Hüseyn Cavan və Sönməz Məşrutəçinin yaradıcılığı Güney Azərbaycan

Hüseyn Cavan və Sönməz Məşrutəçinin yaradıcılığı

Sən o tayda mənsiz deyib güləndə, mən bu tayda gülə-gülə ağlaram...

Aşıq poeziyası əsrlər boyu Azərbaycan şeirinin milli-ədəbi zəmini vəzifəsini yerinə yetirib. Aşıq Hüseyn Cavanın yaradıcılığı mündəricə ilə formanın, bədii metodla dünyagörüşünün, vətəndaşlıq duyğuları ilə estetik zövqün vəhdətinə nümunə olacaq bitkin bir yaradıcılıqdır. Onun yaradıcılığı olduqca əhatəlidir. Vətənpərvərlik, xəlqilik, milli dəyərlərə, ana torpağa bağlılıq onun yaradıcılığında ön plandadır. Şairin poeziyasına nəzər edərkən xalq həyatının tam, bütöv mənzərəsi canlanır. Uşaq vaxtından aşıq məclislərində iştirak eləyən, ən məşhur aşıqları dinləyən şair, onların söylədikləri dastanları zaman-zaman yaddaşına həkk edərək, eyni zamanda bəhrələnərək ruhunda gur qaynayan bir çeşmə meydana gətirib və xalq həyatını hər tərəfli ehtiva edən bədii irs yaradıb. Xalq şeirinin hər formasında mükəmməl əsərlər yaradan şair, şeirlərində atalar sözlərinə, hikmətli ifadələrə geniş meydan ayırıb və ibrətamiz kəlamlarla poeziya xəzinəsinə misilsiz naxışlar vurub.
Aşıq Hüseyn Cavan bilavasitə aşıq olduğu üçün xalq yaradıcılığı ənənələrinin forma xüsusiyyətlərinə peşəkarcasına bələd idi. Daha doğrusu, qələmə aldığı bütün şeir nümunələrini hökmən xalq şeiri formalarında yaradırdı. Təsadüfi deyil ki, şair öz yaradıcılığında çox az işlənən divani, dodaqdəyməz divani, ustadnamə formalarından da məharətlə istifadə edib. Aşıq Hüseyn Cavan özünə ustad saydığı, aşıq sənətində misilsiz töhfələr yaratmış Aşıq Ələsgər kimi aşıq poeziyasının çərçivələrini xeyli genişləndirərək, klassik poeziyamıza daha yaxınlaşdırıb, aşıq poeziyasının gözəl, mütərəqqi ənənələrini inkişaf etdirməklə bərabər, klassik ədəbiyyatın fikri dərinlik, tipikləşdirmə və bədii ümumiləşdirmə qanunlarını aşıq poeziyasının canına hopdurub.
Aşıq Hüseyn Cavanın formaca çox zəngin və oynaqdır, ahəngdar və gözəldir. Həmişə məna ilə doludur, estetik gözəllik nümunəsidir. O, aşıq poeziyasının bütün növlərində ən gözəl, ən kamil nümunələr yaradıb. Xalq şeirinin mayası olan aşıq şeirinin "dodaqdəyməz", "dildönməz", "qıfılbənd" kimi az yayılmış formaları var. "Qıfılbənd" zahiri cəhətdən qoşmadan seçilmir. O, eynilə qoşma kimidir. Lakin burda təsvir və tərif həyat, ilahiyyat və hikmət haqqında dərin, mənalı suallarla əlavə olunur, eyni zamanda təsvirin və tərifin özünü şərh etmək, daha doğrusu, mənasını izah etmək lazım gəlir. Xalq arasında qıfılbəndlərə hikmətamiz qoşmalar da deyilir. Lakin qıfılbəndlər, dodaqdəyməzlər, dildönməzlər elə çətin formalardır ki, belə formalardan yalnız Aşıq Qurbani, Aşıq Abbas Tufarqanlı, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı və sairə xalq şeirinə, aşıq sənətinə mükəmməl bələd olan, bədahətən qoşmalar, gəraylılar, təcnislər, müxəmməslər söyləyən sənətkarlar bu formalarda nəfis əsərlər meydana gətiriblər.
Aşıq Hüseyn Cavan bilavasitə yuxarıda adları qeyd olunan sələflərindən mükəmməl dərslər aldığı üçün xalq şeirinin ən çətin formalarında belə heyrətamiz sənət nümunələri ərsəyə gəririb. Şair öz sənətinin o qədər dərin bilicisi olub ki, xalq şeirinin formaca ən çətin çətini olan dodaqdəyməzlərdə belə onun yüksək zövqü, gerçəklik duyğusu, dərin kamalı, təşbehlərinin həyatiliyi, sözü mənalandırmaq məharəti adamı heyran qoyur. Formal qanunların qəti hökm sürdüyü dodaqdəyməzlərdə də o fikri, mənanı saxlamağa səy edir və onu formaya qurban vermir:

Sən kənar gəz şər işlərdən,
Qadadan, qandan, aşıq.
Ellərin şirin diləyi
Çıxsın dəhandan, aşıq!
Həqiqətdən zər xırd elə,
El içində ad qazan!
Səsinə səslər yetişsin,
Sənin cahandan, aşıq!

