“Moskva Azərbaycana bir neçə işğal olunmuş ətraf ərazilərin qaytarılmasına razılığını verib” Layihə

“Moskva Azərbaycana bir neçə işğal olunmuş ətraf ərazilərin qaytarılmasına razılığını verib”

Zaur Məmmədov: "Ətraf bölgələr ilə bağlı məsələyə 2018-ci ilin aprel ayından sonra aydınlıq gətiriləcək"

Tofiq Zülfüqarov: "Türkiyə prosesə qatılıb və artıq Qarabağ məsələsinə yeni nöqteyi-nəzərdən baxılacaq"

Elxan Ələsgərov: "Soçidə Ərdoğanla Putin arasında Qarabağ konflikti ilə bağlı müzakirələrin getdiyi şübhəsizdir"

Türkiyə Prezidenti Ərdoğanla Rusiya dövlət başçısı Putin arasında keçirilən görüşdən sonra Qarabağla bağlı müzakirıələrin olun olmaması haqqında məlumat verilməsə də, görüşdən sonrakı proseslər müəyyən ehtimallar yaradır. Qeyd edək ki, Putinin mətbuat katibi Dmitri Peskov 5 saatlıq görüşdə müzakirə edilən heç də bütün məsələlər haqda açıqlama verilməyəcəyini deyib: "İkitərəfli danışıqlarda daha mürəkkəb məsələlər müzakirə olunub. Lakin bu barədə açıqlama verilməyəcək".
Maraqlıdır, "mürəkkəb məsələlər" sırasında Qarabağ varmı?
Onu da əılavə edək ki, görüşdən dərhal sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana səfər edəcəyi haqda informasiyasının ortaya çıxması Ermənistanda narahatlığa səbəb olub. Lavrovun noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfər edəcəyi deyilir. Erməni şərhçi Akop Badalyan hesab edir ki, mövcud status-kvonun saxlanılması çətindir: "Çətin ki, dünyada da kimsə status-kvonun bərkidilməsini istəyir. Güzəştlər haqda danışmaq mümkün variant kimi görünür. Lavrovun gətirəcəyi yeni plan da bundan ibarət ola bilər. Çünki danışıqların uzanması müharibə variantını önə çıxarır, deməli konkret addımlar atılmalıdır". Badalyan Ermənistanın daxilində ciddi problemlərin olduğuna diqqət çəkib: "Aprel müharibəsi" İrəvandakı elitanın çatlarını üzə çıxartdı. Problem ondadır ki, elita yeni plan qarşısında nə qədər iradə və qabiliyyət göstərəcək. Ermənistan daxilində millətin elitaya etibarının olmaması böyük problemdir və görünən budur ki, bu problemi yaxın vaxtlarda həll etmək mümkün deyil", - deyə o bildirib.
Digər erməni şərhçi Sarqis Artsruni isə yazır ki, Rusiya və Türkiyə qlobal səviyyəli məsələlərdə ümumi razılığa gəliblərsə, bu razılaşmaya Qarabağ da daxildir: "Ermənistan rus-türk razılaşmalarının mənfi nəticələri ilə dəfələrlə üz-üzə qalıb. Əgər yeni bir razılıq varsa, bu, Ermənistan üçün təhlükədən xəbər verir".

