16:00
742
Transfermarkt 2025/26 mövsümünün başa çatmasından sonra futbolçuların yenilənmiş bazar dəyərlərini açıqlayıb.
Dünyanın ən bahalı futbolçuları siyahısına 200 milyon avroluq bazar dəyəri ilə “Barselona”nın gənc ulduzu Lamin Yamal və “Mançester Siti”nin hücumçusu Erlinq Holann başçılıq edir.
Eyni bazar dəyərinə malik olmalarına baxmayaraq, daha gənc olduğu üçün birinci pillədə Yamal qərarlaşıb.
“Real Madrid”in hücumçusu Kilian Mbappe son yeniləmədə 20 milyon avro dəyər itirərək 180 milyon avroya düşüb və üçüncü sırada yer alıb.
İlk beşliyi “Bavariya”nın futbolçusu Maykl Olise və “Barselona”nın yarımmüdafiəçisi Pedri tamamlayır. Hər iki oyunçunun bazar dəyəri 150 milyon avro olaraq qiymətləndirilib.
Fransa çempionu PSJ dünyanın ən bahalı heyətinə malik komanda statusunu qoruyur. Paris təmsilçisinin futbolçuları Joao Neveş, Xviça Kvaratsxeliya və Vitinya da ilk onluqda yer alıblar.
İngiltərə Premyer Liqasında isə ən bahalı ikinci futbolçu 120 milyon avroluq bazar dəyəri ilə “Arsenal”ın yarımmüdafiəçisi Deklan Raysdır.
Siyahıda Türkiyə Super Liqasını təmsil edən ən diqqətçəkən ad “Qalatasaray”ın hücumçusu Viktor Osimhendir. Nigeriyalı forvardın bazar dəyəri 75 milyon avro göstərilib. Türkiyə millisinin üzvləri arasında ən yüksək göstərici isə Arda Gülərə məxsusdur. “Real Madrid”in futbolçusunun bazar dəyəri 90 milyon avro təşkil edir. Gənc yarımmüdafiəçi ötən mövsüm 51 oyunda 6 qol vurub, 14 məhsuldar ötürmə edib.
“Yuventus”un formasını geyinən Kenan Yıldız da 75 milyon avroluq bazar dəyəri ilə siyahıda yer alıb.
Qeyd edək ki, Transfermarktın son reytinqində bazar dəyəri 100 milyon avro və daha yüksək olan 13 futbolçu yer alıb.