“Azərbaycan”  qəzetinin səhifələrində  - 32-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 32-ci yazı

Canlı dəlillər

Bizim hərəkatımız başladığı sıralarda, daxili və xarici düşmənlər tərəfindən bizə vətənsatandan, cinayətkardan, separatçıdan və ayrı-ayrı bu kimi ləqəbləri verməkdən çəkinilmədi. Bizim demokrat firqəmiz və bir olan xalqımız öz əməli ilə, qəzetimiz isə hər zaman yazıları ilə bu kimi axmaqlara qəti cavablar verdilər və nəhayət irtica və istibdad hökumətinin kölgəsini gözəl ölkəmizdən qaldırmağa müvəffəq oldular. İndi isə azadlığı saxlamaq, ələ gəlmiş hürriyəti qorumaq mərhələsində hökumətimizin və firqəmizin nə qədər xalqa bağlı olduğunu və xalqın nə ölçüdə hökumətimizə etimad göstərdiyini isbat edən canlı dəlillər heç də az deyildir.
Azadlığı almaq yolunda firqəyə və hökumətə yardım göstərən bir millət indi də alınan azadlığı qorumaq və xalqımızı mədəniyyətin və tərəqqinin uca rütbələrinə sövq etmək yolunda Milli Hökumətin verdiyi tapşırıq və göstərişləri, aldığı tədbirləri yerinə yetirməklə indiyədək misli görünməmiş fədakarlıq və səmimiyyət nişanələrini biruzə verməkdədir.
Qəzetimizə gələn çoxsaylı teleqraflar və xəbərlər hər gün qar ilə bağlanmış bir yolun kəndlilərin və yerli əhalinin yardımı ilə açılmasını bildirirlər. Ağır qar ilə bağlanmış olan Zəncan-Miyanə yolu, Sayın Qala yolu, Miyandoab və Əhər yolu, hamısı dövlətin fəaliyyəti və xalqın səmimi və ciddi yardımı ilə açılmışdır. Azərbaycanın qara istibdad və xarici istismar dövründə heç bir vəch ilə əhalidən bu kimi fədakarlıq və səmimiyyət nümunəsi görünməmişdir.
İdarəmizə gəlmiş olan bir yerli məktub eynilə verilir və orada belə yazılmışdır: “Möhtərəm “Azərbaycan” qəzetəsi tarix 10.03.1946-cı il tarixində səhər saat 9-da cənab Nadir Məhəmmədiyan fəxr ilə 3 oğlunu (adları Mikayıl, İbrahim və İsmayıl Məhəmmədiyan) Əsgərliyə səfərbərlik idarəsinə gətirib xahiş ərizəsi verdi ki, mən 3 oğlumu verirəm Milli Hökumətə, xalq qoşunları sırasında xidmət etsinlər”.
Bu məktubu bizə göndərən Əsgərliyə səfərbərlik idarəsinin məsuludur. Nadir Məhəmmədiyan oğullarını xalq qoşunları sırasına verməkdə qətiyyən özünü göstərmək və ya öymək fikrində deyilmiş. Onu bu işə sövq edən yalnız bir pak ürəkdən və Milli Hökumətə qarşı duyduğu fədakarlıq, səmimiyyət və təşəkkür hissindən ibarətdir.
Həmin bu Nadir Məhəmmədiyanların minlərlə tayları keçmiş xain və mürtəce hökumətlər dövründə övladlarını əsgərlik xidmətinə polis və jandarma zoru ilə də vermirdilər....
Bizim müxaliflərimiz ya müxaliflərimizin sözlərinə aldananlar (əgər bir belə adamların vücudu varsa) bir kərə bunu düşünməli və heç olmazsa, bu barədə bir neçə dəqiqə fikir etməlidirlər.
Dünən qəzetimizdə şəklini verdiyimiz kiçik Nadir Rzainin özünün yığmış olduğu 9 tümən 7 qran pulu qəhrəman fədailərə hədiyyə verməsi bir millətin həyat tarixində çox nadir təsadüf edilən işlərdəndir.
Bu kiçik 8 yaşında Nadirin əməli 5 milyonluq bir xalqın milli vicdanı və varlığının dərinliyində əmələ gələn bir inqilab, bir həyəcan və bir mənlik ruhunun aydın və aşkar qığılcımlarındandır.
Bu həyəcan və inam hissi xalqın bütün təbəqələrinin əməllərində və ruhunda ifadə olunur və gözə çarpır. Bunlar hamısı bizim hökumətimizin və demokrat rejimimizin nə qədər əsaslı, nə qədər möhkəm və nə qədər xalqa və ictimai fikrə dayanıqlı olduğunu isbat edir.
Bunlar hamısı canlı dəlillərdən ibarətdirlər. Bu dəlillər isə xalqımızın yaşamağa, başı uca yaşamağa və hörmətlə həyat sürməyə olan sarsılmaz və məğlubedilməz iradəsinin nümunələridir.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz şəhəri, say 150, 15 mart 1946-cı il.
***

