“Hər bir terorrçu Azərbaycan qanunları qarşısında cavab verəcək” Layihə

“Hər bir terorrçu Azərbaycan qanunları qarşısında cavab verəcək”

Musa Qasımlı: “Bu, “humanitar yardım teatrı” oynayan ölkələrə də bir işarədir”

Ermənilərin terrorçu və qatı cinayətkar Vaqif Xaçatryanın həbsi ilə bağlı başlatdıqları şou davam edir. Onlar bu həbsi beynəlxalq ictimaiyyətə “girov” kimi təqdim edirlər. Halbuki Xaçatryan yüzlərlə azərbaycanlının qətlində birbaşa iştirak edib, insanlıq əleyhinə cinayətlər törədib. O, Meşəlidə azərbaycanlılara qarşı həyata keçirdiyi xüsusi işgəncə metodları ilə yadda qalıb. Bu səbəbdən də Azərbaycan qanunlarına uyğun olaraq həbs edilib. Bəzi beynəlxalq təşkilatların terrorçunun azad edilməsi ilə bağlı çağırışı Azərbaycanda təbii olaraq hiddətlə qarşılanıb, xüsusuilə Meşəli soyqırımı qurbanları buna sərt etirazlarını bildirib və

beynəlxalq ictimaiyyətə müraciət üvanlayıblar. Müraciətdə deyilir: "Biz – 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçaturyanı yaxşı tanıyırıq. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların qanına batıb.

32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki, məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.

Amma müharibə cinayətkarı Vaqif Xaçaturyan ələ keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!

Meşəlidə bizə vurulan yaralar hələ də sağalmayıb, biz illərdir ki, bu müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin düşmüşük.

Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif Xaçaturyan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda – Azərbaycan məhkəmələrində cavab versin.

Biz bu ədalət anını onillərdir gözləmişik, bu, çəkdiyimiz iztirablardan, itirdiyimiz doğmalardan, əzizlərdən sonra bizə qalan təsəlli yeridir. Biz illərdir ki, bu günün həsrəti ilə yaşamışıq, bir gün də olsun inamımızı, ümidimizi itirməmişik”.

Sənəddə həmçinin əlavə olunur: “Müharibə cinayətkarı Vaqif Xaçaturyanı yüksək peşəkarlıqla aşkar edərək saxlayan sərhədçilərimizi, Azərbaycan hüquq mühafizə orqanlarında xidmət edən övladlarımızı bağrımıza basırıq, onları alqışlarıyıq, onlara eşq olsun deyirik: “32 ildir ki, bizim çağırışlarımıza məhəl qoyulmayıb, bu müharibə cinayətkarlarının heç biri Azərbaycana təhvil verilməyib.

Onlara bəraət qazandırmağa, azad etməyə çalışanlar əmin olsunlar ki, bunların heç bir faydası olmayacaq. Bütün müharibə cinayətkarlarını Xaçaturyanın aqibəti gözləyir.

Onlar 1991-ci ildə düşünürdülər ki, törətdikləri əməllər cəzasız qalacaq, bizi yiyəsiz, sahibsiz görmüşdülər. Bu gün Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, onun Müzəffər Ali Baş Komandanı var! Biz Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişik!

Qarabağda gizlənən bütün müharibə cinayətkarları, Xocalı soyqırımını törədən qatillər yaxşı eşitsin ki, daha heç nə əvvəlki kimi olmayacaq. Onlar cavab verəcəklər!

Vaqif Xaçaturyanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidir. Onlardan soruşuruq: bəs bizim haqq və hüquqlarımız nə vaxt müdafiə edəcəksiniz? Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə sığan yanaşma deyildir.

Vaxtında Meşəli soyqırımı ilə əlaqədar baş verənlərə beynəlxalq reaksiya verilsəydi, zəruri tədbirlər görülsə idi, eyni hallar Qaradağlıda, Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və daha neçə-neçə Azərbaycanın yaşayış məntəqələrində təkrar olunmazdı.

Bu cinayətlərin qarşısında susqunluq Ermənistan hakimiyyətini işğalı genişləndirməyə, yeni kütləvi qırğınlar törətməyə həvəsləndirmiş oldu.

Təəssüf edirik ki, ermənilər Azərbaycanın göstərdiyi xoş məram müqabilində Beynəlxalq Qızıl Xaç Komitəsinin tibbi evakuasiyasından da sui-istifadə edirlər, bundan həm qaçaqmalçılıq, həm də Xaçaturyan kimi cinayətkarların qaçması üçün faydalanmağa çalışırlar.

Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna qarşıdır.

İkinci Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırıbsa, insanlıq əleyhinə cinayətlər törətmiş erməni faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nəsə axtarmağa dəyməz.

Xaçaturyanı qanun qarşısında cavab verməyə məhkum edən tədbirlərin Qarabağda yaşayan dinc erməni əhalisi ilə heç bir əlaqəsi yoxdur. Biz - Meşəli sakinləri Xocalıya - doğma evlərimizə qayıdacağımız günü də səbirsizliklə gözləyirik. Bizim Xaçaturyan kimilərdən fərqli olaraq, dinc insanlarla heç vaxt düşmənçiliyimiz olmayıb.

Biz – bu qədər ağır faciə yaşamış Meşəli sakinləri yenə də müdriklik göstəririk, bundan sonra sülh içərisində yaşamaq istəyirik, orada ermənilərlə yanaşı yaşamağımızda da problem görmürük, amma müharibə cinayətkarlarının qanun qarşısında cəzalandırılması etnik barışığın vacib şərtidir. Təəssüflər olsun ki, 44 günlük müharibədən sonra da Ermənistan bu müharibə cinayətkarlarının cəzalandırılması üçün heç bir addım atmadı.

Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur”.

Millət vəkili Musa Qasımlı isə bildirib ki, əli Azərbaycan vətəndaşlarının qanına batmış hər bir terorrçu Azərbaycan qanunları qarşısında cavab verəcək: “Baş Prokurorluğun Mətbuat Xidmətinin Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Xaçaturyan Vaqif Çerkezoviçin xəstəlik adı altında Beynəlxalq Qırmızı Xaç Komitəsinin pərdəsi altında Azərbaycandan qaçmaq istəyərkən Laçın sərhəd nəzarət- buraxılış məntəqəsində yaxalanması barədə xəbərini oxuyanda cənab Prezident İlham Əliyevin bir neçə il əvvəl Nikol Paşinyana dediyi sözlər yadıma düşdü. Dövlət başçımız söyləmişdi ki, siz Azərbaycan xalqını hələ yaxşı tanımırsınız, gəlin, məsələni dinc yolla həll edək, sonra sizin üçün yaxşı olmayacaq. Paşinyan sözə baxmadı və nəticəsi də məlumdur. Laçından gələn bu əla xəbər “humanitar yardım teatrı” oynayan ölkələrə də bir işarədir. Azərbaycan dövləti ilə zarafat etmək, oyun oynamaq olmaz. Azərbaycan özü oyun qurucudur”.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü isə hesab edir ki, Xaçatruryanın həbsi onun kimi azərbaycanlıların qanına əli batan digər cinayətkarların də məsuliyyətdən kənarda qalmayacağını deməyə əsas verir. Onun fikrincə, Xaçaturyanın həbsi sübut etdi ki, azərbaycanlılara qarşı törədilən heç bir cinayət cəzasız qalmayacaq, cani cəzasını alacaq: “Azərbaycanın hüquq-mühafizə orqanları 31 ildən sonra da olsa Meşəli canisinin həbsinə və cinayət məsuliyyətinə cəlb olunmasına nail oldu. Erməni caniləri elə düşünürdü ki, bu cinayətlərin üstündən 30 ildən artıq vaxt keçib, onların əməlləri cəzasız qalacaq, amma gördüyünüz kimi, yanılırlar. Azərbaycan dövləti azərbaycanlılara qarşı soyqırım cinayətləri, qətliamlar törədən hər bir şəxsin həbs edilməsində, cəzalandırılmasında israrlıdır, qətiyyətlidir. Xaçaturyanın həbsi ilk addımdır, amma bu həbslərin ardı gələcək. Hesab edirəm ki, azərbaycanılara qarşı törədilən cinayətlərdə, soyqırımlarda iştirak etmiş erməni cəlladları ən ağır cəzaya məhkum edilməlidir. Erməni cəlladları Azərbaycan qanunları əsasında mühakimə edilməli və onlara ən ağır cəza verilməlidir. Sabiq deputat da yaxşı anlayır ki, azərbaycanlılara qarşı soyqırım cinayətlərinin bütün iştirakçıları törətdikləri qanlı əmələ görə cavab verəcəklər...”.

Əli