Pişəvərinin zindanda son günləri və mübarizəsinin yeni çağının başlanması Güney Azərbaycan

Pişəvərinin zindanda son günləri və mübarizəsinin yeni çağının başlanması

S.C.Pişəvəri 10 il "Qəsr-Qacar" zindanında siyasi məhbus kimi yatarkən onun istintaqı 1930-cu ilin yanvarından başlayıb 1940-cı ilin martın 3-dək davam etmişdi. O, dövlət əleyhinə olan və təbliğat aparan partiyaya üzv olmaqda, rejim əleyhinə məqalələr yazıb cəmiyyəti pozmaqda müqəssir bilinsə də, 20-dən çox ona qarşı qurulmuş "Divan məhkəməsində" irəli sürülən heç bir ittihamı boynuna almamışdı. Ölkənin təhlükəsizliyinə və istiqlaliyyəti əleyhinə fəaliyyətdə suçlanan və cinayət məcəlləsinin 1 və 5-ci maddələri ilə 10 il tamam həbsdə yatmış S.C.Pişəvərinin son istintaqı 1318-ci ilin İsfəndin 12-də (1940-cı il martın 4) olmuşdu.
Son istintaqda dövlət ittihamçısı Əhməd Asim, Əmniyyət İdarəsindən Həsən Səmii, Polis İdarəsindən Məhəmmədəli Aştiyani, "vəkil" Hüseyin iştirak ediblər. Əvvəl müttəhimə özü haqqında danışmağı əmr edirlər (kimdir, nəçidir, harda doğulub, ailə tərkibi, savad dərəcəsi, keçdiyi həyat yolu və həbsə alınması və s.). Son sözündə S.C.Pişəvəri üzünü onu istintaqa çəkənlərə tutaraq deyir: "Heç bir dəlil-sübut olmadan mən günahsızı 10 ildir həbsdə saxlayırlar. Gördüyünüz kimi mən bu müddətdə bu günə düşmüşəm... cavanlığımı əldən verdim!.. Özümü müdafiə etmək niyyətim yoxdur. Fəqət ədalətli hökm çıxarmağınızı istəyirəm".
Sonra yenə vərəqədəki əvvəlki faktlar sadalanır:
Adı: Mir Cəfər
Famili: PiŞəvəri
Atasının adı: Mir Cavad
Doğulduğu il 1313 (hicri) və yer - Xalxal. Hazırda 47 yaşı var. Mənzilinin sahibi ağaye Möid Əlməmalik
Yaşadığın son adres: Tehran, Bəxş Həsənabad, Çahar rah Vüzarət Cəng,
İntixabiyyə küçəsi (nömrəsi yoxdur)
Ailəsi: həyat yoldaşı Məsumə Rəhmani, oğlu Darıyuş
Həbsə alındığı tarix: 6 dey 1309-cu il (yanvar 1930)
Həbsə alınması səbəbi: kommunistlik, rejim əleyhinə təbliğat, İran əleyhinə xaricilərlə birgə fəaliyyət, anti rejim yazılar, rejim əleyhdarları ilə həmkarlığı...
Həbs müddətinin vaxtı qurtarmasına baxmayaraq istintaqın vaxtı yenidən uzadılır. Növbəti son istintaq 1 ördbeheŞt 1319-cu ildə (aprel 1940) yenidən davametdirilir.
Bu istintaqda verilmiş həbsin müddəti qurtardığına görə S.C.Pişəvəri 2 ördbeşt 1319-cu ildə (1940-cı il 23 iyun) həbsdən azad edilib, 3 il müddətinə Kaşana sürgün edilir. S.C.Pişəvərinin istintaqlar zamanı suallara verdiyi cavablar diqqəti çəkir. Məsələn, 14 isfənd 1309-cu il (mart 1940) istintaq materiallarına nəzər salaq.
Sual: Siz kommunist əqidəsində varsızmı?
Cavab: Əvvəlcə də demişəm ki, xeyir, daha mən bu əqidədə deyiləm.
Sual: Səbəbi nədir?
Cavab: Əvvəllər kommunistiər və onların əqidəsi haqda yetərincə məlumata malik deyildim. Bu haqda 7-8 il mütaliə etdim və mənə sübut oldu ki, bu əqidənin İranda ayaq tutması çox tezdir. Kommunistlər fəhlə sinfinə arxalanırlar, onların dayağı bu sinifdir, bu sinif isə İranda yox dərəcəsindədir. Təsəvvür etmirəm ki, heç 100 il bundan sonra da fəhlələr bir sinif kimi ortaya çıxsın və millətimizin əksəriyyətini təşkil edə bilsin. Daha sonra mən Bakıda olarkən Kommunist rəhbərlərin çoxu Arazın bu tayından gələnlərə yaxşı münasibət bəsləmədiklərini, bizə inanmadıqlarını gördüm. Mühüm işlərdən və vəzifələrdən bizi kənar saxlayırdılar. Yeri gələndə təhqirdən belə çəkinmədikərinin şahidi oldum. Bu yanaşma onların əvvəl dediklərinə zidd hərəkətlər idi. Bu, məni tədricən onlardan uzaqlaşdırdı.
Qacarların devrilməsi məni nikbin etmişdi, lakin sonra... Ailəmin vətənə qayıtmaq istəyi məni əvvəlki fəaliyyətdən və onlardan ayırdı... Mən 1924-cü ildən sonra (Moskvada Sovet rəhbərliyinin ona göstərdiyi soyuq münasibətdən sonra - Ə.R) heç bir siyasi təşkilatda iştirak etməmişəm. İştirakıma aid heç bir dəlil və sübut da ola bilməz.
S.C.Pişəvəri 1940-cı il aprelin 22-dəki son (1 ord behişt 1319) məhkəmədə həbsdən azad edilsə də yenidən Kaşan şəhərinə sürgün olunur. S.C.Pişəvərinin Kaşana sürgün olunması ilə bağlı doktor Salamulla Cavid xatirələrində yazır: "... S.C.Pişəvəri, Məmi Nünəkərani (Dehqan) və mənim tanıdığım baŞqa yoldaŞlarım uzun müddətli həbsdən sonra Kaşana sürgün edilibər. Onları sağ-salamat görməyimə çox sevindim.
Mərkəzdən göstəriş alan Kaşan polisi və Əmniyyət idarəsi S.C.Pişəvəriyə və onunla həmfikir olanlara burada da rahatlıq vermirdi. Onları vaxtaşırı idarəyə çağırtdırır, sorğu-suallara tutur və şübhələndiklərini bildirirdilər. Kaşandakı sürgün həyatı haqda S.C.Pişəvəri sonralar yazırdı: "...1319-cu ildə 10 illik həbsdən sonra (S.Cavid onlardan əvvəl bura sürgün edilmişdi. Pişəvəri ilə birlikdə Dadaş Tağızadə, Mir Əyyub ġəkiba, Məhəmməd Nünəkərani (Dehqan), Əbülqasim Musəvi, Əbülqasim İsgəndəri, sonrakı illərdə isə Tağı Şahin və başqaları zindanda Pişəvəri ilə birgə yatıblar - Ə.R.) Kaşana sürgün edildim. Bu sürgün mənə həbsxanadan da pis oldu. Ancaq ruhdan düşüb məyus olmurdum. Bir xaraba həyəti olan evdə gün keçirirdim. Kimsə ilə söhbəti belə mənə qadağan etmişlər. Sürgün olmuş yoldaşımın 10 yaşlı qız uşağı ilə belə salamlaşmağa, danışmağa icazə vermirdilər. 22 nəfər sürgündəki yoldaşlarımla birgə məni yenidən həbs etdilər. Yalnız Şəhrivər hadisəsindən (müttəfiq qoşunlarının İrana daxil olmasından) sonra azad olub Tehrana yollandım".
