Şərqi Azərbaycan valisi ilə azərbaycanlı millət vəkilləri arasında gərginlik böyüyür Güney Azərbaycan

Şərqi Azərbaycan valisi ilə azərbaycanlı millət vəkilləri arasında gərginlik böyüyür

Zeynəlabdin Rəzəvi Xurrəm əyalətlərdə məsulların seçilməsi işinə millət vəkillərinin müdaxilə etdiyini deyir.

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm əyalətlərdə məsulların seçilməsi işinə millət vəkillərinin müdaxilə etdiyini deyir.

O, bir sıra parlament üzvlərinin nəzərdə tutduqları şəxsləri vəzifəyə gətirə bilmədiklərində, millət vəkilliyi statusundan istifadə edib və nazirlər vasitəsilə valiliyə təzyiq göstərdiklərini tənqid edib.

“Onların nəzərdə tutduqları şəxslər vəzifəyə layiq olsalar irəli çəkilərlər. Ancaq o adamlar lazım olan göstərici və keyfiyyətlərə malik olmadıqları halda yalnız millət vəkilləri ilə qohumluqları və yaxınlıqları hesabına vəzifəyə təyin olunmaq istəyirlər”-deyə, vali bildirib.

Qeyd edək ki, Şərqi Azərbaycan valisi və əyalətin İran parlamentindəki nümayəndələri arasında ixtilaflar var və bu get-gedə özünü dahada qabarıq şəkildə göstərir.

İbrahim Rəisi prezident seçildikdən sonra Şərqi Azərbaycandan olan millət vəkillərinin çoxunun indiki vali Zeynəlabdin Rəzəvi Xurrəmin valiliyə gətirilməsi ilə razılaşmadıqları üçün onun təyinatı bir neçə ay gecikdi.

Millət vəkilləri azərbaycanlıların və millət vəkillərinin istəklərinin nəzərə alınmadığını və İran Daxili İşlər Nazirliyinin özünə yaxın və sadiq şəxsi əyalətə vali kimi təhmil etmək istədiyini bildirirdilər.

İran daxili işlər naziri Əhməd Vəhidi İran İnqilab Keşikçiləri Korpusunun komandirlərindən olduğu üçün əyalətlərə daha çox “SEPAH” komandirlərinin vali təyin olunmasına çalışırdı və qismən buna nail oldu.

Zeynəlabdin Rəzəvi Xurrəm keçmiş “SEPAH” komandirlərindəndir və onun bir sıra həmkarları indiki valininin bu vəzifəyə layiq olmadığını bildirirdilər.

O, vali təyin olunduqdan sonra 23 oktyabr 2021-ci ildə keçirilən mərasimdə onun keçmiş əmədaşı, “SEPAH” komandirlərindən olan polkovnik Əyyub Əlizadə ona hücum edib.

Bütün bunlarda Şərqi Azərbaycan əyalətinin İran parlamentindəki bir neçə üzvünü, özəlliklə Əhməd Əlirzabeygini günahkar bilən valinin millət vəkilləri ilə münasibətləri gərgin olaraq qalır.

Bunun nəticəsi olaraq iyunun 2-də Təbrizdə İran prezidenti İbrahim Rəisi ilə Şərqi Azərbaycan əyalətinin valisi, məsulları, cümə imamı və millət vəkillərinin keçirilən görüşündə Zeynəlabdin Rəzəvi Xurrəmin göstərişi ilə Əhməd Əlirzabeyginin öncədən planlaşdırılan çıxışına icazə verilmədi.

Gunaz.tv