isə tələb olunan dialoq və sülhə gəlməkdir. Yəni bu məsələ Ermənistan rəhbərliyi ilə dəfələrlə müzakirə edilib. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanla arasında sülh müqaviləsi imzalamaq üçün beş prinsipi təklif edib. Ermənistan təkliflərlə bağlı tam razılığını bildirsə də, sonradan öz havadarlarının dediyini edərək razılaşmaları pozur. Paşinyan hələ də anlamır ki, bu məsələnin həll yolu yalnız Azərbaycan və Ermənistan arasında anlşamadan sonra mümkündür. Başqa foramada bunun həlli yolunu tapmaq mümkün deyil. Yalnız bu istiqamətdə aparılan danışıqlar sülh sazişinin bağlanmasına imkan verəcək”.

F.Hüseynzadə deyib ki, erməni lobbisinin Azərbaycana qarşı fəaliyyəti təkcə bu məsələ ilə məhdudlaşmır. O, bildirib ki, zaman-zaman bu istiqamətdə fəaliyyətin şahidi olmuşuq: “Bu isə dünya mətbuatında Azərbaycan və Türkiyəyə qarşı daha intensiz şəkildə yalan kampaniyasının şahidi oluruq”.

Təşkilat rəhbəri bildirib ki, erməni lobbisinin türklərə qarşı düşmənçilik üzərində qurulan ideologiysı Ermənistan dövlətini daim təzyiq altında saxlayır və belə davam edərsə, İrəvanı getdikcə uçuruma yuvarlanacaq: “Onlar iki əsrdən çox Azərbaycan və Türkiyədə müxtəlif vaxtlarda terror aktları və soyqırımları törədiblər. Amma dünyada özlərini məzlum millət kimi göstəriblər. Hətta bir çox dövlətləri türklərin onları soyqırımına məruz qoyduqlarına inandırıblar. Bu baxımdan, bütün türk dünyası erməni yalanlarının ifşası üçün çalışmalıdır. Ermənilər öz hüquq və mənafelərini gücləndirmək məqsədilə milli təşkilatlanma prosesini də həyata keçiriblər. Bu təşkilatlanmada ictimai dərnək və cəmiyyətlərin təcrübəsi əsasında erməni milli təşkilatları və partiyaları yaradılıb. Bunlardan 1860-cı ildə Erməni Fədakar Cəmiyyəti, 1880-ci ildə Gənc Ermənistan Cəmiyyəti, 1885-ci ildə Armenakan Komitəsi, 1887-ci ildə Qnçaq Təşkilatı (bu təşkilatın Nizamnaməsinin 4-cü bəndində “məqsədə çatmaq üçün terror və dağıdıcılıq fəaliyyəti” nəzərdə tutulur), 1890-cı ildə Daşnaksütyun və 1907-ci ildə yaradılmış Ramqavar partiyalarını qeyd edə bilərik. Bu təşkilatlar erməni milli təşkilatlarının məram və nizamnaməsini hazırlayan quruluşlar olublar. Əsas məqsədləri “Dənizdən-dənizə böyük Ermənistan” sərsəm xülyasından ibarət olub. Ermənilər öz məkrli məqsədlərinə çatmaq üçün hər vasitəyə əl atmaqdan çəkinmir, bütün fəaliyyətlərini ancaq bu partiyaların proqramına uyğun, yəni türk millətini məhv etməklə “böyük Ermənistan” yaratmaq ideyası üzərində qurmuşdular.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, qırğınlar və soyqırımları 70 il unudulub. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdikdən sonra, artıq bu yalanların üstünü örtən pərdələr götürüldü. Elə bu zamanlar ermənilər növbəti torpaq iddiaları irəli sürərək hegemon dövlətlərin köməyi ilə Dağlıq Qarabağı və ona bitişik 7 rayonumuzu işğal etmişdilər”.

“Biz, 44 günlük savaşda qalib gəlsək və torpaqlarımızı işğaldan azad etsək də arxayınlaşmamalı, xüsusilə də beynəlxalq platformalarda və mediada güclənməliyik”,- deyən F.Hüseynzadə bildirib ki, yalnız təşkilatlanmış formada fəaliyyət effektiv olacaq: “Məsələn bununla bağlı bir nümunə gətirmək istəyirəm. Erməni lobbisi ötən ilin dekabrın 12-də Laçın-Xankəndi yolunda Azərbaycanın faydalı qazıntılarının qanunsuz istismarına qarşı ekofəalların və QHT nümayəndələrinin etiraz aksiyası ilə bağlı qarayaxma kampaniyasını davam etdirsə də bu heç bir nəticə vermədi və aksiya uğurla yekunlaşdı. Hətta bu kampaniyaya müxtəlif ölkələri, eləcə də beynəlxalq təşkilatları da cəlb etmişdilər. Məsələn yanvarın 18-də Avropa Partlamentinin, yanvarın 21-də isə Niderland Parlamentinin Azərbaycanın əleyhinə növbəti ermənipərəst qətnamə qəbul etmələri bu kampaniyanın tərkib hissəsidir. Çünki qətnamələrin qəbul edilməsindən əvvəl erməni icma strukturları Avropa Parlamentinin və Niderland parlamentinin binası qarşısında günlərlə sükut aksiyası keçirmişdilər. Eyni zamanda erməni lobbisi Haaqada Beynəlxalq Ədalət Məhkəməsi qarşısında da aksiya keçirərək Laçın-Xankəndi yolundakı aksiyaya “kommunal böhran” donu geyindirməyə çalışırdı. Aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunduğunu iddia edirdi. Ümid edirdilər ki, Ermənistanın bununla bağlı Beynəlxalq Ədalət Məhkəməsinə etdiyi müraciətə müsbət cavab alacaqlar.

Ermənistanın bu qondarma müraciətinə qarşı Niderlanddakı soydaşlarımız yanvarın 30-dan başlayaraq Haqqa Məhkəməsi qarşısında 3 günlük etiraz aksiyası keçirdilər. Fevralın 23-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın bu iddiasını qəbul etmədi. Əslində, bununla Ermənistanın və hesabına yaşadığı erməni lobbisinin növbəti yalanı və saxtakarlığı üzə çıxdı. Göründüyü kimi, Ermənistanın əsassız tələbi rədd edilib. Erməni lobbisi də məyus duruma düşüb. Bu o deməkdir ki, artıq dünya Azərbaycan həqiqətlərini qəbul edir. Azərbaycan xalqının qətiyyəti və yaxşı təşkilatlanmanın nəticəsi idi ki, aksiya uğurla yekunlaşdı.

Hesab edirəm ki, bu cür uğurla proseslərin sayı çox olmalıdır. Xüsusilə də dünya mətbuatında erməni lobbisinin yalanlarına qarşı koordinasiyalı fəaliyyətə ehtiyac var”.

Əli