Fəthi Xoşginabi: "Xalqımızın qəhrəman fədailərimizə olan maraqları"
Təqribən 2 ay bundan qabaq xalqımız tərəfindən olan təkiflərə görə biz qəzet redaksiyasında fədailərə verilən hədiyyələr üçün bir komissiya təşkil etdik. Bu komissiyanın təşkil olunması xalqımıza öz sədaqət və səminiyyətlərini isbat etməyə böyük imkan verdi. Azərbaycan xalqı haqbilən bir millət olduğu üçün öz yetişdirdiyi qəhrəmanları təqdir etməklə fəxr edir. Mən şəxsən bu pak hisslərin şahidi olduğum üçün xalqımıza fədailər adından təşəkkür etməyi özümə borc bilirəm.
Sübhlər tezdən və müəyyən olunmuş saatlardan qabaq, ya çox sonra hədiyyə gətirmiş qoca fəhlə qadınların hədiyyə verməkdən ötrü hədiyyə komissiyasında gözləmələri, hər gün onlarla fəhlə, mülkədar və şəhərimizin bütün təbəqələrinin könüllü olaraq qüdrətləri çatdıqları hədiyyələri gətirməkləri... xalqımızın coşqun duyğularından canlı və həqiqi bir sənəd və nümunədir...
Xilaskar fədailərimiz doğrudan da bu cür təqdir olmalı idilər. Xalqımız onları təqdir etməklə öz qədirdbilənlik hisslərini, canlı və ruhlu bir millət kimi öz qəhrəmanlarına bağlı olmaqlarını isbat etdilər. Hədiyyə komissiyası təşkil olan gündən bəri minlərlə unudulmaz xatirələrin şahidi olmuşdur. Minlərlə fəhlə öz əmək haqlarını fədailərə hədiyyə edirlər, minlərlə kəndli uzaq yerlərdən onlara hədiyyə göndərirlər. Bunlar hamısı canlı bir həqiqəti göstərir və o da Azərbaycan xalqının böyük qədirdbilənlik hissindən ibarətdir.
Nadir Rzai öz dəxilini sındırıb və onda olan pulları “mən də fədailərə hədiyyə gətirmişəm”, - deyə hədiyyə komissiyasına verir. Görəsən, bu məsum uşağın göstərdiyi maraq dediyimiz həqiqətdən bir nümunə deyildirmi? Görəsən, bu Azərbaycan xalqınnın milli şüurunu aydıncasına göstərmirmi? Nadir məsum baxışları ilə mən onun verdiyi pulun qəbzinin yazan zaman mənim əlimin hərəkətini izləyərərək ondakı yazıları düşünmək istəyirdi. O, xəyal edirdi ki, onun kiçik və eyni zamanda pak ürəyində olan duyğuları mən o kiçik kağız parçasının üstündə göstərəcəyəm. Qəbzi aldıqdan sonra diqqətlə ona baxıb məndən təşəkkür etdi. O, bu işdə iştirak etməsindən sevinirdi.
Fədailərimiz isə bu pak məhəbbətlərin qarşısında axırıncı nəfəslərinə kimi milli azadlığımızı təzmin və mühafizə etməyi özlərinə müqəddəs vəzifə bilib və onu icra edəcəklər.
Yaşasın şərəfli və qəhrəman xalqımız!
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 149, 14.03.1946

