“Azərbaycan”  qəzetinin səhifələrində  - 68-ci yazı Güney Azərbaycan

“Azərbaycan”  qəzetinin səhifələrində  - 68-ci yazı

Danışır Təbriz!

Bu kəlməni hər gün axşam saat 5-də radiodan eşdilərkən insanda xüsusi bir fərəh, sevinc və iftixar hissi oyanır. Bu ilk dəfə deyil ki, Təbriz danışır. Həqiqəti danışmaq və azadlıq nəğmələrini uca səslə xalqın qulağına yetirmək yüz illərdən bəri Təbrizin və bütün Azərbaycan xalqının əsas və fitri şüarlarındadır.
Hər əsrdə ölkəmizdə hökm sürən rejimin keyfiyyətinə baxmayaraq Azərbaycan xalqı öz azadlıqsevər səsini dünya xalqlarının qulağına çatdırmışdır. Müasir dünyada yaşamaq üçün müasir və mütərəqqi millətə layiq vasitələrlə təchiz olunmaq lazımdır. Odur ki, Milli Hökumətimiz öz islahat proqramında Azərbaycan xalqı üçün radio stansiyası yaratmağı qərara aldı və çox tez bir zamanda Azərbaycanın mərkəzi Təbriz şəhərində radio stansiyası qurmağa müvəffəq oldu. Artıq indi “Danışır Təbriz” sözləri Azərbaycanın qəhrəman, qeyrətli və layiq xalqının dilindən varlığını və azadlığını dünyaya elan edir.
Danışır Təbriz! Bu səs hər gün Azərbaycan ölkəsinin mərkəzi, Səttarxanlar və Bağırxanlar beşiyi Təbrizdən ucalır, bir anda dağlardan, dərələrdən və dəryalardan keçir, dünyanın əksər nöqtələrində yaşayan xalqların qulağına çatır və onlarda Azərbaycan xalqının rəşadətinə ehtiram hissi oyadır.
Danışır Təbriz! Bu səs hər gün İranın daxilində və xaricində olan Azərbaycan düşmənlərinin qulağına top gülləsi kimi dəyir və onların vücudunu lərzəyə salır. Bu gün Azərbaycan xalqının azadlığı, vəhdəti və ittifaqı kəskin bir cavab və ağır bir çomaq kimi öz ağalıqlarını Azərbaycan xalqının əsarətində və boğulmasında görən və bu milləti boğmaq üçün hər cür namərd təşəbbüslərə əl atan adamların kəllələrinə dəyir və bu sırada göstərdikləri təşəbbüslərə görə onları peşiman edir.
“Danışır Təbriz!” sözləri uca səslə dünya xalqlarına yetirir ki, Azərbaycanın azadlığı və varlığı bir həqiqtədir. O azadlıq və muxtariyyət Azərbaycan xalqının iradəsi və kəskin mübarizəsi nəticəsində vücuda gəlmişdir və bu azadlığın qorunmasına və nəsillər boyu saxlanmasına 5 milyon igid və qeyrətli Azərbaycan xalqı zamindir.
Yaşasın xalqımızın səadətini təmin edən Milli Hökumətimiz!