S.C.Pişəvəri Tehrana 1941-ci il sentyabrın 14-də gəldi və ailəsinə qovuşdu. Dərzilik etməklə yeganə övladını saxlayan Məsumə xanımın gəliri ailəni maddi cəhətdən yetərincə təmin edə bilmədiyindən S.C.Pişəvəri Tehrana gələn gündən iş axtarmalı oldu. Yaxın yoldaşları maddi cəhətdən ona köməklik göstərsələr də, ailəni dolandırmağa və hər hansı ictimai fəaliyyəti üçün bu, yetərincə deyildi. Zindan və sürgündən azad olmuş S.C.Pişəvəriyə ilk işi təklif edən, keçmişdə Gilandan tanıdığı Əhməd Əsədi adlı bir şəxs olmuşdu. O, S.C.Pişəvərini Tehranın Firdovsi xiyabanındakı şirkətində işə qəbul etmişdi.
Mayası azadlıq və demokratiya yolunda mübarizə ilə yoğrulmuş S.C.Pişəvəri zindan həyatından sonra Tehrandakı siyasi mühitə tez alışdı. O vaxt ölkədəki diktatura üsul-idarəsinə qarşı çıxan bir dəstə ziyalının iştirakı ilə siyasi bir partiyanın - İran Xalq partiyasının (Hizb Tude İran) ilk özəyini yaratmağa təşəbbüs edildi. S.C.Pişəvəri bu təşəbbüsə qoşulanlardan olmuşdu. Bir çox mənbələrin yazdıqlarından və hadisələrin iştirakçısı və ya şahidi olanların xatirələrindən bəlli olur ki, İXP-nın ilk özəyi böyük azadlıq mücahidi və rəhbəri Süleyman Mirzə İsgəndərinin evində təşkil edilmiş toplantıda qoyulmudu.
S.C.Pişəvəri bu haqda yazır: "Zindandan azad olduqdan sonra Süleyman Mirzənin evində onun tərəfindən qəbul edildik". Süleyman Mirzənin evindəki toplantıda S.C.Pişəvəridən başqa İ.İskəndəri, Rza Rusta, Əbdülqədir Azad da iştirak ediblər. Başqa bir mənbədə qeyd olunur ki, "S.C.Pişəvəri zindandan azad olduğu ilk günlərdə İXP yaradılmasından öncə tarixə çevrilmiş keçmiş Demokrat partiyasını yenidən ehya (bərpa) etmək fikrində olmuşdu".
Süleyman Mirzənin evindəki toplantıda İXP ilk özəyinin yarandığı haqda qərar qəbul olunur. Özəyin ilk müvəqqəti məramnaməsinin hazırlanması və yazılması İ.İskəndəri ilə S.C.Pişəvəriyə tapşırır. Müvəqqəti məramnamədə diktatura ilə mübarizə, ölkənin istiqlaliyyətinin qorunması, demokratik azadlıqlar, sülh və s. məsələlərə xüsusi yer verilir. 1941-ci ilin sentyabrın sonunda yaradılmış İXP-nin özək təşkilatına sonrakı aylarda xeyli adam daxil olduğundan özək təşkilatı müstəqil partiyaya - İXP-na çevrilmişdi. Partiya rəhbərliyinə gəlmiş adamların bir çoxunun siyasi baxışlarında, taktiki məsələlərdə, xüsusən partiyanın sinfi tərkibi və mübarizənin istiqaməti və s. məsələlərdə S.C.Pişəvəri ilə bəzi rəhbər iddiasında olanlar arasında prinsipial və fərqli cəhətlər meydana çıxır. Məhz buna görə də 1942-ci ilin oktyabrında(1321-ci il Mehrin 17-də) İXP-nin çağrılmış ilk konrfansında partiyanın MK-sinə seçilən 15 nəfər içərisində S.C.Pişəvərinin adına rast gəlmirik. Bu faktı Ənvər Xameidə xatirələrində və başqa mənbələrdə təsdiq edir.
