Güney Azərbaycanda vergi etirazı Güney Azərbaycan

Güney Azərbaycanda vergi etirazı

Gələn ilin (hicri-şəmsi təqvimi ilə 1396-cı il) büdcə layihəsində Azərbaycan vilayətləri üçün nəzərdə tutulan vergi dərəcəsinin digər vilayətlərlə müqayisədə daha çox artırılması yerli məsulların kəskin etirazına səbəb olub.
Zəncan Vilayəti Deputatlar Birliyi ölkə prezidenti Həsən Ruhaniyə məktub yazaraq vilayət üçün nəzərdə tutulan vergi dərəcəsinə düzəliş etməyi tələb ediblər. Millət vəkilləri Zəncan vilayəti üçün nəzərdə tutulan vergi dərəcəsini bölgədəki mövcud iqtisadi vəziyyətə uyğun gəlmədiyini vurğulayıblar.
Məktub Zəncanın millət vəkili Əli Vəqfçi və Fridun Əhmədi, Xudabəndənin millət vəkili Əhməd Beygdeli, Əbhər və Xorrəmdərənin millət vəkili Əzizi və Mahnişanın millət vəkili Xatəmi tərəfindən imzalanıb.
Əli Vəqfçi vergi dərəcəsinin qeyri-bərabər şəkildə artırılmasına etiraz edərək məsələ ilə bağlı ölkənin Vergi Təşkilatı ilə müzakirələr aparıldığını bildirib. O vurğulayıb ki, "ölkədə gələn il üçün vergi dərəcəsinin artımı orta hesabla 9.8 faizdir, bu rəqəm Zəncan vilayəti üçün 28 faizdən ibarətdir. Bu vəziyyət təmami ilə qəbuledilməzdir."
Urmiyənin millət vəkili Nadir Qazipur isə İqtisadiyyat nazirinə sual yönəldərək vergi artımı ilə bağlı Şərqi və Qərbi Azərbaycana qarşı ayrı-seçkiliyin səbəbini soruşub. "Nə üçün gələn ilin büdcə layihəsində Şərqi və Qərbi Azərbaycan üçün nəzərdə tutulan vergi artımı Tehran və İsfahan vilayətlərindən daha çoxdur?!" deyə millət vəkilinin irəli sürdüyü sualda bildirilib.
Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkiyan da məsələ ilə bağlı "Fars news" xəbər agentliyinə danışıb. "Şərqi Azərbaycanla bağlı vergi dərəcəsinin 13.9 faiz artırıldığı məlum olub. Digər vilayətlərin bəzilərində bu rəqəm 2 faiz və hətta sıfır faizdən (0%) ibarətdir. Bu məsələ ciddi sual doğurur"- deyə o vurğulayıb.
Millət vəkili, Şərqi Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi Davud Behbudinin məsələni gündəmə gətirən məsullara qarşı səsləndirdiyi fikirə də öz etirazını bildirib. O bildirib ki, vergi artımı məsələsini gündəmə gətirənləri savadsız adlandıranlar mövzu ilə bağlı məntiqli və qaneedici dəlil göstərməlidilər: "Sizin savadınız varsa, buyurun izah edin: "Nə üçün Şərqi Azərbaycanda vergi dərəcəsi bu qədər artırılmalıdır?"
Xatırladaq ki, gələn ilin büdcə layihəsində Azərbaycan vilayətləri üçün nəzərdə tutulan vergi artımının digər vilayətlərlə müqayisədə həddindən artıq çox olması, rejimin Azərbaycana qarşı ayrı-seçkilik siyasətinin daha bir nümunəsi kimi qəbul olunur. Yerli məsullar hazırlanan büdcə layihəsi təsdiq edilmədən, ona düzəliş etdirməyə çalışırlar. Bundan öncə də azərbaycanlı millət vəkilləri Əhməd Əlirza Beygi, Məhəmməd İsmail Səidi, Zəhra Sai, Şəhabəddin Bimiqdar, həmçinin Şərqi Azərbaycan valisi İsmail Cabbarzadə və Zəncan valisi Əsədulla Dərviş Əmini oxşar açıqlamalar verərək Azərbaycan vilayətləri üçün nəzərdə tutulan vergi artımının həddindən artıq çox olmasını kəskin tənqib ediblər.