“Düşmən ölkəyə təzyiq göstərə biləcək əsas amil...” Layihə

“Düşmən ölkəyə təzyiq göstərə biləcək əsas amil...”

Rüstəm Məmmədov: "Azərbaycanın möhkəmlənməsi, Rusiya və Qərbin rəyidir"

"Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər də bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin mövqeyindən deyil, yalnız Ermənistanın mövqeyindən çıxış edərək aparacaq və bu prinsipə sadiqdir". Ermənistan KİV-lərinin yaydığı məlumata görə, bunu parlamentdə çıxışı zamanı millət vəkili Ruben Rubinyan deyib. O bildirib ki, daha əvvəl Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmalar Ermənistan tərəfinin gündəmində qalmaqdadır: "Nikol Paşinyan və İlham Əliyevin Düşənbədəki qeyri-rəsmi danışıqları kontekstində heç bir ziddiyyət yoxdur. Məsələ ondan ibarət idi ki, təmas xəttində tərəflər arasında silahlı toqquşmalar aradan qaldırılsın və bu ünsiyyət nəticəsində Yerevanla Bakı arasında xüsusi əlaqə yarandı. Bu, hazırkı mərhələdə gərginliyin əhəmiyyətli dərəcədə azalmasına imkan verdi".
Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Davtyan Ermənistan-Azərbaycan dövlət sərhədinin hər iki ölkənin sərhədçiləri tərəfindən birgə patrul olunması təklifini verib.
Politoloq Mübariz Əhmədoğlu deyib ki, bu ideyanın gündəliyə gəlməsi Rusiya mediasına məxsusdur. O bildirib ki, Rusiyanın Ermənistandakı media resurslarının Dağlıq Qarabağ məsələsinə Ermənistanın rəsmi mövqeyindən fərqli yanaşması göz qabağındadır: "A.Davtyanın təklifinə ideya kimi 2 prizmadan yanaşmaq olar. Birincisi, Davtyanın bu ideyası Dağlıq Qarabağ tənzimlənməsi prizmasından ortalığa qoyulan ən radikal ideyalardan biridir. Ermənistanın bəzi media resursları Dağlıq Qarabağ məsələsində Ermənistanın ən kəskin ziyanına olan ideya, fikir və tezislərin Ermənistan üçün faydasını "əsaslandıra" bilirlər. A.Davtyanın sərhədin birgə qorunması mövzusuna həmin media resurslar da susdu. Digər tərəfdən, ola bilər, A.Davtyan bu ideyanın mahiyyətini bilərəkdən ortalığa qoyub. A.Davtyan Dağlıq Qarabağ mövzusunda Baş nazir N.Paşinyana təzyiqlər olduğunu bilir. Bu təzyiqləri N.Paşinyan etiraf edib. A.Davtyan Ermənistan cəmiyyətində bu ideyanı gündəliyə gətirməklə Baş nazirinə kömək etmək istəyir". Politoloq əlavə edib ki, A.Davtyanın dövlət sərhədinin birgə patrul olunması ideyası praktiki baxımdan Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllinə və Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrə şərait yarada bilər: "Praktiki baxımdan ilk növbədə işğal altında olan İran-Azərbaycan sərhədinin işğaldan azad olunması deməkdir. Araz İqtisadi Zonası işə düşə bilər. Bu isə İran-Azərbaycan-Ermənistan-Türkiyə iqtisadi əməkdaşlığının başlanması deməkdir. Bu artıq Ermənistan üçün kifayət qədər ciddi, hava və su kimi vacib olan bir məsələdir. Bu ideya Ermənistan-Azərbaycan sərhədinin "Laçın koridoru" adlandırılan hissəsinin də dəqiq konturlarının müəyyənləşdirməsinə yol açır. "Laçın koridoru"nun konturları hal-hazırda Ermənistanla Azərbaycan arasında ən kəskin müzakirə mövzularından biridir. Belə olan halda A.Davtyanın ortalığa qoyduğu ideyaya N.Paşinyana dəstək kimi yanaşmaq daha düzgündür".
Görünən odur ki, iqtisadi çöküş yaşasa da Ermənistan hələ ki, işğaldan əl çəkmək niyyətində deyil.
Politoloq Rüstəm Məmmədov isə deyib ki, Azərbaycanın 2018-ci ildə beynəlxalq siyasətdə əldə etdiyi nailiyyətlər, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin münaqişənin həlli istiqamətində dönüş ili olması ilə bağlı səsləndirdiyi fikirlər cari ildə bu istiqamətdə mühüm irəliləyişlərin olacağından xəbər verir
Politoloq söyləyib ki, 2018-ci ildə Azərbaycanın Dağlıq Qarabağla bağlı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm uğurlar əldə edilib ki, bunun özü də problemin həllində əhəmiyyətli amil hesab olunmalıdır: "Məsələnin həllinə nail olmaq üçün ilk növbədə onu tanıtmaq mütləqdir. Artıq bütün dünya Azərbaycanı müstəqil siyasət yürüdən, güclü ordu və iqtisadiyyata malik olan ölkə kimi tanıyır. Artıq beynəlxalq ictimaiyyət münaqişənin həllinin uzanmasında əsl günahkarı tanıyır və onları ifşa edir. Bunun özü problemin həllində əhəmiyyət kəsb edən məsələlərdəndir".
R.Məmmədov qeyd edib ki, düşmən ölkəyə təzyiq göstərə biləcək əsas amil Azərbaycanın möhkəmlənməsi, Rusiya və Qərbin rəyidir: "Bu üç amilin olması problemin həlli deməkdir. Paşinyanın Dağlıq Qarabağla bağlı konstruktiv mövqeyə gəlməkdən başqa çıxış yolu yoxdur".
