"Güney Azərbaycan müstəqill olduqdan sonra iqtisadi cəhətdən heç bir problem yaşamayacaq" – AÇIQLAMA Güney Azərbaycan

"Güney Azərbaycan müstəqill olduqdan sonra iqtisadi cəhətdən heç bir problem yaşamayacaq" – AÇIQLAMA

Cənubi azərbaycanlı soydaşlarımız illərdir ki, öz milli kimliklərini qorumaq, hüquqlarını müdafiə etmək üçün mübarizə aparırlar. İranın molla rejiminin əsarətindən qurtulmağı qarşısına məqsəd qoyan həmvətənlərimiz təqiblərə və həbslərə baxmayaraq, milli dövlət qurmağı hədəfləyirlər. Artıq bununla bağlı soydaşlarımız öz niyyətlərini açıq şəkildə dilə gətirirlər. Son zamanlar İranda baş verən etirazlar fonunda Cənubi Azərbaycandakı soydaşlarımızın fəallığı Güney Azərbaycan dövlətinin yaradılacağı ilə bağlı ümidləri artırır. Bəs görəsən Cənubi Azərbaycan müstəqillik qazansa, bu zaman özü-özünü idarə edə biləcəkmi? Yoxsa Şimali Azərbaycana birləşməlidir?

Gunaz.tv

Mövzu ilə bağlı KONKRET.az-a danışan Güney Azerbaycan TV-nin (GünazTV) Bakı studiyasının direktoru Araz Obalı bildirib ki, Güney Azərbaycan müstəqil olduqdan sonra iqtisadi cəhətdən heç bir problem yaşamayacaq: “Yəni özünü yüksək səviyyədə idarə edə biləcək.

Güney Azərbaycanın həm yeraltı, həm də yerüstü sərvətləri var, üstəlik insanları çox çalışqandır. Eyni zamanda təbii sərvətləri kifayət qədərdir və az da olsa fabrikləri işlək vəziyyətdədir. Təbii ki, müstəqillikdən sonra müvəqqəti çətinliklər olacaq.

Amma maksimum 1 ilə özünü toparlaması mümkündür”.

Araz Obalı diqqəti kadr məsələsinə yönəldib və bu istiqamətdə çatışmazlıqların olacağını vurğulayıb: “Məlumdur ki, son 70 il ərzində Güney Azərbaycanın dövlətçiliyi olmayıb. Ona görə də, idarəçilik sistemində müəyyən çətinliklər yaşana bilər. Yəni dövləti idarə etmək üçün təcrübəli kadr çatışmazlığının olacağı qaçılmazdır. Bu baxımdan Şimali Azərbaycanın dövlətçilik təcrübəsindən yararlanmağa ehtiyac olacaq.

Məsələn, xarici siyasət, diplomatiya, daxili işlər, milli təhlükəsizlik və ya sərhəd idarəçiliyində Şimali Azərbaycanın dövlətçilik təcrübəsindən istifadə ediləcəyi mütləqdir. Amma ümumilikdə millət olaraq Güney Azərbaycan dövlətini mükəmməl şəkildə idarə edə biləcəyimizə inanıram”.