Güney Azərbaycandan toplanmış bayatılar Güney Azərbaycan

Güney Azərbaycandan toplanmış bayatılar

Güney Azərbaycan türklərinin folklorundan danışarkən bayatıların üstündən sükutla keçmək olmaz. Başqa türk xalqlarında olduğu kimi Güney Azərbaycan türklərinin də folklorunda bayatının xüsusi yeri var. İlk öncə onu vurğulamaq lazımdır ki, bayatını mərasimlərdən ayrı təsəvvür etmək olmaz. Yəni əksər mərasimlərin icrası bayatılarla müşayiət olunur. Ancaq təəssüf doğuran haldır ki, Azərbaycan folklorunda olduğu kimi Güney Azərbaycan türklərindən toplanmış bayatılar da mərasimin tərkib hissəsi kimi deyil, mərasimlərdən ayrılaraq çap olunub. Daha dəqiq desək, bayatıların konteksti məsələsi aydınlaşdırılmamış qalıb. Bu da nəşr olunmuş bayatıların funksiyasını anlamaqda çətinlik yaradır. Bu səbəbdən də istər-istəməz araşdırıcını bayatının məzmununa əsasən fikir yürütməyə məcbur edir:

Qızılgül axçalandı,
Dibi tabaxçalandı.
Səni kimlər qarğıdı?
Paltarın boxçalandı.

Gəlin, gəlin, qız gəlin,
İncilərin düz, gəlin.
Yeddi oğul istərəm,
Sonbeşigin qız, gəlin.

Misal kimi verdiyimiz bayatıların məzmununa əsasən belə demək olar ki, birinci bayatı yas məclisində, ikinci bayatı isə toyda deyil. Güney Azərbaycan türklərinin arasında vəsfi-hal məclislərinin təmtəraqla keçirilməsi məlumdur. Vəsfi-hal məclislərini isə bayatılarsız təsəvvür etmək mümkün deyil. Mərasimin icrası zamanı sudan çıxan hər bir əşya bayatının müşayiəti ilə göstərilir və deyilmiş bayatıların məzmununa əsasən əşya sahibinin təzə ildəki taleyi müəyyənləşdirilir. Aşağıdakı bayatılar da çox güman ki, vəsfi-hal mərasimində söylənilib:

Əlində bayda gəlin,
Durubdu çayda gəlin.
Allah mətləbin versin,
Açılan ayda gəlin.

Ancaq məsələnin bu tərəfi də var ki, bayatının məzmununa baxıb fikir yürütmək həmişə istənilən nəticəni vermir. Güney Azərbaycan türklərindən toplanmış bayatıların bir qismini də alqış, qarğış, giley-güzar məzmunlu bayatılar təşkil edir:

Aşıq gözə gəlməsin,
Ceyran düzə gəlməsin.
Getsin qara buludlar,
Bir də bizə gəlməsin.

Sarı çuxam yırtılsın,
Yaxam səndən qurtulsun.
Qarğışa dilim dönməz,
Burnun yerə sürtülsun.

Bu tipli bayatıların harada, nə zaman və nə məqsədlə deyilməsi məsələsi qaranlıq qalır. Azərbaycan folklorunda alqış və qarğış mərasimlərinin vaxtilə mövcud olması ilə bağlı müəyyən məlumatlar qeydə almışıq. Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, bu mərasimlər artıq unudulub, orada söylənilən mətnlərin az bir qismi isə yaddaşlarda qalıb. Həmin mərasimlərlə bağlı materialların azlığı bu təxminimizin doğru olmasını isbat etməyə imkan vermir. Konkret funksiya məsələsində ciddi problemlərin olmasına baxmayaraq, Gü- ney Azərbaycan türklərinin bayatılarında maraqlı hallarla da üzləşmək mümkündür. Çap olunmuş bayatıların arasında türk mifoloji inamlarını özündə əks etdirən nümunələrlə qarşılaşırıq.
Məsələn:

Ay doğdu peşman-peşman,
Gün oldu ona düşman.
Ürəkdə bir dərdim var,
Nə dost bilir, nə düşman.

Türk xalqlarından toplanmış miflərin bir hissəsini də Ay və Günəşlə bağlı söylənilən mətnlər təşkil edir. Bu mətnlərdə Ay və Günəş bacı-qardaş, iki sevgili və s. kimi təsəvvür olunur və onların bir-birindən ayrılma səbəbləri göstərilir. Yuxarıda verdiyimiz bayatının əvvəlki iki misrasında həmin mifoloji görüşlərə işarə edilir. Yeri gəlmişkən qeyd edək ki, bu bayatının bir variantını da Qarabağ bölgəsinin Tərtər rayonundan toplamışıq. Toplanıb nəşr olunan bayatılara nəzər saldıqda onların bir qisminin yaranmasında atalar sözlərindən, deyimlərdən istifadə olunduğunu görürük:

Əzizim, azmamışam,
Nahəx söz yazmamışam.
Quyu qazan düşər,
Mən quyu qazamışam.

Əzizim, adı qalar,
Mivənin adı qalar.
İyit özü getsə də,
Yurdunda adı qalar.