Siyasi şərhçi Nadir Şəfiyev bildirib ki, Ermənistanın özündə də, beynəlxalq aləmdə də bir çox hallarda Azərbaycanın mövqeyini, bizim mövqelərimizi qərəz kimi qəbul edirlər: "Bu mənada hesab edirəm ki, cənab Prezidentin söylədikləri tam həqiqətə söykənirdi".
Siyasi şərhçinin sözlərinə görə, son zamanlar Ermənistanın özündə cərəyan edən hadisələr göstərir ki, işğalçı ölkədə korrupsiya baş alıb gedib: "Korrupsiya o dərəcədə yüksək səviyyədədir ki, hətta onlar bunu gizlədə bilmirlər. Onlar məcburdurlar ki, yeni cinayət işləri açsınlar və keçmiş rejimdə mövqe tutmuş insanları, hətta eks-prezidentləri cinayət məsuliyyətinə cəlb etsinlər. Hal-hazırda Ermənistan bütövlükdə öz tənəzzül dövrünü yaşayır. Ermənistandakı korrupsiya Ermənistan cəmiyyətini çökdürüb. Azərbaycanın onlara qarşı haqlı olaraq həyata keçirdiyi siyasət nəticəsində Ermənistan cəmiyyəti elə bir vəziyyətdədir ki, hal-hazırda Paşinyan düşünür ki, bəlkə heç olmasa bu yolla büdcəyə əlavə vəsait gətirsin. Təbii ki, bunlar da fayda verməyəcək. Çünki hazırki o münasibətlər, dövlətlərin inkişaf tendensiyası və s. ona söykənir ki, dövlətlər bir-birinin arasında əməkdaşlıq etməli, iqtisadi münasibətləri qurmalı və bu əməkdaşlıq nəticəsində qalxmalıdırlar.
Ermənistanın bu gün nisbətən normal şəkildə əməkdaşlıq etdiyi cəmi iki dövlət var. Onlardan biri İran, digəri isə Rusiyadır. Hər iki dövlətlə münasibətlərdə də problemlər var. Rusiya ilə problem ona söykənir ki, onların birgə sərhəddi yoxdur. Yəni hər şey Gürcüstan üzərindən və yaxud hava yolu ilə gəlməlidir. İranla bağlı isə məsələ odur ki, artıq neçə ildir ki, bu dövlətə qarşı iqtisadi sanksiyalar özünü göstərir. Belə olan halda Ermənistanın müsbət gələcəyinin də yalnız bir çıxış yolu var o da yalnız Azərbaycanla əməkdaşlıqdan keçir. Başqa variant yoxdur".
Millət vəkili Asim Mollazadə bildirib ki, Ermənistanın yeganə xilas yolu Azərbaycanla tezliklə sülh istiqamətində addımlar atmaqdan ibarət olmalıdır: "Əks halda Ermənistan çox dərin problemlərlə üzləşəcək. Mən çox istərdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda işğalçı ölkə tərəfindən müəyyən bir format və real addımlar müşahidə olunsun. Bir sözlə düşünürəm ki, Ermənistan üçün yeganə xilas yolu sülh yoludur. Ermənistanın yeni hakimiyyəti bunu dərk etməlidir və bu addımları atmalıdır".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qarabağ danışıqları üzrə həlledici mərhələ başlayacaq. Onun sözlərinə görə, Ermənistan tərəfi yenidən sələfləri kimi atəşkəsin aşkar olunması mexanizmini absurd şəkildə danışıqlarda qaldırır: "Qeyd edim ki, Ermənistanda artıq hakmiyyət formalaşması başa çatdı, rəsmi Bakının bu ölkəyə daxili siyasi prosesləri nizama salmaq üçün güzəşt limiti bitdi. Artıq, top Ermənistan tətəfindəndi". Politoloq deyib ki, müəyyən razılaşma Ermənistan tərəfinin konusturuktiv mövqeyindən asılı olacaq: "Ermənistanın konkret mövqeyi aydın olmasa, əgər liderlərin görüşü payıza qalarsa, yay aylarından başlayaraq cəbhədə Azərbaycanın hərbi təzyiqləri başlayacaq. Ermənistan tərəfində son aylar çalışır ki, Qərblə əlaqələri inkişaf etdirməklə, Azərbaycanın mümkün hərbi təzyiqlərindən Avropanın dəstəyi ilə yayınsın. Əgər, Ermənistan tərəfi bu yola əl atacaqsa, Qərbdə onu müdafiə etməyəcək. Bu da sonucda müharibə ehtimalını gündəmə gətirir".
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyib ki, Ermənistanda baş vermiş məlum hadisələrdən sonra danışıqların davam etdirilməsi üçün görüşlərin keçirilməsi münaqişənin nizamlanmasında qarşısına bir sıra məqsədlər qoyub: "Danışıqlarda münaqişənin nizamlanması ilə bağlı hər iki tərəfin baxış bucaqları aydınlaşır və bu il ərzində baş tutacaq müəyyən aktların detalları müəyyənləşir. Münaqişə ilə bağlı son prosesləri izləsək tərəflər arasında bu görüşlərin müəyyən istiqamət aldığının şahidi olmuş olarıq". Politoloq əlavə edib ki, hazırda Ermənistanda yeni vəziyyət yaranıb: "Qarabağ klanı açıq-aşkar şəkildə Paşinyan hakimiyyətinə təhdiddir. Terrorçu olan bu kəslər siyasi arenadan uzaqlaşdırılmalı, regionda yeni mühit yaranmalıdır. Hadisələrin necə istiqamət alacağı isə həm də xarici faktorlardan asılı olacaq".

Əli