İsmayıl Məhəmmədi

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 173, 15 aprel 1946-cı il

***

Vətən qarşısında vəzifəmiz

Sabiq mürtəce hökumət dövründə dövlət işçilərinin enerjisindən istifadə olunmayırdı. Millətə və məmləkətə zülm və xəyanətin nəticəsi olaraq ən çox pul ən az işləyənə verilirdi. İşə və şəxsiyətlərə qiymət verən yox idi.
Çünki bu çürük və iyrənc hökumət aparatında doğru-düzgün bir əmək bölgüsü yox idi. İşçilərin çoxusu iş saatlarını boşboğazlıq, roman oxumaq, qəzet oxumaq, səhlənkarlıqla vaxt keçirmək, rüşvət və mənimsəmə və ya xalqa əziyyət vermək planlarını cızmaqla keçirirdi. İrtica hökumətinin bariz sifətlərindən biri tənbəlliyin, səhlənkarlığın, müftə yeyiciliyin və pis əxlaqın yayılmasında və təşviqində olan qəsdi idi. İrtica hökuməti həqiqətdə xalq düşmənləri və vətən xaini idi. Bu hökumət millətin məhvini və bədbəxtliyini, ölkənin çöküşünü istəyirdi.
Halbuki, Milli Hökumətimizin bünövrəsi vətənə eşq və maraq, düzgünlük və çalışqanlıq təməlinin üstünə qurulubdur. Bu yolla da idarələrin təşkilatlanmasında lazımi islahat əmələ gəlibdir. Çürük irtica hökuməti dövründə mühitimiz zəhərli bir mühit idi. Bu zəhərli mühit parazaitlər, tüfeylilər, səhlənkarlar, xainlər, nalayiqlər, pak vətən eşqi və vətən hissindən məhrum ünsürlər üçün müsaid olduğu kimi fəal, işində düzgün, ləyaqətli məmurlar üçün boğucu idi.
İndi artıq mühit dəyişibdir. Məmləkətimizin pak üzvləri, ölkəmizin həqiqi və səmimi xadimləri və vətənimizin xeyrli, fədakar və vicdanlı övladları üçün geniş fəaliyyət sahəsi və xidmət meydanı açıbdır. Onlar bu əlverişli mühit və böyük fəaliyyət meydanında bir-biri ilə vətənpərəstlik yarışı edə və əllərindən gələn xidməti və mənfəəti öz mülklərinə və vətənlərinə yetirə bilərlər.
Vətənimizin ali maraqları bu gün tələb edir ki, fərdi mənafeyimizdən məmləkətin və millətin xeyrinə imtina edib işləyərək çalışaq və istila dövründə olan dağıntıları bərpa edib xalqımızı və ölkəmizi səadət zirvəsinə yetirək. Bu da hər bir fərddə adi təmayüllər və alçaq hisslərin silinməsi, ali vətənpərəstlik hissinin bütün varlığımıza hakim kəsilməsi, şüurumuzun və vicdanımızın dərinliyinə nüfuz etməsi və işıqlandırması ilə olur. Hər bir azərbaycanlı bu ali və müqəddəs hissi öz şəxsində duymalıdır, bu ali hissin təzahürü nəticəsində də vətənimizin azadlığı və millətimizin hakimiyyəti təzmin edilmiş olur.

Məhəmməd Əzmi
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 173, 15.04.1946

***

Borçalı: "Getmə gözəlim"

Getmə gözəlim, gözlərimi eyləmə giryan
Hicrində bu sınğın ürəyim etmə pərişan
İllər boyu həsrətlə fəraqında keçindim
Zəhmətlə məni vəslə yetirmişdi bu dövran.
Qəmgin ürəyim şövqi-rüxunla açılırdı
Tazə nəfəsin etmiş idi dərdimə dərman
Tazə düşünürdüm sənin eşqinlə həyatı
Həmdəmliyin etmişdi məni bir yeni insan
Bilməm fələyin kinəsini, hardan yenə coşdu
Nazil elədi tez belə bir ayəti-hicran
Ey səbrü qərarım, bu qədər olma vəfasız
Getməklə bütün səbrü qərarım aparırsan.
Beş il sənin ünsünlə könül adət edibdir
Bu adəti tərk eyləmək olmaz belə asan.
Ruhum gedər əgər ayrılsam, sən kimi candan
İnsaf elə, ruh olmasa, yalnız yaşamaz can.
Can cismdən ayrılsa, deyil aşiqə müşkül
Aşiqə çətindir hamıdan firqəti-canan.
Könlüm daha bundan sora xəndan ola bilməz
Gər getsə gözümdən uzağa sən kimi xəndan.
Yox, yox gözəlim, qəm yemə hicrində dayannam
Ruhun gətirib bəs ki, sənin lütfünə iman.
Getsən də əgər bil ki, bu eşqin daha çıxmaz
Qəlbimdən, əgər qopsa bütün dünyada tufan
Eşqin məni azad elədi bəndi-cəfadan
Etdi bu qaranlıq evimi rəşki-gülüstan
Mən də bu evi bir daha yad ellərə salmam
Dönməm bu yolumdan məni öldürsə rəqiban
Sönməz bu işıqlatdığın asari-təməddün
Düşməz nəzərimdən mənə sən etdiyin ehsan
Qıl Borçalı, məhbubəni alqışla rəvana
Eşqi sənə hər yerdə ola, vardı nigəhban.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 173, 15.04.1946

***
Tarixlə bağlı elan

“Azərbaycanın qədim tarixindən” kitabı
Yazanı: Firidun İbrahimi
Bu yaxın günlərdə satışa buraxılacaqdır.

