GAMAC mühacir parlamenti ilə bağlı bəyanat yayıb Güney Azərbaycan

GAMAC mühacir parlamenti ilə bağlı bəyanat yayıb

"Güney Azərbaycan parlamentinin qurulması prosesini dəstəkləyirik"

GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) Güney Azərbaycanın sürgündə parlamentinin qurulacağı ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: "Bildiyiniz kimi 15 mart 2014-cü ildə Danimarkanın paytaxtı Kopenhaqen şəhərində bir qrup Güney Azərbaycan fəalları bir araya gələrək, sürgündə Güney Azərbaycan parlamentinin qurulacağı qərarını bəyan etmişlər.
GAMAC-ın qurum olaraq keçirilən toplantıdan xəbər və iştirakı olmasa da, biz yaxın aylarda sürgündə Güney Azərbaycan parlamentinin qurulması prosesində yalnız şəffaf və demokratik prinsiplərin uyğulanmasını əsas şərt olaraq bəyan edirik və bu prosesdə xaricdə yaşayan bütün milli və siyasi fəalların qatılımını təmin edən mexanizmin yaradılmasını dəstəkləyirik. Milli hərəkatımızın güclənməsi və demokratikləşməsi baxımından irəli sürülən bu kimi ideya və təklifləri müsbət qarşılayırıq.
Bununla bağlı GAMAC aşağıdakıları bəyan edir:
1. Sürgündə Güney Azərbaycan parlamentinin qurulmasının tərəfdarıyıq və onu dəstəkləyirik.
2. Bu prosesin demokratik və şəffaf aparılması üçün xaricdə yaşayan Güney azərbaycanlı milli və siyasi fəalların hamısının cəlb olunmasını milli hərəkatımızın demokratik prosesinə önəm verilməsi yönündən vacib hesab edirik.
3. Güney Azərbaycanın milli və siyasi qərarları yalnız Güney Azərbaycanlılar tərəfindən, millətimizin milli mənafeyi çərçivəsində verilməlidir.
4. Güney Azərbaycanın milli maraqları ilə bağlı qərarların hər hansı məhdud qrupun təsiri altına düşməsi yolverilməzdir.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi bir daha bəyan edir ki, milli hərəkatımızın və millətimizin gələcəyilə bağlı aparılan bütün proseslərdə milli iradənin ortaya qoyulması olduqca önəmlidir və biz bu prinsipi dəstəkləyirik. Ümid edirik ki, yaxın zamanda qurulması qərarlaşdırılan mühacir Güney Azərbaycan Parlamenti də bu prinsiplər əsasında aparılacaq".
Qeyd edək ki, bir qrup güneyli fəal martın 15-də Kopenhagendə bir araya gələrək Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin qurulduğunu elan ediblər. Qrupun yaydığı bəyanatda 9 nəfərdən ibarət Müvəqqəti Mühacir Parlamentinin məsul heyəti elan olunub. Lakin Dünya Azərbaycanlıları Konqresi bu qərarla razılaşmır. DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə bildirib ki, Konqres "sürgün parlamenti"ndə iştirak etməməklə bağlı qabaqcadan çağırış edib: "Azərbaycanda 26 dəvətlidən yalnız 12 nəfər Danimarkaya gedib və onlardan 3 nəfər bitərəf qalıb. 9 nəfər parlamentin təşəbbüs qrupunu yaratdığını bildirib. 9 nəfər orada olub, 9 nəfər də özünü seçib".
Bununla belə DAK Daimi Şurasının sədri mühacirət parlamentinin yaradılmasını vacib sayır: "Amma bundan öncə müzakirələr keçirilməlidir, məsləhətləşmələr aparılmalıdır. Dialoq, müzakirələr olmadan parlament elan etmək qəbuledilməzdir".