Belə qənaətə gəlməyə əsas var ki, İXP-nin təsis toplantısında və məramnamənin hazırlanmasında iştirak edən S.C.Pişəvəri İXP MK üzvü olmamışdı. O, hələ zindandan fikir və düşüncələrinə yaxşı bələd olduğu Ardaşes Ovanesyan, Xəlil Məliki, Yusif İftixar və başqa bu kimi dönüklərlə bir sırada olmaq istəməmişdi.
S.C.PiŞəvərinin İXP rəhbər özəyindən uzaqlaşmasının başqa səbəbləri də var: İXP özünü kommunist məramlı partiya hesab etmiş, sinfi mübarizəni qəbul edərək mübarizədə hərəkətverici qüvvə kimi ancaq fəhlə sinfinə söykənmiş və məramnaməsini bu əsasda tərtibləmişdi. Aqrar və çox millətli ölkə olan İranda aqrar-kəndli və milli məsələ partiyanın məramnaməsinə yetərincə daxil edilməmişdi. İran cəmiyyətini və yerli Şəraiti (həm də keçmişin acı təcrübəsini), nəzərə alan S.C.Pişəvəri "kommunist" adından çəkinmiş sinfı mübarizədən uzaq, İranın çox millətli ölkə olduğunu qəbul edən partiyanın yaradılmasına ehtiyac duymuşdu. Əslində bu fikir onda zindana düşmək ərəfəsində (1928-1930) formalaşmışdı. Bunu onun istintaq materiallarından və sonrakı illərdə çap etdirdiyi yazılarından da sezmək mümkündür. S.C.Pişəvəri İXP məramnaməsində və əməli fəaliyyətində demokratik azadlıqlar, diktaturaya qarşı mübarizə ilə yanaşı, milli zülmün və milli bərabərsizliyin və şovinizmin mövcudluğunun etirafını, qeyri-fars xalqlara muxtariyyatın verilməsi və s. bu kimi, aktual və ədalətli prinsipləri görmək istəyirdi. İXP-nin xətt-hərəkətindəki çatıŞmayan cəhətlər və yanlışlıqlar bir sıra başqa demokratlar kimi S.C.Pişəvərini də ondan uzaqlaşmağa vadar etmişdi. İXP-nin MK-nın üzvü olmuş və sonra onlardan uzaqlaşmış Firudin Kəşavərz öz kitabında bu məsələlərə toxunmuşdu.
İXP rəhbərliyindəki radikal "solçu"larla onun "suyunun bir arxda gedə bilməyəcəyini" etiraf edən S.C.Pişəvəri İXP-nın rəhbər özəyindən birdəfəlik uzaqlaşır. O, İrandakı siyasi, iqtisadi və yerli mənəvi mühiti düz anlaya bilən başqa bir siyasi təşkilat yaratmaq haqda düşünür. O, əvvəl keçmişdəki İran Sosial-demokrat partiyasını "Demokrat Firqəsi" adı altında yeni məzmunda dirçəltmək istəyirsə, sonra bu fikirdən daşınmalı olur.
Ancaq biz S.C.PiŞəvərinin heç bir yazısında və söhbətlərində belə fikirlə rastlaşmadıq. Zindandan azad olub Tehrana gələn gündən S.C.Pişəvəri kütləni oyatmaq, onu mübarizəyə cəlb etməkdən ötrü demokratik ruhlu mətbuata böyük ehtiyac olduğunu anlamışdı. Mətbuat sahəsində yetərincə təcrübəyə, iti qələmə, zəngin bilik və təfəkkürə malik olan S.C.Pişəvəri siyasi kəsəri, ifşaedici qüdrəti olan yeni bir qəzetin nəşrinə başlamaq qərarına gəlir. Bu işdə onunla həmməslək insanların maddi və mənəvi köməklikləri olmuşdu.

Əkrəm Rəhimli
tarixçi