Politoloq Zaur Məmmədov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin açarının hansı əllərdə olması hamımıza yaxşı məlumdur. O həmçinin bildirib ki, noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tutub. Ermənistan prezidenti Serj Sarkisyan tələsik özünü Moskvaya çatdırmalıdır. Z. Məmmədov qeyd edib ki, bu həftənin sonu isə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun münaqişənin tənzimlənməsinə dair danışıqlar aparmaq məqsədilə regiona səfəri planlaşdırılır: "Münaqişənin açarının hansı əllərdə olması hamımıza yaxşı məlumdur. Bakıda səfərdə olarkən Ərdoğan bunu bir daha bəyan etmişdir".
Politoloqun fikrincə, görünən odur ki, Moskva münaqişənin həllinin birinci mərhələsi üçün Azərbaycana bir neçə işğal olunmuş ətraf ərazilərin qaytarılmasına razılığını verib: "Lakin bu məsələlər hələ ki gizli qalmalıdır. Düşünürəm ki, ətraf bölgələr ilə bağlı məsələyə 2018-ci ilin aprel ayından sonra aydınlıq gətiriləcək".
Politoloq Tofiq Zülfüqarovun sözlərinə görə, Ərdoğanla Putinin 13 noyabrda Soçidə baş tutan 4 saatlıq görüşündə Dağlıq Qarabağ mövzusunun müzakirə olunduğu şübhə doğurmur: "Başa düşməliyik ki, Soçidə Dağlıq Qarabağ mövzusunun müzakirəsi barədə açıqlama verilməməsi çox yaxşı haldır. Əminəm ki, Rusiyada məsələ ətrafında hansısa müzakirələr gedib. O üzdən indidən buna dair açıqlamaların olmaması əslində təbii haldır. Çünki görüş zamanı bəyan olunan mövqelər ancaq tərəflərin müzakirəsindən sonra açıqlana bilər. Hesab edirəm ki, bu, prosesin başlağıcıdır və davam edəcək. Hər halda buna aid bəzi ümidləri istisna etmirəm".
Rusiyanın XİN rəhbərinin Azərbaycana gözlənilən səfərinə gəlincə, ekspert bildirib ki, Lavrov Azərbaycanın Qarabağ üzərində suverenlik hüquqlarının məhdudlaşdığını bəyan edəndən bəri Azərbaycan ictimaiyyətində etimadını tamamilə itirib: "Bu baxımdan da onun Bakıda vasitəçilik funksiyasını həyata keçirəcəyinə inanmıram. Hesab edirəm ki, Lavrovun Bakıya gəlişi birbaşa Rusiyanın vasitəçilik roluna ziyan gətirən bir səfərdir. Çoxdan planlaşdırılsa da, əslində Lavrovun Bakıya səfəri heç də təsadüfi deyil. Vasitəçilik rolunu oynamaq üçün həm həmin ölkənin siyasəti, həm də bu rolu həyata keçirən insanlar hansısa etimada malik olmalıdırlar. Bildiyiniz kimi, Azərbaycan xalqı Lavrovu ümumiyyətlə qəbul etmir, onun vasitəçilik rolunun ədalətli olacağına da inanmır. Bu illər ərzində verdiyi bəyanatlar göstərir ki, Lavrovun fəaliyyətində təəssüflər olsun ki, sadəcə bir imitasiya mövcuddur. Bu baxımdan da hesab etmirəm ki, o vasitəçilik rolunu həyata keçirə bilsin. Bir müddət öncə həmin Soçidə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə bəyan olunmuşdu ki, Rusiyada Bakı-Moskva əlaqələrinin inkişafına maneçilik törədən ermənipərəst qüvvələrin böyük hissəsi Rusiya Xarici İşlər Nazirliyində cəmləşib. Bunu boşuna xatırlatmadım. Çünki indiki mərhələdə Lavrovun Bakıya səfəri sülh prosesinə yalnız ziyan gətirə bilər".
Politoloq diqqətə çatdırıb ki, Türkiyə prosesə qatılıb və artıq Qarabağ məsələsinə yeni nöqteyi-nəzərdən baxılacaq: "Artıq Türkiyə sülh prosesinin bir iştirakçısıdır və bu, müsbət haldır. Bu, regionda olan təhlükəsizlik məsələsidir və Qarabağ konfliktinə bir növ yeni baxışdır. Hesab edirəm ki, Türkiyə bu sülh prosesində müsbət rol oynacaq. Bu müsbət rol ondan ibarətdir ki, prosesə regionda nüfuzlu ölkələr daxil olur. Əvvəllər prosesdə təkcə regiona yaxın olan Rusiya iştirak edirdi. Türkiyə uzun müddət Minsk Qrupunun üzvü kimi fəal deyildi, əslində isə əksinə olmalı idi. Çünki Türkiyə regionda böyük nüfuza malikdir. Türkiyənin Suriya və İraqda gedən proseslərdəki rolu onu göstərir ki, bu ölkə mühüm geosiyasi problemlərin həllində öz sözünü deyə bilir. Yəni Türkiyə bu kimi proseslərə qatıldıqda mütləq müsbət hadisələr əldə edilir. Bu üzdən Ankaranın eyni rolu Qarabağ məsələsinə də sərgiləməsi müsbət olardı. Hesab edirəm ki, bu, Putin-Ərdoğan görüşündən əldə olunan ən böyük nəticədir".
"Baku Network" Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov isə vurğulayıb ki, Soçidə Ərdoğanla Putin arasında Qarabağ konflikti ilə bağlı müzakirələrin getdiyi şübhəsizdir: "Rusiya hazırda Azərbaycan üzərindən dəmir yollarının Ermənistandan keçməsində maraqlıdır. Bu, göstərir ki, Ərdoğan və Putin Soçidə Qarabağ məsələsindən yan keçməyiblər. Hazırda əsas məsələ bu iki dövlətin nizamnaməyə nəzərləri ilə bağlıdır. Rusiya və Türkiyə siyasi, hərbi və iqtisadi maraqlarının müzakirəsi kontekstində Bakının baxışını inkar edə bilməzlər. Qafqazdakı vəziyyət Moskva və Ankaranı Qarabağ probleminin həllində yaxınlaşdırır. Bakı üçün maraqlı olan Azərbaycanın maraqlarının üstün tutulmasıdır. Soçi görüşünün ardından Lavrovun Bakı və İrəvana səfəri təsadüfi deyil. Rusiyanın hazırda cənub istiqamətə böyük ehtiyacı var. Çünki Rusiyanın qərb istiqamətdə NATO, Baltikyanı ölkələr, Ukrayna və bəzi məsələlərdə Belarusla münasibətləri narahatedicidir. Hesab edirəm ki, Lavrovun Bakıya səfəri Rusiya və Türkiyə arasında Qarabağ danışıqlarının növbəti raundudur".
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işləri nazirləri səviyyəsində baş tutacaq növbəti görüşdə Qarabağ məsələsinin həllinin siyasi, iqtisadi və hərbi aspketləri gündəmdə olacaq: "Ermənistan faktiki iqtisadi müharibədə Azərbaycana uduzub. İrəvan hazırda çıxış yolu axtarır. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla masa arxasına oturmaq və bəzi əraziləri geri qaytarmaqla əvəzində nəsə almaqdır. Nalbəndyanın "Dağlıq Qarabağ"ı təhlükəyə salmayan bəzi ərazilərin Azərbaycana qaytarılmasını" bəyanatı da məhz bunu nəzərdə tutur".

Əli