Vətənpərvərliyin KİV-də təbliğatı problemi Layihə

Vətənpərvərliyin KİV-də təbliğatı problemi

Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu var

Son vaxtlar Azərbaycanda vətənpərvərliyin yüksəldilməsi məsələsi diqqət mərkəzinə gəlib. Müzakirələr zamanı ortaya qoyulan əsas sual bundan ibarətdir: Azərbaycanda vətənpərvərliklə bağlı təbliğatı niyə aşağıdır? Söz yox ki, indi bütün bu müzakirələr zamanı hədəfə kütləvi və elektron informasiya vasitələri çıxarılır. Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır. Lakin, təəssüflər olsun ki, torpaqlarının 20%-ə qədəri işğal altında olan Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətində həyata keçirilən tədbirlər gözlənilən effekti vermir. Bunu ilk növbədə analoji konsepsiyaların, layihələrin, proqramların tələb olunan keyfiyyətdə olmaması ilə izah etmək olar.
Milli vətənpərvərlik və dövlətçilik hisslərinin təbliği milli-mənəvi dəyərlərin qorunması və təbliği ilə müşayiət olunmalıdır. Gənclərin Azərbaycan üçün ənənəvi olmayan dini və dinə zidd olan birliklərə qoşulması əsasən xarici qüvvələr tərəfindən maliyyələşdirilən təbliğatın, psixioloji təsirin nəticəsidir. İslam dini insanlarda vətənə, dövlətə məhəbbət hissi aşıladığı halda, bu qrupların Azərbaycanı siyasi paraçalanmaya, gəncləri öz xalqına, vətəninə və dövlətinə qarşı yönəltməsi günümüzün acı reallığıdır. Bu cür qruplarla ən yaxşı mübarizə isə heç də onlarla açıq mübarizə deyil, istifadə etdikləri əsas silahı – dini və mənəvi dəyərləri milliləşdirmək və dövlət siyasətində ondan səmərəli şəkildə istifadə etməkdir.
Azərbaycan xalqının böyük Qarabağ dərdi hamımız üçün ən aktual mövzudur. Ölkəmiz müharibə şəraitində olduğundan gənclər arasında hərbi-vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması vacib şərtdir. Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır.
Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hər an hazır olmalısan.
Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında xalq qəhrəmanlarının, eləcə də müasir dövürdə örnək və fəxr yerimiz olan Milli Qəhrəmanların təbliği də mühüm rol oynayır. Buna görə də, körpədən tutmuş yeniyetməyə, gəncə, qocaya qədər hamımız Vətən, Millət, Torpaq uğrunda savaş meydanına atılanları, şəhidləri tanımağa borcluyuq.
Bəzən cəmiyyətdə vətənpərvərliklə bağlı müzakirələr aparılan zaman zəif təbliğata görə kütləvi informasiya vasitələri əsas hədəf obyektinə çevrilir. Doğrudur, cəmiyyətdə vətənpərvərlik hissinin formalaşdırılmasında mətbuatın üzərinə böyük məsuliyyət düşür. Və biz bunu inkar etmirik. Amma, bunu da qeyd etməliyik ki, vətənpərvərlik tərbiyəsində ailənin rolu danılmazdır.
Torpaqları işğal altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Biz ailədə dili yenicə söz tutan, ağlı yenicə kəsən uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün vuruşduğunu, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın nə üçün ana qədər doğma sayıldığını anlatmalıyıq. Həm də elə anlatmalıyıq ki, bunları heç vaxt yaddan çıxarmasınlar.
Jurnalistin vətənpərvərlik borcu cəmiyyətdə nəyin pis, nəyin yaxşı olduğunu ictimaiyyətə çatdırmaqdır. Həyatda, cəmiyyətdə və yaxud, hər hansı sahəsdə baş verən çatışmazlıqları, neqativ halları tənqid etmək, araşdırmaq, bu barədə televiziya və radio məkanından faktlar əsasında informasiyanı yaymaqdır. Çünki bunları "dördüncü hakimiyyət"dən başqa, heç kəs edə bilməz. Bu, adi vətəndaşın görəcəyi iş deyil. Əslində jurnalist mövcud olan nöqsanları, çatışmazlıqları dəyişmək iqtidarında deyil, amma "dördüncü hakimiyyət" kimi ictimaiyyəti məlumatlandırmaq və cəmiyyətin, vətəndaşların diqqətini buna cəlb etmək iqtidarına malikdir. Bir sözlə, jurnalist cəmiyyətin görən gözü, eşidən qulağıdır. O, yerindən, zamanından asılı olmayaraq ətrafda baş verən hadisələrə münasibət bildirir və bu hadisələrin içində olur.
Vətənpərvərlik ruhlu yazılara böyük tələbat duyulur. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət siyasətinin əsas məqsədlərindən biri də Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasıdır. Dövlətimiz ölkə mətbuatından, onun imkanlarından respublikada dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsində maraqlıdır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu tutan və bu istiqamətdə inamlı addımlar atan Azərbaycanda azad mətbuatın inkişafı daim diqqətdə olan məsələlərdəndir. Heç kimə sirr deyildir ki, demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri də söz, mətbuat azadlığının yüksək səviyyədə təmin olunmasıdır.
Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə edir, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verir. Milli mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğində, dlilimiz, mədəniyyətimiz, tariximizlə bağlı həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətə çatdırılmasında yazılı və elektron kütəlvi informasiya vasitələrinin (KİV) üzərinə böyük məsuliyyət düşür. Bu gün təbliğat xaraketrli, vətənpərvərlik ruhunda yazılara böyük tələbat duyulur və bu, günümüzün tələbidir.
Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməlidir, tərbiyə almalıdır və jurnalistikanın bu sahədə çox böyük rolu var. Çünki biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə azad xalq kimi yaşayırıq. Bu, bizim böyük xoşbəxtliyimizdir, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməlidir və qiymətləndirməlidir. Ona görə də jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir.
Ona görə biz çalışmalyıq ki, Azərbaycan reallıqlarını dolğun şəkildə xarici mətbuata çatdıraq. Bu gün bizim əlimizdə İnternet kimi universal bir vasitə vardır. Bundan daha geniş şəkildə istifadə etməliyik. Çünki Azərbaycanın reallıqları dünya birliyinin diqqətinə çatdırılmalıdır, istər icitmai sahədə, istərsə də iqtisadi və xarici siyasət sahəsində. Əlbəttə ki, ölkədə həllini gözləyən problemlər, çatışmayan məsələlər var. Biz bunu bilirik və jurnalistlər də bu problemlərin aşkarlanmasında hökumətə dəstək olurlar. Ancaq bununla bərabər, nailiyyətlər də kifayət qədər çoxdur.
Azərbaycan hazırda müharibə şəraitində yaşyır. Bunu nəzərə alaraq, mətbuatın ictimi fikrə təsir imkanları baxımından gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması işində medianın xidmətləri əvəzolunmazdır. Dövlətin maraqlarını üstün tutan hər bir jurnalist vətənpərvərlik hissini, məsuliyyət hissini unutmamalıdır. Bu gün müasir Azərbaycan mediasının konsepsiyası abad və firavan Vətən, dövlətin və onun hər bir vətəndaşının maraqlarının qorunması prisipləri üzərində qurulmalıdır.
Hərbi jurnalist, araşdırmaçı Şəmistan Nəzirli bildirib ki, müharibədə tək silahla deyil, həm də ideya və qələmlə döyüşmək lazımdır. Vətəndaş, hərbiçi öz xalqının savaş tarixini bilmirsə, qəhrəmanlarını tanımırsa, onun üçün savaşmaq çətin olacaq. SSRİ zamanında bizə elə təlqin edirdilər ki, guya hərb tariximiz yoxdur. O zaman cəmi iki generalımızı - Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskini tanıyırdıq. Halbuki çar Rusiyası və müstəqillik dövründə 69 generalımız olub. Onlar barədə də ziddiyyətli məlumatlara sahib idik. Biz hərb tariximizin bu məqamlarını öyrənməli, tədqiq edib KİV vasitəsi ilə cəmiyyətə çatdırmalıyıq. İndiki gənclərdə hərb sahəsinə maraq var. Mətbuatda da müəyyən dərəcədə bu mövzu işıqlanır. Amma problemlərimiz də çoxdur.
"Azərbaycan Ordusu" qəzetinin baş redaktoru, polkovnik-leytenant İsa İsmayılov isə bildirib ki, hərbi vətənpərvərlik mövzusu ilə bağlı işlər görmək kütləvi informasiya vasitəsi olaraq bizim birbaşa vəzifəmizdir. Təəssüflər olsun ki, hərb tarixi ilə bağlı yazılar yazılarkən, həmin illərdə olan hərbi proseslər təhrif olunur, yaxşıların üstündən keçilir. Məsələn, biz 100 ildir, sübut etməyə çalışırıq ki, Qafqazda erməni dövləti olmayıb. Amma "Pompeyin Azərbaycana yürüşü" əsərində yazılır ki, eramızdan əvvəl Pompey Ermənistandan keçərək Azərbaycanı işğal etdi. Mənə görə həmin məqam əsərdə olan müsbət ideyaların üstündən xətt çəkir. KİV-də gedən yazılarda da belə məqamlar var. Çox vaxt hərbçilər barədə mənfi məqamlar önə çəkilir. Digər tərəfdən, bu gün Müdafiə Nazirliyi səviyyəsində müxtəlif tədbirlər keçirilir. Mükafatlandırılan hərbiçilərimiz var. Bizim qəzetdə və ölkədə nəşr edilən qəzetlərə də bu mövzuda yazılar verilir. Digər tərəfdən, Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar haqqında mətbuatımızda heç nə yazılmır. Bəzi mətbuat orqanlarını heç bir formada yola gətirə bilmirik ki, ayda bir dəfə xidmətində fərqlənmiş əsgərlər barədə yazılar yazılsın, əsgər obrazı yaradılsın. Hərbi xidməti təbliğ edən yazılara çox az rast gəlinir. Düzdür, orduda da cəmiyyətdə olduğu kimi fərqli düşüncəli insanlar var. Amma orduda gözəl ideyalara xidmət edən, mükafatlandırılan hərbiçilərimiz çoxdur. Lakin qəzetlərimiz belələri haqqında yazı vermir. Məsələn, ordunun yaradılmasının 91-ci ildönümü ilə bağlı böyük təlim keçirildi. Qəzetləri izlədik, amma həmin təlimdə mükafatlandırılan hərbiçilərdən birinin şəklinə rast gəlmədik. Fikrimcə, əsgər obrazını qəzetlərində işıqlandırmaq üçün qəzetlərə stimul vermək lazımdır.

Cavid