21 Azərə gedən yol - 9-cu yazı Güney Azərbaycan

21 Azərə gedən yol - 9-cu yazı

Azərbaycan demokrat firqəsinin yaradılması

ADF-nin yaradılması ərəfəsində Azərbaycandakı əhalinin sosial-iqtisadi vəziyyətinin ağırlığı, işsizlik, bahalıq, dövlət məmurlarının, xüsusən jandarm qüvvələrinin zorakılığı, özbaşnalığı və yersiz təqibləri haqqında şaha, baş nazirə, Məclisə saysız-hesabsız ərizə, şikayət və müraciətləri cavabsız qalırdı. «Xalq baş nazir Bayata müraciət etmişdi. Baş nazir Bayat isə bunun müqabilində demişdi: «Mən radio vasitəsi ilə xalqa müraciət etmişəm. Onlar ərizə və teleqraf vasitəsi ilə özünə zəhmət verməsinlər». Bayatdan sonrakı baş nazir Sədr isə bildirmişdi ki: «Bir teleqraf olmasın, min teleqraf olsun, mən bu kimi boş sözlərə cavab verməyəcəyəm».
Beləliklə, 40-cı illərin ortalarında Güney Azərbaycandakı iqtisadi və sosial durum, bundan əvvəlki bölmədə qeyd olunduğu kimi, həddən artıq ağır və dözülməz idi. Belə bir şəraitdə yuxarıda haqqında bəhs etdiyimiz təşkilat və cəmiyyətlərdə vətənin azadlıq və qurtuluşu uğrunda mübarizə aparanların qabaqcıl dəstəsi, xüsusən açıq fikirli ziyalılar rejimə qarşı vahid və milli məramlı bir təşkilatın yaradılmasına ehtiyac duydular. Bu məqsədlə şah rejiminə qarşı ağır mübarizə yolu keçmiş bir neçə nəfər ömrünün 10 ilini şah zindanında keçirmiş və həmin illərdə Tehranda yaşayan S.C.Pişəvəri ilə məsləhətləşməyə getdilər. Bu məsləhətləşmədə Azərbaycandan gəlmiş adamlarla birlikdə Tehranda «Ajir» ətrafında toplaşmış azərbaycançılar da iştirak ediblər. S.C.Pişəvəri özü bu haqda sonralar yazmışdı: «...Xalqın əli ilə işə başlamaq, xalqın yumruğunun gücü ilə azadlığı təmin etmək - bu şüarla mən Təbriz azadxahlarının təklifi üzrə Tehrandan Azərbaycana hərəkət etdim».
S.C.Pişəvəri Tehrandakı fəaliyyəti dövründə burada yaşayan azərbaycançı qüvvələri «Ajir» qəzeti və yaradıcılarından biri olduğu «Azadlıq Cəbhəsi» ətrafına toplaya bilmişdi. Təbrizlə yanaşı, Tehrandakı azərbaycançı dəstə də mövcud şəraitdə çıxış yolunu xalqı vahid hədəfə yönəldə bilən milli məramlı yeni bir təşkilatın yaranmasında görürdü. Hələ 1943-cü ilin sonunda İran Məclisinin 14-cü çağırışına Təbrizdən vəkil namizəd verilərkən Pişəvəri bir neçə dəfə Azərbaycana gəlmiş və demək olar ki, Azərbaycanı başdan-ayağa gəzmiş, ölkənin və xalqın ehtiyacları ilə yaxından tanış olmuşdu. O, «Qəsri-Qacar» zindanında yatanda da, Kaşanda sürgündə olanda da, Tehranda yaşayanda da heç vaxt Azərbaycanla əlaqəsini kəsmədiyini öz yazı və xatirələrində dönə-dönə qeyd edir.
ADF-nin yaradılması ərəfəsində Təbrizlə yanaşı, Urmiya, Ərdəbil, Sərab, Xalxal, Zəngan, Mərənd, Xoy, Marağa, Əhər və digər bölgələrdə olan S.C.Pişəvəri yerlərdəki siyasi vəziyyətlə, xalqın güzəranı, istək və arzusu ilə bir daha yaxından tanış olduqdan sonra təşkilatlanmanın mübarizənin gündəmində durduğuna şübhə etmədi. O, tarixin verdiyi fürsətdən düzgün və bacarıqla istifadə etməyin önəmini qeyd edərək «Ayrı bir yol yoxdur» adlı məqaləsində yazırdı ki, «fürsətdən istifadə edə bilmək! Bu haqda doktor Salamulla Cavidin xatirələrində ətraflı bəhs olunur.

