“Ümumerməni oyunlar”ı sülh perspektivinə kölgə saldı Layihə

“Ümumerməni oyunlar”ı sülh perspektivinə kölgə saldı

Təsəvvür edin, Hindistan dövləti Kəşmirdə hind diasporunun və çoxsaylı hindistanlı idmançının iştirakı ilə idman tədbiri keçirir. Bu halda hansı səviyyədə beynəlxalq etirazların ola biləcəyini təsəvvür etmək çətin deyil. Halbuki, bu yaxınlarda qeyri-sabit Cənubi Qafqaz regionunda eyni ssenari həyata keçirilib.
Bir müddət əvvəl mübahisəli Dağlıq Qarabağ regionunda “ümumerməni oyunlar”ı təşkil olunub. Amma bu, beynəlxalq səviyyədə lazımi dərəcədə pislənməyib.
Covanni Visente Romeronun “Foreign Policy Journal”da (ABŞ) Dağlıq Qarabağda keçirilən “ümumerməni oyunlar”ı ilə bağlı yazısı dərc edilib. WorldMedia-nın həmin nəşrə istinadən xəbərinə görə, müəllif yazır ki, Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən Xəzər dənizinin sahilində yerləşən, enerji resusrları ilə zəngin Azərbaycanın ərazisi kimi tanınır. Qonşu Ermənistanın dənizə çıxışı yoxdur. İllərdir müharibədən zərər görən Dağlıq Qarabağ regionuna məhz bu ölkə iddia edir. Tərəflər arasında münaqişə 1988-ci ildə alovlanıb. Nəticədə çox sayda erməninin yaşadığı Dağlıq Qarabağ regionunda qondarma “Dağlıq Qarabağ Respublikası” yaradılıb. Bu, Qarabağ ermənilərinin Ermənistan və Rusiya silahlı qüvvələrinin köməyilə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20%-ni işğal etməsilə mümkün olub.
Sonradan tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb və o vaxtdan ATƏT-in Minsk qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransanın vasitəçiliyilə münaqişənin sülh yolu ilə həllinə çalışılır. Lakin bu cəhdlər hələ nəticə vermir. Bu üzdən 2008 və 2016-cı illərdə tərəflər arasında yeni hərbi əməliyyatlar da olub. Onlar genişmiqyaslı müharibəyə belə, çevrilə bilərdi...
Bütün bunların fonunda Ermənistan rəhbərliyi Dağlıq Qarabağ regionunda “ümumerməni oyunlar”ı keçirməklə, bu tarixi, etnik, ərazi münaqişəsində qalib gəldiyini göstərməyə çalışır. Amma onlar buna görə cavab verməli olacaq: ermənilər Azərbaycanın daha ciddi hərbi cavabı ilə üzləşə bilər.
Digər tərəfdən, idmanın siyasiləşdirilməsi istər “ümumerməni oyunları”na, istərsə də ümumilikdə sülh danışıqlarına kölgə salır. Çünki bu idman yarışı təbliğat kimi qəbul edilir və bu prosesdə erməni idmançılarından da istifadə edilir.
Böyük diaspora malik digər dövlətlər kimi, Ermənistan da bütün dünyada erməni xalqının birliyinə istiqamətlənən layihələrə böyük investisiya qoyub. 1999-cu ildən isə hər 2 ildən bir Olimpiya oyunları modelinə uyğun “ümumerməni oyunlar”ı təşkil edilir. Ermənistan bu idman yarışı ilə xaricdə yaşayan etnik erməni idmançılarda doğma vətənə marağı artırmağa, turizmi inkişaf etdirməyə çalışır. Bunun fonunda Ermənistan mətbuatı son 20 ildə xaricdə yaşayan erməni idmançıların sayının artdığını bildirir.
Avqustun 6-17-də keçirilmiş son belə yarışda 161 ölkədən 5300 idmançı iştirak edib.