Keçən illər keçdi, aşıq,
Yeni həyatdan deyək!
Ya xaricdən, ya daxildən,
Ya kainatdan deyək!
Həqiqətdən, siyasətdən,
Ya da sənətdən deyək!
Deyək xalqın xilaskarı,
Dahi insandan, aşıq!

Cavan Hüseyn hər dəqiqə
Dahilərdən dərs alır.
Xalqın əziz gələcəyin
Yazır, dastana salır.
Azadlığın eşqi ilə
qanad çalır, saz çalır,
Aşıqsansa, sən də dərs al,
Dərsin alandan, aşıq!

Göründüyü kimi, bu dodaqdəyməz divani hikmətli ifadələrlə, mənalı təşbihlərlə, öyüd-nəsihətlə doludur. Şairin sənətkarlığı da bundadır ki, o, bütün bunları mirvari kimi misralara düzməklə yanaşı, bu olduqca çətin xalq şeiri formasının bütün qanunlarına mükəmməl şəkildə riyaət edərək necə deyərlər, bir dəfə də olsun dodağını dodağına vurmur.
Milli dəyərlərimizin nəsildən-nəslə ötürülməsində isə eyni zamanda atalar sözləri, zərbi-məsəllər olduqca böyük əhəmiyyət kəsb edib ki, bu da istər xalq şeirində, istərsə də klassik poeziyada mühüm yer tutub. Belə ki, atalar sözləri, zərbi-məsəllər, el məsəlləri xalq şeirinin rüşeymi sayılan aşıq poeziyasında aparıcı rol oynayıb. Ustadnamələrin müdrikanə sözlərlə, hikmətli ifadələrlə naxışlandığı hamıya məlumdur. Ustadnamə¬lərdə bir çox dərin mənalı müşahidələr, hikmətamiz düşüncələr öz əksini tapıb.
O taylı-bu taylı Azərbaycanda aşıq poeziyasının xalqın estetik tərbiyəsində nə qədər böyük bir rol oynadığını və ümumiyyətlə, siyasi-ictimai, əxlaqi və fəlsəfi vəzifələri yerinə yetirdiyi bizə tarixdən çox yaxşı məlumdur. Xalq şeiri formalarında bir-birindən dəyərli nümunələr meydana gətirən şairlərdən biri də o taylı, bu taylı Azərbaycanda çox məşhur olan, əsərləri fəlsəfi dərinliyi, obrazlar müxtəlifliyi, məna tutumunun sanbalı ilə seçilən Kərim Sönməz Məşrutəçidir.
Sönməzin də yaradıcılığını izləyərkən xalq şeirinə nə qədər mükəmməl bələd olduğunu görürük. Sönməz də xalq şeiri formalarına olduqca incəliklə yanaşır və qəliblərin ahəngini heç vaxt pozmur. Onun istər qoşma, istər də bayatı formalarında qələmə aldığı şeirlər heyrətamizdir. Sönməzin sənətkarcasına yazılmış qoşmaları təbii olaraq maraq doğrurur. Sönməzdə də şübhəsiz, ənənəvi motivlər, obrazlar yox deyil, lakin bu obraz və motivlərdə təzə, təravətli obraz və təsəvvürlər ilə çox təbii, üzvi şəkildə birləşir və belə qovuşma qoşmalara bir fikri, hissi təzəlik gətirir. Ənənəvi forma, poetika müəyyən məzmun, poetik sərvətlər sistemini qoruyub saxlayır. Bu formanın müəyyən şəkli xüsusiyyətləri, spesifik məzmun tərzi Sönməzin bütün şeirlərində nəzərə çarpır. Şairin qoşmalarında müdrik həyat həqiqətləri xatırlanır, qısa və yığcam misralarda aydın fikir, qənaət təlqin olunur:

Sən o tayda mənsiz deyib güləndə
Mən bu tayda gülə-gülə ağlaram.
Səndən mənə hərdən kağız gələndə,
İşə bir bax, gülə-gülə ağlaram.