“Biz fürsəti əldən verməyə razı ola bilmərik»

Zaman, məkan və tarixi şəraitin verdiyi imkandan istifadə edən Güney Azərbaycandakı milli qüvvələr 1945-ci il sentyabrın 3-də (12 şəhrivər 1324-cü il) Azərbaycan Demokrat Firqəsinin yarandığını «Azərbaycan Demokrat Firqəsinin müraciətnaməsi» adlı tarixi sənədlə bəyan etdilər. ADF-nin yaranması və Milli Hökümətin qurulmasını şərh etməzdən əvvəl, 1941-1946-cı illərdə Güney Azərbaycandakı xalq hərəkatı ilə bağlı mübahisəli və çox zaman təhrif olunmuş məsələ - Sovet faktoru üzərində dayanmaq zəruri və qaçılmazdır.
İkinci Cahan Savaşı başlandığı zamandan (sentyabr, 1939) etibarən Baltikyanı ölkələr, eləcə də «bölünmüş xalqlar»ın taleyi bəhanə edilərək Qərbi Belarus, Qərbi Ukrayna və Bessarabiya zəbt edildikdən sonra (sonuncu müvafiq Sovet respublikalarına birləşdirildi) Stalinin işğalçı planlarında növbəti obyekt kimi Güney Azərbaycan xüsusi yerlərdən birini tuturdu. İrandakı Sovet kəşfiyyatı buradakı vəziyyət haqqında lazımi məlumatı vaxtaşırı Moskvaya çatdırırdı. Stalin Güneydə öz milli və adi insani hüquqları uğrunda mübarizəyə qalxmaq üçün hazır olan sosial-siyasi qüvvələrin mövcudluğundan xəbərdar idi. Onu məlumatlandırmaqda Quzey Azərbaycanın o vaxtkı rəhbəri M.C.Bağırovun xüsusi rolu və xidməti olub.
Sovet ordusunun İranın şimalına daxil olması, Rza şahın hakimiyyətdən getməsi, Cənubi Azərbaycandakı vətənpərvər ziyalıların milli dirçəliş yolunda fəaliyyətə başlaması, eyni zamanda Sovet ordusu sırasında gəlmiş doğma qardaşlarla yaxınlıq meyli Stalinin Güney haqqında planlarına tam cavab verirdi. Qırmızı Ordunun İrana yeridilməsi ilə M.C.Bağırov başda olmaqla, onun rəhbər partiya və dövlət işçiləri, ziyalıları, hərbi qulluqçular və s. üzərinə fövqəladə və səlahiyyətli bir missiya - Cənubi Azərbaycanda milli-mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qoyulmuş oldu. 1941-ci il oktyabrın 11-dən Təbrizdə azəri türkcəsində «Vətən yolunda», Urmiyada isə «Qızı əsgər» qəzetləri nəşrə başladı. Təqribən eyni vaxtda (oktyabrın ortalarından) Azərbaycan Opera və Balet Teatrının və müxtəlif musiqi kollektivi dəstələrinin qastrolları və bu kimi onlarla digər tədbirlər 1941-1945-ci illərdə Cənubi Azərbaycanda milli oynayışda önəmli rol oynayıb. Yuxarıda adı çəkilən «Azərbaycan cəmiyyəti» və onun mətbu orqanı olan «Azərbaycan» qəzetinə göstərilən yardım, milli ruhlu ziyalıların təşviq olunması, gənc yazarların istiqamətləndirilməsi və s. Azərbaycanın cənubu üçün o zaman son dərəcə əhəmiyyətli mənəvi yardım və təşəbbüslər idi.
1945-ci ilin yayında Güney Azərbaycanda milli partiyanın yaradılması zərurəti meydana gəldikdə bu iş bir neçə namizəd içərisindən S.C.Pişəvəriyə həvalə edildi. Məsələ ilə bağlı o, avqust ayında Bakıda olmuş, burada təşkilatın adı və məramnaməsi layihəsinin müzakirəsi keçirilmiş və bəyənilmişdi. Arxiv sənədlərindəki bəzi məlumat və yazılara inansaq belə, burada qardaşlıq məsləhətləşməsi cəhətdən qeyri-təbii bir şey yoxdur. Lakin 21 Azər hərəkatını bütövlükdə Sovetlərə bağlamaq ən azı haqsızlıqdır. Hərəkata qoşulmuş qüvvələrə və bu yolda tökülən qanlara qarşı hörmətsizlik və qara ləkədir.
Azərbaycan SSR vasitəçi olmaqla Güney Azərbaycanda fövqəladə mühüm hadisələrə hazırlıq işləri gedirdi. O zamankı şəraitdə Güneydə milli azadlıq hərəkatının zirvəsinə doğru yolda Sovetlər İttifaqının yardımından və Quzeydəki azərbaycanlı Sovet rəhbərliyinin məsləhətlərindən - zamanın və taleyin verdiyi nadir şansdan istifadə olunması, şəksiz, məqbul hərəkət idi. Bir də ona görə məqbul idi ki, bütün məsləhətləşmələr və yardımlar güneylilərə dost-doğma olan qüzeyli soydaşlarının əli ilə edilirdi. Bu qardaş yardımlarından imtina özü böyük və bağışlanmaz yanlışlıq olardı. Bununla yanaşı, xüsusi vurğulanmalıdır ki, Sovetlərin hərəkatı öz istədikləri məcraya yönəltmək cəhdlərinə baxmayaraq, 1941-1946-cı illər hərəkatı Güney Azərbaycanın öz sosial-siyasi zəminində yaranıb inkişaf etmiş və hərəkatın rəhbəri Seyid Cəfər Pişəvəri əvvəldən axıradək öz müstəqilliyini çox çətinliklə də olsa, qoruyub saxlamağa çalışmışdı. S.C.Pişəvəri çox vaxt «məsləhət və göstərişləri» qəbul edib, lakin öz düşüncəsi ilə hərəkət etməyi daha üstün tutub. Bu hal Sovet rəhbərliyinə bəlli olduğundan S.C.Pişəvəri təzyiqlərə məruz qalır və çox vaxt izlənilirdi. Xosrov Mötəzed özünün «Şah ordusunun ürəyi» kitabında 1945-1946-cı illərdə S.C.Pişəvəri ilə işləyənlərin etiraflarına əsaslanıb yazır ki, «... Təbrizdəki Sovet konsulu Krasnik cənablarının göstərişi ilə Sovet xəfiyyəsinin Təbrizdəki nümayəndəsi vasitəsi ilə Pişəvərinin iş otağına və evinə məxfi səs yazan aparat qoyulmuşdur. Pişəvəri özü bunu hiss etdiyindən bəzi ciddi və həsas söhbətləri öz həmkarları ilə ya kağız üzərində yazmaqla və ya otaqdan kənarda aparırdı». Bunu N.Cahanşahluda öz xatirələrində qeyd edir.


