Qulam Yəhyanın xatirələri Güney Azərbaycan

Qulam Yəhyanın xatirələri

(Əvvəli qəzetimizin ötən saylarında)

V yazı
Bizi mühakimə edənləri sanki gözlənilmədən tok vurdu. Onlar özlərinə gələnədək mən sözlərimə ara verərək, qeyd etdim ki, siz ittihamnamədə qeyd edirsiniz ki, mən sovet nümayəndəsini tərksilah etmişəm. Başqa cür daha dəqiq desək, deməli, mən silahlı sovet nümayəndəsinin silahını almışam. Ona görə də məhkəmədən xahiş və tələbim bundan ibarətdir ki, mənim tərksilah etdiyim sovet hərbi şəxslərinin özləri və ya şurəvi dövlətinin nümayəndəsi də bu məhkəmədə iştirak etsinlər. Mənim haqlı tələbim yerinə yetirilməyənə qədər məhkəmənin suallarına cavab verməyəcəyəm. Mənim sualım, çıxışım və tələbim oradakıların hamısı üçün gözlənilməz oldu.
Qısa, qırıq, əlaqəsiz və məntiqsiz danışıqlardan sonra məhkəmənin gedişi bir gün tətil edildi. İkinci gün elan edildi ki, bizim işimizə hərbi məhkəmə deyil, ədliyyə məhkəməsi baxacaq. İşin hərbi məhkəmədən adi məhkəməyə verilməsi, irticanın geri oturması və bizim qələbəmiz idi. Ədliyyə məhkəməsi bir daha işə yenidən baxmadan, yoldaşları zəmanətə buraxmaq qərarına gəldi. Yoldaşlar məhkəmənin qərarına etiraz əlaməti olaraq zindandan çıxmaq istəmirdilər. Onlar mənim də zindandan buraxılmağımı tələb edirdilər. Mən yoldaşları bir yerə toplayıb, onlarla danışdım ki, irticanın hər dəfə geri oturmasından istifadə etməliyik. Yoldaşlar mənim məsləhətimi qəbul edib, zindandan çıxdılar. Yenə də onu deyim ki, yoldaşlar məndən ayrılmaq istəmir və ayrılıb, gedərkən gözlərindəki qəzəb və qəhər parıltıları, ürək döyüntüləri, yumurlanmış yumruqların dediklərini yazmaq hər halda hər adamın işi deyil. Yoldaşlar gedəndən sonra mən yenə də aclıq elan edib, təklifimin müəyyən edilməsini tələb etdim. Aclıq elan etdiyimin həftəsi tamam olan günü bütün zindan aclıq elan etdi. Artıq biz zindanın "köhnə" sakinlərinə çevrildiyimiz üçün bundan əlavə nə üstə zindanda olmağımızı hamı bilirdi. Ona görə də bütün zindandakıların mənə qarşı rəğbətlə hörmət əlaməti olaraq aclıq elan etməsindən qorxuya düşən irtica məndən də zəmanət istədi, zəmanət verəndən sonra məni də zindandan azad etdilər. Mənim zindanda qaldığım müddətin hər ayı, həftəsi, günü və həm də bəzən saatları haqqında xatirəm, özü də cürbəcür xatirələrim var. Ancaq yuxarıda qeyd etdiyim kimi buna hələlik imkan yoxdur.
Zindandan çıxandan sonra, evimizdə və kəndimizdə məni nə qədər səbirsizliklə gözlənənlərin olmasını yaxşı bilir, hiss edir və bunun üçün özümün tələsməyimə baxmayaraq kəndimizə deyil, Saraba getdim. Mənim gəlmək xəbərimi eşidən yoldaşlar gəlib görüşdülər və çox tez gəlməyim xəbəri kəndlərə yayıldı. Dəstə-dəstə kəndlilər gəlib, mənimlə görüşürdülər. Tək-tək görüşmək mümkün olmadığına görə Sarab hizbi təşkilatının heyətində gündə üç dəfə mitinq təşkil olunur və mən mitinqdə çıxış edib, hizbimizin, hizb üzvlərinin qarşısında duran vəzifələrdən, beynəlxalq aləmdə və İranda baş verən hadisələr haqqında danışmalı olurdum. Belə görüşlərimiz yoldaşlarımızın əhval-ruhiyyəsində çox böyük təsir buraxırdı.