Göz yaşlarım hər birisi bir inci,
Billurluqda, paklıqda ən birinci.
Aydan, ildən qismət olan sevinci,
Ancaq sənlə bölə-bölə ağlaram.

Qadan mənə, əgər qadan almayım,
Gün olmaz ki, bulud kimi dolmayım.
İstərəm ki, şəbədədə qalmayım,
Göz yaşımı silə-silə alaram.

Deyirlər ki, igid olan ağlamaz,
Ağlayana ümid belə bağlanmaz,
Göz çağlasa, ürək coşub çağlamaz,
Elə bunu bilə-bilə ağlaram.

Könül, sən ki, gedirsən bu kağızla,
Yar yanında nə inildə, nə sızla.
Bəyan elə min dərdi bir ağızla;
De, yolları gələ-gələ ağlaram.

Sönməz bu şeirdə ikinci bəndin birinci misrası ilə ikinci misrasında cinaslardan istifadə edib ki, bu da şeirin ikinci bəndinin xalq şeirinin təcnis formasında olduğuna dəlalət edir. Məlumdur ki, təcnisin adi qoşmadakı qafiyələrin cinas sözlərdən (yəni həmcins, bir neçə mənalı sözlərdən) seçilməsindədir. Ancaq on bir hecalı və hər bəndi dörd misradan ibarət olan şeir başdan-başa cinaslarla qafiyələnən zaman təcnis adlanır. Sönməzin bu şeirində isə təkcə ikinci bəndin birinci və ikinci misrası cinaslarla qafiyələndiyi üçün ona təcnis demək olmaz.
Təcnisin cığalı və ayaqlı deyilən təcnis deyilən növləri var. Cığalı təcnisi adi təcnisdən ayıran zahiri xüsusiyyət ondan ibarətdir ki, çox zaman hər bəndin ortasına, yəni ilk iki misra ilə son iki misranın arasına bir bayatı daxil edilir və o biri misralarla qafiyələnir (bayatının da qafiyələri cinas sözlərdən ibarət olmaq şərtilə).
Əsrlərin dərinliyindən, xalq hikmətindən süzülüb gələn müdrik, həkimanə ümumiləşdirmələr Sönməzin aydın, səlis misralarında yeni hisslər işığında mənalanır. Sönməz ümumiyyətlə, xalq şeirinin biçimlərindən tez-tez istifadə eləyir, bununla da poeziyanın imkanlarını genişləndirir, axtarışı ənənə ilə əlaqələndirir. Sönməzin bayatı formasında da xeyli şeirləri var. Onun Şimali Azərbaycanın ən görkəmli şairlərindən biri Nəbi Xəzriyə yazdığı "Dalğalarda görüş barı" şeiri sırf bayatı formasındadır:

Hörmətli qələm dostum,
Bir halımı soruş barı!
Sevinc dostum, ələm dostum,
Dalğalarda görüş barı.

Bizə qonaq gələnmirsən,
Dərdin nədir, bilənmirsən,
Göz yaşını silənmirsən,
Dalğalarda görüş barı.

Qərənfilin gül vermirsə,
Gül versə də, bol vermirsə,
Görüş bir də əl vermirsə,
Dalğalarda görüş barı.

Yazışmağa yol bağlıdır,
Sağ açıqsa, sol bağlıdır,
Danışmağa dil bağlıdır,
Dalğalarda görüş barı.

Sönməzin Nəbi Xəzriyə həsr etdiyi başqa bir şeiri "Ədəbi sahillər" arasında ünsiyyət bağlarını əks etdirməklə yanaşı, qoşma formasının ən gözəl nümunələrindən biridir:

O, gözəlliklərin uca zirvəsi
Mən o zirvələrdən qalxıb aşıram.
Görərkən müşküldür onun görməsi,
Xəyalda onunla qucaqlaşıram.

Sönməz xalq ədəbiyyatının bütün formalarından geniş istifadə etsə də, 50-ci illərdə intibahı başlayan Cənubi Azərbaycan şeirinə xüsusi bir yenilik gətirmişdi. Söz yox ki, Sönməz də Şəyriyar, Səhənd, Sahir kimi xalq şeiri formalarından geniş istifadə edirdi. Lakin o da yuxarıda adları qeyd olunan şairlər kimi artıq "sinəndə bir cüt nar var", "İncə belə mina kəmər yaraşır", "üzündə bir cüt xal" kimi ifadələrdən kənarlaşaraq əsərlərini yeni notlar üzərində, yeni ruhda qurmağa başlamışdı.

Vüqar Əhməd,
professor