Urmu və Təbrizdə yandırıcı maddələrin partlaması faciəyə səbəb olub Güney Azərbaycan

Urmu və Təbrizdə yandırıcı maddələrin partlaması faciəyə səbəb olub

Bu, mart ayında bu qəbildən baş verən və bir neçə nəfərin həyatına son qoyan neçənci hadisədir.

Qərbi Azərbaycan Radio və Televizyasının verdiyi xəbərə görə, icazəsiz yandırıcı maddələri daşıyan 15 yaşlı yeniyetmə, Urmu şəhərinin “Vilayəti Fəqih” meydanında maddələrin partlaması nəticəsində həyatını itirib.

Polis rəisi polkovnik Şeyxnəjad hadisə nəticəsində başqa bir şəxsində ağır yaralandığını bildirib.

Təbrizin “azaranjoman” xəbər saytının verdiyi məlumata görə, ötən gecə Təbriz şəhərində yandırıcı maddələrin partlaması nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.

Son həftə ərzində Təbriz və Urmu şəhərlərində yandırıcı maddələrin partlaması nəticəsində bir neçə nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Bundan iki gün öncə, Təbriz şəhərində baş verən oxşar hadisədə 6 yaşlı qız uşağı həyatını itirdi. Onun 4 yaşlı bacısı və 30 yaşlı atası isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Ümumiyyətlə hər il yaz bayramı qabağı İranda çoxsayda belə hadisələr baş verir. Çərşənbə atəşfəşanlıqlarında əldə qayırma yandırıcı və fişənglərin partlaması nəticəsində onlarla insan həyatını itirir, yüzlərlə insan yaralanır.

Hökumət bu qəbildən olan atəşfəşanlıq maddələrinə qadağa qoyduğu üçün, vətəndaşlar onu öz evlərində və qeyri-standart şəkildə hazırlamağa məcbur olurlar. Bu isə ağır nəticələrə səbəb olur.

Gunaz.tv