* * *

ADF-nin yaradılması, fəaliyyəti və 21 Azər nehzəti ilə bağlı sovet faktoru üzərində dayanmağa ona görə ehtiyac var ki, son 70 il ərzində Güney Azərbaycandakı 1941-1946-cı illər milli azadlıq hərəkatı haqqındakı həqiqətlər həm İranda, həm də Qərbdəki tarixşünaslığında real həqiqətlər bir çox vaxt şübhə altına salınır və ona müxtəlif çalarlarda rənglər verilir. Bəzən Güneydəki hərəkatın bilavasitə Sovet rəhbərliyinin göstərişi və İrandakı Sovet ordusunun gücü ilə yarandığı, hərəkatın rəhbərləri, o cümlədən S.C.Pişəvərinin ancaq Sovetlərin diktəsi ilə hərəkət etdiyi söylənilir. Həqiqətdən uzaq olan bu tezislər hər şeydən əvvəl 1941-1946-cı illərdə Güneydəki xalq hərəkatının real məzmunundan, hərəkata aid sənədlər və olaylardan xəbərsiz və ya real durumla yetərincə və obyektiv qiymətləndirməməkdən irəli gəlir. Xoşbəxtlikdən son illərdə keçmiş Sovet məkanında aşkarlığa yol verilməsi, məxfi arxivlərin açılması və İranda 1979-cu ildə şahlıq rejiminin yıxılması ilə bağlı Güney Azərbaycandakı Sovet faktorunun həlledici yox, təsiredici məqamlarına aid bir sıra faktlar, sənədlər, məqalə və kitablar işıq üzü görə bildi.
1941-1946-cı illərdə Güney Azərbaycandakı xalq hərəkatında, xüsusən 21 Azər nehzətində və Milli Hökümətin fəaliyyətində Sovet faktoru ilə əlaqəli bəzi olayları və həqiqətləri inkar etmək də mümkün deyil. Lakin ayrı-ayrı faktları və olayları Sovetlərin hərəkata müdaxiləsi timsalında ümumiləşdirmək, xalqın mübarizəsini başdan-ayağa Moskavaya bağlamaq insafsızlıq, ədalətsizlik və qeyri - obyektivlikdən başqa-bir şey deyildir.
Bütün ictimai hərəkatlarda olduğu kimi 1941-1946-cı illərdə Güney Azərbaycanda baş vermiş xalq hərəkatı da tam ideal, qüsursuz və əyintilərdən xali deyildi. Bunların bir çoxunun həmin dövrün tarixi şəraiti, zaman, məkan və digər amillərlə bağlı olmasına şəkk yoxdur. Lakin bunlar eyni zamanda milli zəmin əsasında yaranmış hərəkatın xəlqiliyinə, milli azadlığın mahiyyətinə kölgə salmamalıdır.
1945-1946-cı illərdə Güneydəki milli azadlıq mübarizəsi tarixinə «12 Şəhrivər müraciətnaməsi» (3 sentyabr) kimi daxil olan sənəd, əslində, yeni yaranan ADF-nin fəaliyyət proqramını, görüləcək işlərin məzmununu əks etdirən tezislər idi. Müraciətnaməni imzalayanların (77 nəfər) çoxu Səttarxan (1905-1911) və Xiyabani hərəkatının (1918-1920) iştirakçıları və ya onların övlad və qohumları idi. Müraciətnamə 3 bölmədən ibarət idi: firqənin yaradılmasını zəruri edən amillər; firqənin icra edəcəyi işlərin şüarları; müraciəti edənlərin adları.

Əkrəm Rəhimli - Bije