Mənim Sarabda olmağımdan xəbər tutan anam və bacılarım sifariş göndərib, yolumu səbirsizliklə gözlədiklərini bildirirdilər. Nəhayət, xəbər tutdum ki, atamı dalımca Saraba göndərmək istəyirlər. Ona görə də üç gün Sarabda, dediyim kimi yoldaşlarla görüşdükdən sonra kəndimizə, daha doğrusu, evimizə getdim. Kəndlilərin dəstə-dəstə axışıb, Saraba gəlib mənimlə görüşmələri, Sarab irticasını, birinci növbədə jandarm nəzmiyyə və ustandarlığı bərk qorxuya salmışdı. Ona görə də onlar Təbriz ustandarına güzariş yazaraq, bildirmişdilər ki, Qulam Yəhyanın zindandan buraxılması və kəndlilərin belə həvəs və səmimiyyətlə onunla görüşmələri bir daha 1941-ci il hadisələrinin təkrarlanmasına səbəb ola bilər. Məhz ona görə də Təbriz ustandarından xahiş edirdilər ki, mümkün qədər məni tezliklə Sarabdan uzaqlaşdırsınlar.
Ustandar hizbin Təbriz əyaləti komitəsindən xahiş etmişdi ki, məni Sarabdan uzaqlaşdırsınlar. Nə qədər ki, "Naguvar" hadisə baş verməyib, mənim Sarabdan uzaqlaşdırılmağımı məsləhət görmüşdülər. Məni hizbin əyaləti komitəsi tərəfindən Təbrizə istədilər. Mən də getdim. Orada Badiqan, Əmirxizi və Artaşestlə görüşüb, söhbət etdikdən sonra onlar ustandarın təklifi haqqında mənim fikrimi soruşdular. Mən cavabında dedim ki, hizb necə məsləhət görsə, elə etmənə hazıram. Eyni zamanda hizbin rəhbərliyinə bildirdim ki, uzun müddət həbsdə qaldıqdan sonra onlar məni heç cür məhkum edə bilmədilər və həqiqətən də mənim hizbi təşkilatı fəaliyyətimdən başqa heç bir günahım yox idi. Ona görə də onlar məni Sarabdan uzaqlaşdıra bilməzlər. Bir qədər söhbətdən sonra belə məsləhət gördülər ki, mən başqa yerdə işləyim. Bu məsləhətə razı oldum. Ancaq yoldaşların yadına saldım ki, mənim Sarabdan götürüldüyüm qarşılığında ustandardan bir şey "qoparmaq"
lazımdır. O zaman Təbriz zindanında çoxlu siyasi məhbus var idi. Yoldaşlar ustandarla görüşəndə, zindandakı yoldaşlarımızdan üç nəfərinin azad edilməsinə razılıq verildi. Yoldaşlarla məsləhətləşdik və Miyana təşkilatına getməli oldum. Mən Miyanaya gedəndən sonra hələ Bakıda tanıdığım Məhərrəm Danaigildə qaldım. Sonradan bildim ki, mənim Danainin evində qalmağım, Miyanadakı hizbi aktivin xoşuna gəlməyib, ona görə də yoldaşlar nədənsə mənə yaxın gəlmək istəmirdilər və mənə elə gəldi ki, nə isə yoldaşlar təşkilatdan bir qədər kənarda qalırlar. Mən belə vəziyyətin əsas səbəbini fovri hiss etmədiyim üçün dəmir yol fəhlələrinə yaxınlaşdım və onların yaxından kömək və iştirakı ilə kəndlərdə çox yaxın vaxtda təşkilatı bərpa etdik: hər yerdə hövzələr dair edildi və hövzə iclasları təşkil olmağa başladı. Çox keçmədən Miyana aktivi ilə bir-birimizi "başa düşdük". Yoldaşlar qollarını çırmalayıb işə girişdilər. Az müddət içərisində Miyana təşkilatı mütəşəkkil oldu.