***
Tillilərin duyğuları xalqımızın Vətənimizə və milli dövlətimizə olan coşqun məhəbbətinin parlaq ifadəsidir

Xalq qoşunlarına çağırış vətənimizin bütün nöqtələrində təntənəli mitinq və nümayişlərlə qarşılandı. Xüsusən mart ayının 2-i Azərbaycan xalqının qəhrəmanlıq tarixinə yeni bir qızıl səhifə yazdı. Şahidi olduğum bir neçə mitinq haqqında öz xatirəmi yazmaqla xalqımızın vətənimizə və milli dövlətimizə olan coşqun duyğularını gördükcə bütün həmvətənlərim kimi fəxr etməyə haqlıyam.
Mart ayının 4-ü idi. Günəşin ilıq şüaları qış gününün şiddətli soyuğunu kəsirdi. Yeni tanış olduğum Tilli dostlarımla Ərvənqin Heris kəndindəki iki mitinqin unudulmaz təsiri ilə möhtəşəm Mişov dağının ətəkləri ilə uzanan qalın qarla örtülmüş dar bir cığır ilə Herisin təbii gözəlliklərini hicranla seyr edərək Tilə tərəf hərəkət edirdik. Tillilər 3 saatlıq yol uzununu mehriban və şirin danışıqları ilə məni əyləndirməyə çalışırdılar. Onlar yaxın keçmişdəki unudulmaz faciələrini, jandarmaların və sabiq dövlət məmurlarının kəndlilərin başlarına gətirdikləri acı sərgüzəştləri bir-bir nəql edərək milli muxtariyyətimizin qazanılması sayəsində xoşbəxt və ağ günlərə çatdıqları ilə fəxr etdiklərini söyləyirdilər. Yolların qalın qarla örtülməsindən biz gah piyada, gah da minikdən istifaə edərək Tilə tez çatmaq üçün can atırdıq. Saat 2 tamamda Tilə yetişdik. 5 dəqiqə keçməmiş “Kiçik bazar yerində mitinq olacaqdır. Hamı mitinqə gəlsin”, - deyə carçının səsi Kilsə qalasından qopan zəng səsləri kimi sanki bizim qulaqlarımıza böyük bir xəbərin müjdəsini yetirdi. Mən yoldaşlarımla qəhvəxanada bir stəkan çay içdikdən sonra Telin kiçik bazarına tərəf yollandıq. Biz yubanmışdıq. Bazarda insan dənizini təmsil edən böyük bir izdiham qaynaşırdı. Bazar tamamilə dolduğundan qocalar, arvadlar, uşaqlar damlara və ağaclara dırmaşaraq gözlərini natiqlər duran yerə zilləmişdilər. Hamının qulaqları səsdə, gözləri isə intizarla yol çəkirdi. Mitinq açılar-açılmaz hər tərəfi dərin bir səssizlik bürüdü. Natiqlər yaşı çatmış cavanların xalq qoşunları sırasında əsgərlik xidmətlərini yerinə yetirmələri haqqında məruzəyə başladılar. Natiqlər demokrat firqəsinin və ya milli dövlətimizin adını çəkdikcə əhali arasında coşqun bir canlanma nəzərə çarpırdı. Hamı bir ağızdan “Yaşasın demokrat firqəmiz, yaşasın milli muxtariyyətimiz, yaşasın cənab Pişəvəri”- deyə ura səsləri ilə natiqlərin sözlərini alqışlayırdılar. Bir saatdan artıq davam edən mitinqdə aldığımız təəssürat olduqca böyük idi. Məruzədən sonra cənab Fəthi, Muxtar Əlibəyli, Bağır Həsən Ənzabi, Ələkbər Bababəyli, Kazım xan Dəmbəli, İsmayıl Həsən Ağai çıxış edərək bütün tillilərin milli dövlətimizin bu tarixi çağırışına mal, can və başla hazır olduqlarını ifadə etdilər. Əhmədağa Həsənəli çağırışa səs verərək adını könüllü olaraq yazdırmaqla bərabər dedi: “Mən bu gün qəlbimdəki sevinci ifadə etməyi bacarmıram. Milli dövlətimizin qurulduğu gündən ləzzətini aldığım azadlığın eşqiylə öz canımı milli dövlətimizin yolunda fəda etməyə hazıram. Qoy düşmənlərimiz bilsinlər ki, milli muxtariyyəti qazanan xalqımız vətənimizi və milli muxtariyyətimizi müdafiə etməklə ağbirçək analarımızın və bacılarımızın namusunu qurtarmaq üçün fəxrlə könüllü olaraq milli qoşuna öz adımı yazdırıram”. Əhməd Həsənəlidən sonra İsmayıl, Əhəd, Ələkbər və sairləri 25 nəfərə yaxın könüllü yazıldılar.
İnsanı təəccübləndirən yalnız cavan vətənpərvərlərin adlarını könüllü yazdırmaları deyildi. Könüllü yazılanların sırasında onlarla çox yaşlı qocaların da adlarını yazdırmaq istədiklərini gördük. Bir sözlə desək, tillilərin böyüklü-kiçikli hamısının könüllü olaraq silaha sarılmaq istədiklərini qeyd etmək kifayətdir. Onların milli dövlətimizə və muxtariyyətimizə olan bağlılıqları ölçüyə gəlməz dərəcədə böyükdür.
Tillilərin bu güclü duyğuları xalqımızın vətəniməzə və milli dövlətmizə olan coşqun məhəbbətinin parlaq bir nümunəsidir. Onların duyğuları insanı inandırır ki, bütün xalqımız milli dövlətimizlə həmfikir və həmdildir. Xalqımızla milli dövlətimiz arasında olan bu sarsılmaz vəhdət bizi qələbədən-qələbəyə aparmaqla səadətimizin təmin olunacağına bizdə tükənməz ümidlər doğurur. Yaşasın qəhrəman xalqımız və milli dövlətimiz arasında gündən-günə möhkəmlənən milli vəhdətimiz! Yaşasın bizi ümumi işimizdə ruhlandırıb bizə düzgün yol göstərən Azərbaycan Demokrat Firqəsi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 148, 13.03.1946
***

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə.