

Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi 8 fəsil, 30 maddədən ibarətdir.
Qanun layihəsində qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətlərinin tənzimlənməsi və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsasları əksini tapıb.
Qəbul ediləcəyi halda qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir. Bununla belə, qanunun bir sıra müddəalarının qüvvəyə minmə müddətləri fərqlidir. Qazın nəqli, saxlanması, paylanması və satışı üzrə operatorların qaz təchizatı sahəsində digər fəaliyyətlə məşğul ola bilməyəcəklərinə dair tələb 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.
Qazın paylanması tarifləri isə 2027-ci il yanvarın 1-dən 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənəcək. Qeyd edilənlər nəzərə alınmaqla, tənzimləyicinin səlahiyyətləri 2028-ci il iyulun 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Qazın nəqli, qazın paylanması və sənaye qaz qurğusunun istismarı üzrə icazələr tənzimləyici tərəfindən 2028-ci il iyulun 1-dən veriləcək. Tənzimləyici qaz təchizatı sektorunun monitorinqləri də 2028-ci il iyulun 1-dən həyata keçirəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.