Bulut dağdan oğranıb,
Para-para doğranıb.
Qoca kötüh üsdündə
Çoxlu budağ doğranıb.

Misal kimi göstərdiyimiz bayatıların birincisində "Özgəyə quyu qazan özü düşər" atalar sözündən, ikincisində "İgid ölər, adı qalar" atalar sözündən, üçüncüsündə isə "Qoca kötük üstündə çox çırpılar doğranıb" deyimindən istifadə olunub. Bu deyim adətən kiminsə çox yaşlı olması səbəbindən ömrünün az qalmasına işarə vurulduqda işlədilir. Həmin deyimin "Səhəng yanında çox dolçalar qırılıb" variantı da var:

Bir yaralı qoçam mən,
Yerim yoxdu uçam mən.
Ürək ki süfrə degil,
Hər gələnə açam mən.

Misal kimi göstərdiyimiz bu bayatı da "Ürək süfrə deyil ki, hər gələnə açasan" deyimindən bəhrələnərək yaradılıb. Ancaq burada diqqətimizi çəkən başqa bir məqam da var. Bayatının ikinci misrasında işlədilən "uçmaq" feili yerinə düşmür, daha doğrusu, birinci misra ilə uyuşmur. Birinci misradakı "qoç" isminə görə ikinci misrada "qaçmaq" feilindən istifadə olunmalı idi. Qoç uçmaz, qaçar. Feilin səhv işlənməsi müxtəlif səbəblərdən baş verə bilər. Bu, söyləyicinin xətası ola bilər. Yəni söyləyici ümumi məzmuna uyduğu üçün çaşıb səhvən "Yerim yoxdu qaçam mən" əvəzinə "Yerim yoxdu uçam mən" deyə bilər. Yaxud toplayıcı mətni yazıya köçürərkən "qaçam" əvəzinə "uçam" yaza bilər. Bu, tərtibçinin xətası ola bilər. Həmçinin mətni kompyuterdə yığan şəxs də səhvən "qaçam" əvəzinə "uçam" yaza bilər. Onu da qeyd edək ki, növbəti səhifədə həmin bayatı bir qədər fərqli formada verilib:

Çıxaram dağlara mən,
Yerim yoxdu qaçam mən.
Ürək ki süfrə degil,
Hər gələnə açam mən.

Bayatının bu variantı əvvəlki variantla müqayisədə poetik baxımdan zəifdir. Burada tərtibçinin xətasını da qeyd etmək yerinə düşər. Bayatı mətnləri çap olunarkən onların variantları yanlarında = (bərabərlik) işarəsi qoyularaq verilməlidir. Yəni eyni bayatının bir neçə variantı müstəqil bayatı kimi ayrı-ayrılıqda verilə bilməz.
Güney Azərbaycandan toplanmış bayatıların çap olunduğu kitablara baxdığımız zaman bu kimi xətalarla tez-tez üzləşirik. Eyni bayatının olduğu kimi həm müxtəlif kitablarda, həm də eyni kitabda çapı da tez-tez gözə dəyən qüsurlardandır. Onu da deyək ki, bu cür xətalara yalnız Güney Azərbaycandan toplanmış bayatı mətnlərinin tərtibi zamanı deyil, Quzey Azərbaycandan toplanıb çap olunmuş bayatılar arasında da rast gəlinir. Güney Azərbaycan türklərindən toplanmış bayatıların arasında dastanlardan bəhrələnərək yaradılan dördlüklərin də olmasını görürük.

Əzizinəm, san verər,
Açma, yaram qan verər.
Çölləri gəzən Məcnun,
Leyli deyib can verər.

İgidin bir atıdır,
Bir də təmiz zatıdır.
Koroğluda qoçaqlıq,
Onun ehtiyatıdır.

Bayatılarda yer-yurd adlarının işlənməsi qanunauyğun haldır. Bu, yalnız qafiyə yaratmağa xidmət etmir, eyni zamanda həmin bayatıların hansı bölgənin sakininin dilindən söylənməsinin göstəricisidir. Əslində bu bayatılar ümumtürk bayatılarının həmin bölgəyə xas variantlarıdır:

Ağ maya düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.

Əzizim, oda salmaz,
O Xoydu, o da Səlmas.
Səməndər də mənimtək
Özünü oda salmaz.

İkinci bayatıda Xoy, Səlmas kimi yer adlarının işlənməsi ilə yanaşı, son iki misrada Səməndər quşu haqqında söylənilən miflərə işarə olunmasını görürük. Bu bayatı sənətkarlıq baxımından da möhtəşəmdir. Birinci və dördüncü misralarda işlədilən "oda" sözü od, atəş isminin yönlük hal forması, ikinci misradakı "o da" kəlməsində isə "o" işarə əvəzliyi, "da" bağlayıcıdır. Bayatını deyən şəxs "oda" kəlməsini iki formada işlədərək həm məzmunca, həm də formaca gözəl folklor nümunəsi yaratmağa nail olub.


Ləman Vaqifqızı
filologiya üzrə fəlsəfə doktoru