Miyana təşkilatı bir sıra mühüm təşkilati işlər gördü. Onlardan bir neçəsi aşağıdakılardır: Xalxala aid olan Kağızkunan mahalında təşkilat yaratmağı hizbin Təbriz əyaləti komitəsi Miyana təşkilatına həvalə etdi və Miyana təşkilatı bu işin öhdəsindən layiqincə gəldi.
Bu zaman Xəmsə mahalının ən böyük feodalı Zülfüqari və Seyid Ziyaiddin vasitəsilə Zəncanda yaradılmış xeyriyyə təşkilatına bütün irticai qüvvələrlə yanaşı polis və jandarm yaxından kömək edirdilər. Bu da şübhəsiz, hizbi təşkilatların fəaliyyətinə mane olurdu. Onlar hizbin üzvlərini döyür, təhqir edir, həbsə almaqla yanaşı hizbi təşkilatların tablolarını çıxarır, binalarını uçurur, bir sözlə, hizbin fəaliyyətinə təsirli surətdə maneçilik törədirdilər. Belə yaramaz hərəkətlərin qarşısını almaq və hizbin Xəmsə təşkilatını yenidən bərpa edib, həqiqi təşkilat şəklinə salmaq məqsədilə Miyana təşkilatı Zəncanda böyük mitinq təşkil etdi. Bu mitinqdə Zəncan aktivindən başqa Miyana dəmiryol fəhlələri də fəal iştirak etdilər. Bu əzəmətli qüdrətin qarşılığında Xəmsə irticai geri oturmalı oldu ki, bu da Zəncan təşkilatının kökündən yaxşılaşmasına, dirçəlməsinə bir sözlə, əsaslı qüdrətlənməsinə səbəb oldu. Miyana dəmiryolu hizbin hərtərəfli qüvvətlənməsində həlledici rol oynayırdı. Mərkəzi həmkarlar ittifaqının köməyi ilə, dəmiryolu vasitəsilə yük daşıyan vaqonlar Miyana təşkilatının ixtiyarına verilmişdi. Ona görə də Tehrana və başqa yerlərə yük aparmaq istənən tacirlər Miyana təşkilatına müraciət etməli olurdular. Təşkilat yolu ilə alınan vaqonları dəmir yol fəhlələri növbədən kənar səliqə-səhmanla yükləməkdən başqa ilk imkanda yola salırdılar. Ona görə də tacirlər üçün hizbdən vaqon alma daha sərfəli və əlverişli idi.
Biz verdiyimiz vaqonlara aldığımız kirayənin bir hissəsini təşkilatın ehtiyaclarına sərf edir və qalanını mərkəzi həmkarlar ittifaqına göndərirdik. Az müddət içərisində Miyana təşkilatı xeyli qüvvətləndi və nüfuzu durmadan artmağa başladı. Cavanların öz qüvvəsilə təşkil edilmiş klubda gözəl tamaşalar verilməyə başladı. Bu tamaşaları bu işə həvəsi olan özfəaliyyət qrupları təşkil edirdilər. Klub həqiqətən yoldaşların həqiqi istirahət ocağına çevrilmişdi. Tamaşalar və konsertlər çox vaxt pulsuz təşkil edilirdi. Kluba təkcə hizb üzvləri deyil, başqaları da çox həvəslə gəlirdilər. Ən maraqlı cəhət ondan ibarət idi ki, cavanlardan başqa yaşlılar və qadınlar da böyük dəstələrlə gəlirdilər. Bir sözlə, klub hamının mədəni istirahət yerinə çevrilmişdi ki, təşkilat bir çox tədbirlərini burada keçirirdi. Miyana təşkilatının nüfuzunun belə surətlə artması hər halda Miyana və Kərmərud irticai qüvvələrini narahat etməyə bilməzdi. Bu təkcə onların hər cəhətdən nüfuzdan düşməsinə səbəb olmaqla bitmir, eyni zamanda onların maddi və mənəvi cəhətdən hörmətdən düşmələrinə səbəb olurdu. Ona görə də onlar təşkilata qarşı mübarizəyə kəndlərdən, hizbin ilk təşkilatlarından başlamaq qərarına gəldilər. O zaman hizbin əleyhinə mübarizədə irticanı ümidvar edən vasitələrdən ən "etibarlısı" Seyid Ziyaiddin tərəfindən yaradılmış xeyriyyə təşkilatları idi. Bu təşkilata dini rəng verərək ruhaniləri də öz tərəflərinə çəkmək fikrində idilər. Onların fikrincə, hizb bir növ siyasi təşkilatdırsa, xeyriyyə dini təşkilat olub, birinci növbədə fəqir-füqəranın mənafeyini "Müdafiə" edir, hakim təbəqə xeyriyyə təşkilatının mahiyyətinin həqiqətən nədən ibarət olmasını yaxşı bilir və bu təşkilata hərtərəfli yardım və kömək edirdilər. Xüsusilə mülkədar, qolçomaqlar, ortabab kəndlilərin qolçomaqlığa doğru gedən hissəsi torpaq mülkiyyətçisi olan ruhanilər hakim təbəqənin mənafeyini müdafiə edən dini məqamlar (Məscid, Hüseyniyyə, İmamzadə və s.) və nəhayət, dövlət məmurları xüsusilə yüksək rütbəli dövlət məmurları, polis, jandarm, ustandarlıq, bir sözlə, hakim təbəqənin demək olar, yeganə istinad etdiyi sahə o zaman təşkil edilmiş xeyriyyələr idi. Hakim təbəqə bu xeyriyyələr vasitəsilə təbliğat etməklə yanaşı, zorakı tədbirlərə də əl atmaqdan çəkinmirdi, xeyriyyələr vasitəsilə hizb aktivini ləkələmək, hizbin özünü dinə və milli xüsusiyyətlərə zidd olması haqqında geniş təbliğat aparmaqla yanaşı hizbin tablosunu götürür, hizb üzvlərini, ələxsus onun aktivini ləkələyir, imkan olduqda onu təhqir edir və gücü çatırsa kənddən çıxarır, icarə etdiyi torpağı geri alır, zorkalıqlar, qarətlər, yanğınlar və s. bu kimi tədbirlərə də əl atırdılar. Bir sözlə, hizbin və onun aktivinin əleyhinə əllərindən gələn bütün tədbirlərə əl atmaqdan çəkinmirdi. Onlar bununla kəndliləri qorxudub, təşkilatdan uzaqlaşdırmağa çalışırdılar. Onların qarşılığında hizb də geniş və ətraflı təbliğat aparır, irtica təşkilatının əsas mahiyyətini, onun məqsədini konkret faktlar əsasında daim ifşa edirdi. Yaramaz hərəkətlərə qarşı hizbin bütün tədbiri ilə birlikdə o təşkilatları möhkəmləndirməyi hər şeydən üstün tuturdu. Odur ki, düşmənin bu növbəti "hücumu" da istənilən nəticəni verməməklə yanaşı hizbi təşkilatların daha da möhkəmlənməsinə səbəb oldu. Hizb üzvləri əməldə bir daha gördülər ki, sinfi düşmən və onu müdafiə edən dövlət dəstgahına qarşı təsirli mübarizə etmək üçün hizbi təşkilatı daha da möhkəmləndirmək lazımdır.