“Ət bazarında qiymət təzyiqləri davam edəcək” Cəmiyyət

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

“Azərbaycanda son illər mal və qoyun ətinin idxalının artmasının əsas səbəbi yerli istehsalın daxili tələbatı tam ödəyə bilməməsidir. Heyvandarlıq sahəsində problemlər uzun müddətdir mövcuddur və bu, ət bazarında özünü daha qabarıq göstərməyə başlayıb”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

A.Nəsirli əlavə edib ki, ilk növbədə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur: “Otlaq sahələrinin daralması, torpaqların bir hissəsinin kənd təsərrüfatından kənar istifadəyə verilməsi, suvarma və yem bazası ilə bağlı çətinliklər fermerlərin heyvan saxlamaq imkanlarını məhdudlaşdırır. Yem məhsullarının bahalaşması da heyvandarlığın maya dəyərini artırır və bir çox təsərrüfat üçün bu sahəni rentabelsiz edir. Digər mühüm amil kənd yerlərindən şəhərlərə miqrasiyadır. Əmək qabiliyyətli insanların kənd təsərrüfatından uzaqlaşması heyvandarlıqla məşğul olanların sayını azaldır. Nəticədə, həm heyvanların saxlanması, həm də onların artırılması zəifləyir. Bu da yerli ət istehsalının həcminə birbaşa təsir edir”.

Onun sözlərinə görə, eyni zamanda, əhaliyə düşən ət istehlakı azalmaq əvəzinə stabil qalır, bəzi hallarda isə artır: “Əhali sayı və şəhərləşmə prosesi fonunda bazarda ətə tələbat yüksək olaraq qalır. Yerli istehsal bu tələbi qarşılaya bilmədikdə isə boşluğu idxal hesabına doldurmaq zərurəti yaranır. Bu səbəbdən həm diri mal-qara, həm də hazır ət məhsullarının ölkəyə gətirilməsi artır. Mövcud şəraitdə yerli istehsalla daxili tələbatı tam ödəmək çətindir. Bunun üçün heyvandarlıqda məhsuldarlığın artırılması, yem istehsalının genişləndirilməsi, fermerlərə real və davamlı dəstək mexanizmlərinin qurulması vacibdir. Bu addımlar atılmadığı müddətdə idxaldan asılılıq qalacaq və ət bazarında qiymət təzyiqləri davam edəcək”.

Röya İsrafilova