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 172, 14.04.19

***
Vətən

Mehriban atamız, doğma anamız
Quruldu Təbrizdə ədalət, vətən
Azadlıq yolunda axdı qanımız
Yarandı millətə səadət, Vətən.
Ucalar bayrağın, hər yanda əsər
Zülmün rişəsini kökündən kəsər
Gedər qara günlər, heç qalmaz əsər
Məhv olar o zülm, əsarət, Vətən.
O qaranlıq zülmət silinər gedər
Gün çıxar dünyanı münəvvər eylər
Qalmaz ürəklərdə nə kin, nə kədər
Edən olmaz sənə xəyanət, Vətən.
Mən Cavan Hüseynəm, qurudur qanım
Azadlıq yolunda qurbandır canım
Ey əziz vətənim, dinim, imanım
Sən ilə tapmışam dəyanət, Vətən.

Aşıq Hüseyn Cavan
“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 172, 14.04.1946
***

Mirfazil: "Milli Hökumətimiz var olsun!"

Öz xalqının gecə-gündüz qayğısına qalan cavan Milli Hökumətimizin göstərdiyi fədakarlıqlar ölkəmizin tarixi günlərindən hesab olunacaq və gələcək nəsillərə yadigar qalmasından ötrü tarix səhifələrini zinətləndirəcəklər. Sabiq quldur Rza xan, ondan sonra onun əlaltıları dövründə Azərbaycanın nə qədər gəliri və sərvəti var idisə tamamilə çəkib Tehrana aparırdılar. Bütün İran, xüsusilə Azərbaycan camaatı yalnız Tehran mürtəceləri üçün çalışmalı və o yaramazlar üçün “Babil” qalasına bənzər mənzillər, imarətlər tikməli idilər.
Azərbaycan, hər cəhətdən yaddan çıxmış ölkəmiz, xalqımızla bərabər yazıq olub mədəni millətlərdən geridə qalmış, maddi və mənəvi olaraq satın alınma bir qul kimi dünyanın yaşayış ləzzətindən məhrum edilmişdi. İndi isə Milli Hökumətimizin təşkilindən bəri millət, dövlət və hökumət əlbir bir şəkildə hər gün keçən dövrlərin vətənimizin müqəddəs cismində açdığı yaraları sağaltmağa başlayıb və böyük addımlarla irəli getməkdədirlər.
Təbrizin Azərbaycanda və bəlkə o zaman bütün İranda birinci mərkəzi şəhər olduğuna belə əhəmiyyət verilməyərək, sair İran şəhərlərində olduğu kimi, dövlət tərəfindən inşa olunmuş binalar və imarətlərdən bir əsər görünməməkdədir. Amma indi isə Milli Hökumətimizin təşkilindən 4 ay keçdiyi halda, şəhərimizin bütün evlərinə dəmir kəmərlərlə Avropa üslubunda xalqımızın rahatlığından ötrü su çəkmək üçün hazırlıq aparılıb, hər bir materialı da alınmışdır, yaxın bir zamanda əməliyyata başlanılacaqdır. 25 ildə bizi soyub, çalıb-çapıb və əlimizdən alıb Tehrana daşıdıqları milli sərvətimizdən həya edib vicdana gəlmədilər. Heç olmazsa, bizim üçün də balaca bir radio stansiyası və ya ictimai və milli işlərimiz üçün bir bina, bir xəstəxana və yaxud bir bank binası və və ... təsis etmədilər.
Milli Hökumətimiz var olsun. İndi ölkəmizin abadlığına və Azərbaycan üçün xalqımızın fəxr edə biləcəyi gözəl bir paytaxt yaratmaq məqsədilə Təbrizi və sair şəhərlərimizi gözəlləndirməyə başlamışdır. Belə ki, radio stansiyası, fabriklər, universitet, məktəblər bu az müddətdə yaradılıb və yaradılmaqdadır. Xiyabanların asfaltına və arxların kənarlarında texniki üsulla ağaclar əkilməsinə, gələcək nəsli dəyərli və elmli bir nəsil kimi yetirmək üçün ümumi və pulsuz məktəblər açılmasına çoxdandır ki, başlanıbdır. Həqiqi atamız olan Milli Hökumətimiz var olsun!

“Azərbaycan” qəzeti. ADF orqanı, Təbriz, say 172, 14.04.1946

***

AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə