Sarab Məhkəməsinin çıxardığı qərara etiraz Güney Azərbaycan

Sarab Məhkəməsinin çıxardığı qərara etiraz

Azərbaycanlı milli-mədəni fəal Səhənd Məali ikinci dəfə olaraq barəsində çıxarılan məhkəmə qərarına etiraz bildirib.
O oktyabrın 21-də Sarab İnqilab Məhkəməsinin qiyabı olaraq çıxardığı 10 aylıq həbs qərarına etiraz edərək prosesə yenidən baxılmasını istəyib.
Səhənd Məali təkidlə bildirir ki, o sorğu-suala tutulmayıb, Ettelaat İdarəsi məhkəməni qane etmək üçün barəsində istədiyi kimi dosye təşkil edib.
Fəal hakimə təqdim olunan sənəd və vərəqələrin heç birisində imza və ya barmaq izinin olmadığını bildirir.
Sarab Məhkəməsi həbs qərarını heç bir fakt və ya sənədlə əsaslandırmayıb, hökmün anlaşılmaz olduğu qeyd olunur.
Məhkəmə Ettelaat İdarəsinin raportu əsasında "bölücü və millətçi qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq" ittiham ilə 10 aylıq həbs qərarı çıxarıb.
Fəalın həbs qərarına birinci etirazı məhkəmə tərəfindən rədd edilib.
Hakim Mehdi Şəmsin çıxardığı hökmə əsasən fəalın həbs müddətində onun müvəqqəti saxlandığı günlər də hesab olunacaq.
Hökm qiyabi şəkildə çıxarılıb və "Bölücü və millətçi qrupların xeyirinə olaraq Babək qalası yığıncağına dəvətlə bağlı bildiriş yaymaqla sistemin əleyhinə təbliğat fəaliyyəti" adı altında aparılan sorğulamanın mətni də açıqlanmayıb.
İyulun 5-də Təhlükəsizlik qüvvələri Səhənd Məalinin ata evinə hücum çəkərək onu saxlayıb. Məhkəmə hökmü təqdim etmədən evdə və fəalın atasının iş yerində axtarış aparan məmurlar Məalı ailəsini təhdid edərək azərbaycanlı fəala aid bir sıra şəxsi əşya, o cümlədən kompüteri özləri ilə götürüblər.
Fəal Sarab zindanında 9 gün işgəncələr altında saxlandıqdan sonra iyulun 14-də 300 milyon riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.
Səhənd Məalı Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biridir, o bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və həbs cəzası ilə üzləşib.