Bu il “ümumerməni oyunları”na diqqətin daha çox olması onun açılış mərasiminin ilk dəfə qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilməsilə bağlı olub. Yeri gəlmişkən, Ermənistanda ötən il “məxməri inqilab” nəticəsində hakimiyyətə gəlmiş Ermənistanın baş naziri Nikol Paşiyan Dağlıq Qarabağ münaqişəsini onsuz da qeyri-müəyyən məcraya yönəldir. BMT-yə üzv olan heç bir ölkə bu ərazinin müstəqilliyini tanımır və Dağlıq Qarabağ işğal edilmiş ərazi kimi qəbul edilir. Yerevan isə Azərbaycanın etirazına, müxtəlif dövlətlərin xəbərdarlığına rəğmən, orada təşkil etdiyi yarışa 5 mindən çox idmançı dəvət edir. Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti də vətəndaşlarına bu münaqişə zonasına səyahət etməməyi məsləhət görüb.
Dağlıq Qarabağ və regionun digər separatçı anklavları son 20 ildə “müstəqillik”lərinin BMT tərəfindən tanınmasına çalışsalar da, istəklərinə nail ola bilməyiblər. Odur ki, dünya birliyinin bu regiona diqqət ayırmasına, investisiya cəlbinə “ümumerməni oyunlar”ı kimi idman yarışları və turizm təşəbbüslərilə nail olunmağa çalışılır. Məsələn, Qarabağ erməniləri keçmişdə tanınmamış respublikalar arasında futbol çempionatı da keçirmişdi. BMT-yə üzv hər hansı ölkənin belə yarışlarda iştirakı əlbəttə ki, mümkün deyil. Qondarma qurumlar belə yarışlarla sadəcə, imiclərini yaxşılaşdırmağa çalışır. Amma belə tədbirlərin heç biri arzulanan nəticəni vermir.
Yeri gəlmişkən, baş nazir Paşinyanın “ümumerməni oyunları”nın açılış mərasimində çıxışı Ermənistanın yeni hökumətinin niyyətlərini açıq şəkildə ortaya qoyub. O, minlərlə erməninin toplaşdığı meydanda ölkəsinin gələcəyilə bağlı iddialı fikirlər səsləndirib. Baş nazir deyib ki, 2050-ci ilə qədər Ermənistan əhalisinin sayı 5 milyonadək artmalıdır (hazırda bu, 3 milyondur). Paşinyan 2050-ci ilə qədər 1,5 milyon iş yeri açacağını, yoxsulluğu aradan qaldıracağını da söyləyib. Baş nazir Ermənistanı sənaye ölkəsinə çevirəcəyinə, ümumdaxili məhsulu 15 dəfə artıracağına, dəyəri 10 milyard dollardan yüksək olan 5 texnologiya kampaniyası yaradacağına da söz verib. Bununla yanaşı, bildirib ki, ölkədə əməkhaqları 7 dəfə artırılacaq.
Təhlükəsizlik məsələsinə gəlincə, baş nazir vurğulayıb ki, 2050-ci ilə qədər Ermənistan silahlı qüvvələri dünyanın ən güclü 20 ordusundan birinə, ölkə kəşfiyyatı isə dünyada 10 güclü kəşfiyyatdan birinə çevriləcək.
Lakin iddia olunan bu yüksək iqtisadi göstəricilərə yalnız qonşu Azərbaycan və Türkiyə ilə sülhün yaradılmaslı ilə nail olmaq mümkündür. Odur ki, Paşinyanın çıxışı o cümlədən erməni diasporuna Dağlıq Qarabağı işğal etmiş, sülh danışıqlarından gün-gündən uzaqlaşan Ermənistanın gələcəyilə bağlı nikbinlik aşılamağa hesablanmışdı. Əslində, baş nazir özündən əvvəlki hakimiyyət kimi, başa düşür ki, ölkəsinin iqtisadi təməlini erməni diasporunun investisiyaları təşkil edir, erməni diasporu isə Ermənistanın işğalçı siyasətini dəstəkləyir. Məhz bu üzdən Paşinyan hesab edir ki, onun bu çıxışları erməni diasporundakı millətçi qüvvələrin hislərinə toxunacaq, onların Ermənistan iqtisadiyyatına daha çox investisiya qoymağa təşviq edəcək.
Beləliklə, Ermənistan reallığında idman əslində böyük ehtiyac duyulan xarici valyuta uğrunda yarışdır. Yeni investisiyalar dənizə çıxışı olmayan Ermənistanın iqtisadiyyatını xilas etməlidir. Üstəlik, artıq əhali arasında büdcə vəsaitlərinin qeyri-peşəkar xərclənməsilə bağlı narazılıqlar artır. Hər halda, inqilab nəticəsində hakimiyyətə yiyələnmiş Paşinyan vədlərini yerinə yetirmir.
