Füzuli Hava Limanı: Qarabağın iqtisadi imkanlarını genişləndirəcək Layihə

Füzuli Hava Limanı: Qarabağın iqtisadi imkanlarını genişləndirəcək

Beynəlxalq statuslu Füzuli Hava Limanının fəaliyyətə başlaması Qarabağın iqtisadi imkanlarını genişləndirəcək. Mütəxəssislər hava limanının ciddi strateji əhəmiyyətə malik olduğu qənaətindədirlər.
“Azərbaycan Hava Yolları” QSC-nin məlumatına görə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı – Füzuli ilə bağlıdır. Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur.
Daha əvvəl Füzuli Hava Limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib. Füzuli Hava Limanı ən yüksək beynəlxalq standart və normalara uyğun tikilib, istənilən növ təyyarəni qəbul etmək imkanına malikdir. Füzuliyə ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib və AZAL-ın ən böyük sərnişin təyyarəsi – “Airbus A340-500” burada eniş icra edib.
Hava limanında ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki, əsas və ikinci dərəcəli radiolokasiya sistemi ilə tam təchiz edilmiş 3 000 metr uzunluğunda və 60 metr enində uçuş-enmə zolağı istifadəyə verilib. Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulub. Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatıb. Bu, Füzuli Hava Limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq. Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.
Füzuli Hava Limanından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Sadalanan hava limanlarından başqa, Azərbaycanda Yevlax Hava Limanı və Abşeronun Zabrat qəsəbəsində yerləşən “ASG Helicopter Services” (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.
İqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib ki, Füzuli hava limanının həm siyasi, həm də iqtisadi tərəfdən müəyyən avantajları var. Onun fikrincə, Füzuli hava limanı iki qitə arasında əlaqələndirici mərkəz halına gələcək: “Siyasi tərəfini siyasətçilər daha yaxşı izah edə bilərlər. İqtisadi tərəfdən Füzuli hava limanı Qarabağın giriş və açar nöqtəsi hesab ediləcək bir strateji yerdə yerləşir. Analiz etsək görərik ki, ümumiyyətlə bir neçə istiqamətdə Füzuli hava limanının bizim üçün strateji əhəmiyyətləri mövcuddur. Bunu ilkin olaraq Prreizdent İlham Əliyev həmin əraziyə səfərində də qeyd etdi ki, Qarabağ turistik ərazidir. Qarabağda baş verən vandalizmi həm göstərmək, həm də yenidən qurulan layihələri turistik layihələri xarici ölkələrin vətəndaşlarına nümayiş etdirib daha çox turist cəlb etmək üçün bu hava limanı bizim üçün çox önəmli bir layihə hesab olunur. Təbii ki, biz zamanla Zəngilanda da, Cəbrayılda da tikiləcək hava limanından, eyni zamanda Füzulidəki hava limanından da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımızdakı bütün potensialımızı göstərmək üçün istifadə edə biləcəyik. Amma ilkin olaraq 1 il müddət ərzində həm ərazilərin minalardan təmizlənməsi, həm orada hava limanının tikilməsi və qısa müddət ərzində də istifadəyə verilməsi təbii ki, bu layihənin olduqca strateji və çox əhəmiyyətli olduğunu göstərir.
Füzuli hava limanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionuna daxil olan rayonların investisiya imkanını artırır. Xarici investorlar hər zaman investisiya yatırdığı regionda hava limanının və nəqliyyat infrastrukturunun uyğun olmasına xüsusi diqqət yetirirlər. Bu baxımdan düşünürəm ki, Füzuli hava limanının orada qurulması həm də Qarabağ investisiya axınına səbəb olacaq.
Bu hava limanının üçüncü iqtisadi əhəmiyyəti təbii ki, ixrac potensialını gücləndirməsi ilə bağlıdır. Regionun olduqca həm kənd təsərrüfatı, həm mədən sənayesi, sənaye məhsullarının istehsalı ilə bağlı olduqca zəngin ehtiyyatları mövcuddur və təbii ki, bu ehtiyyatları gələcəkdə istifadə edib, hansısa yeni məhsulların istehsalı və onların eyni şəkildə beynəlxalq xarici ölkələrə ixracını təmin etməkdə Füzuli hava limanı xüsusi dəstək rolunu oynayacaq. Təbii ki, bu da ölkə səviyyəsində hava limanının özünün xüsusi çəkisini, əhəmiyyətini artıracaq.
Hava limanının Avropa və Asiyanı birləşdirən İpək Yolunun üzərində yerləşməsi Füzuli aeroportunun iki qitə arasında əlaqələndirici mərkəz halına gələ bilər. Təbii ki, Zəngilanda logistik mərkəzin açılışı ilə bağlı Prezidentin də uyğun gördüyü müəyyən layihələr mövcuddur. Eyni zamanda Zəngəzur dəhlizi ilə Avropaya çıxış imkanı, artıq Asiyadan gələn yüklərin Avropaya daşınmasında da Füzuli hava limanının xüsusi rolu olacaqdır ki, bu, həm gəlir baxımından Azərbaycan üçün çox əlverişlidir, həm də strateji olaraq xüsusi əhəmiyyəti var".
Siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının təməli bu ilin yanvarında qoyulub: “Artıq aeroport beynəlxalq statusa malikdir. Aeroportda görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Füzuli Beynəlxalq Hava Limanının Qarabağın hava qapısı kimi dəyərləndirilməsi onun strateji və iqtisadi əhəmiyyətini qat-qat artırır”.
Millət vəkili Vüqar Bayramov deyib ki, Füzuli Beynəlxalq Hava Limanı regionda ən qısa zamanda inşa edilən Beynəlxalq Hava Limanlarından biridir: “Qeyd edim ki, hava limanı uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək”.
Onun sözlərinə görə, Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq: “Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər. Bu amil işğaldan azad edilmiş ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir”.
O, əlavə edib ki, Füzuli rayonu artıq yeni bərpa-quruculuq işlərinə qədəm qoyub: “Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Artıq ilkin sınaq uçuşları həyata keçirilib və Füzuli Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır.
Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir. Horadiz-Ağbənd dəmiryolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub.
Bərpa və yenidən qurmanın daha intensiv şəkildə aparılması və eyni zamanda məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir. Füzuli şəhəri öz tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyur. Biz gülüş və həyatın uzun zamandır işğalda qalan Füzuliyə yenidən qayıtdığını görəcəyik. Füzuli artıq yeni və müasir standartlara uyğun olaraq qurulan bir şəhər olacaq. Bu da təbii ki, Qarabağın həyata yenidən və daha tez qayıdacağı anlamına gəlir.
Allah bütün şəhidlərimizə rəhmət etsin”.

Əli