“Ümumerməni oyunları”nda medal qazanmış idmançılar artıq öz ölkələrinə qayıdıblar. Dağlıq Qarabağ uğrunda mübarizə isə davam edir. İnsanlar hələ də “nə hərb, nə sülh” şəraitində yaşayır. Bu idman tədbiri isə sülh danışıqlarına böyük zərbə vura, Azərbaycanı Ordusunu daha sərt hərbi strategiya yürütməyə vadar edə bilər. Hər halda, oyunların real nəticələrini görəcəyik. Ermənistan hələ ki, sadəcə elan etdiyi qələbənin şan-şöhrətilə qürurlana bilər.
Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə Nikol Paşinyanın son təxribatçı açıqlamalarını şərh edərkən deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir.
Metyu Brayza bildirib: "Düşünürəm ki, Paşinyana qarşı Ermənistandakı siyasi qüvvələr çox güclüdür. Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü. Həssas çıxışlar etdi. Geriyə addım atmalı, ritorikanı, bu ifadələri dəyişdirməli, danışıqları davam etdirmək istədiyi təqdirdə danışmalıdır".
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, "Pan-Erməni Oyunları" nın açılışında iştirak edib. "Açılış mərasimində" Paşinyan təxribatçı bəyanatla çıxış edərək Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" adlandırıb.
Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranmışdı. Hazırda Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ilin mayında tərəflər atəşkəsə nail oldular və bu günə qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir.
BMT Təhlükəsizlik Şurasının işğal altındakı Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.
Politoloq Tofiq Abbasov isə Ermənistanın Baş naziri Nikol Paşinyanın son dövrlər Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib ki, Ermənistanın siyasətində heç bir dəyişiklik müşahidə olunmur. İrəvan dağıdıcı siyasət yürütməkdə davam edir.
O xatırladıb ki, ermənilərin 1988-ci ildə Xankəndinin mərkəzi meydanında keçirilən mitinqində də əsas şüarları Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi idi: “O dövrdə heç kim bilmirdi ki, Sovet İttifaqı yaxın zamanda parçalanacaq. 3 ildən sonra SSRİ süqut etdi və Qafqazda yeni geosiyasi reallıq formalaşdı. Azərbaycan və Ermənistan müstəqil dövlət oldu. Bundan sonra isə “miatsum” ideologiyasında dəyişiklik etməli oldular. Onlar dedilər ki, “Qarabağ xalqı” guya yeni xalqdır, öz müqəddəratını həll etmək istəyir və müstəqilliyini elan edir. Bütün bu təkamül prosesində biz bu əyintilərin qabarıq şəkildə özünü əks etdirməsinin şahidi olduq. Əvvəlcə bunlar “birləşək”, sonra isə “müqəddəratımızı özümüz həll etmək istəyirik” dedilər. İndi isə bildirirlər ki, Qarabağ Ermənistanın tərkib hissəsidir. Burada heç bir ideoloji əsas yoxdur. Ermənistan Azərbaycan torpaqlarını üçüncü qüvvələrin iştirakı ilə zəbt edib və hələ də özündə saxlayır. Bunun sonu olacaq və sonda da Ermənistanı sülhə antiklan əməliyyatının vasitəsi ilə məcbur etmək mümkün olacaq. Bütün hadisələr bu prosesə doğru gedir”.
Politoloq onu da bildirib ki, bu müddətdə Azərbaycan üzərinə düşən bəzi öhdəlikləri yerinə yetirməlidir:
“Bu müddətdə Azərbaycanın üzərinə düşən vəzifə isə sülh prosesində mövcud siyasətini qoruyub saxlamaqdır. Biz onsuz da Ermənistanın bu cür təxribatlarına uymuruq və uymayacağıq. Burada əsas problem ondan ibarətdir ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın tərəfini tutmalıdır. Beynəlxalq hüquqi normalar bizim tərəfimizdədir. Ermənistan yenə də siyasi prosesi, diplomatik danışıqları çökdürəcəksə, əlbəttə ki, qarşıdurmalar qaçılmaz olacaq və yeni müharibə baş verəcək. Aydın məsələdir ki, qüvvələr nisbəti Azərbaycan tərəfindədir və biz öz işimizi görəcəyik”.