“Yığmamız təsnifat mərhələsindəki formasında olsa...” İdman

“Yığmamız təsnifat mərhələsindəki formasında olsa...”

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın "worldofvolley"ə müsahibəsi
- "Fənərbaxça" üçün mövsüm bitdi, üçüncü pilləni tutdunuz. Düşüncələriniz necədi?
- Düzü, bir tərəfdən, mövsüm ağır keçdi, digər tərəfdən, yaxşı tərəflər də yox deyildi. Ancaq daha da yaxşı ola bilərdi, mövsümün gedişində bir neçə gözlənilməz halla qarşılaşdıq. Müxtəlif zamanlarda komandanın demək olar ki, yarısının zədələndiyi oldu və bu, məşqçiləri çətin vəziyyətdə qoydu. Çünki onlar qısa müddət ərzində vəziyyətə uyğunlaşmaq və yeni komanda yaratmaq zərurəti qarşısında qalırdılar. Əlavə olaraq, klubda məşqçi dəyişikliyi baş verdi, bu da bizim komanda halında yenidən ağır məşqlərlə üz-üzə gəlməyimiz anlamına gəlirdi.
- Yarımfinalda "Əczacıbaşı"na uduzdunuz. Bu iki oyunu necə təsvir edərdiniz?
- Hər iki oyunda məğlub olduq. Əlimizdən gələnin ən yaxşısını etdik, ancaq kifayət etmədi. Bizimlə "Əczacıbaşı"nı müqayisə etsək, deyə bilərik ki, onlar bir yox, artıq bir neçə mövsümdü ki, bir yerdə oynayırlar. Bu, böyük fərq yaradır. Həmçinin, onlar mövsümün əvvəlindən bəri eyni məşqçi ilə çalışırlar.
- Mövsümün gedişində daha da yaxşı ola bilərdim – deyə, düşündüyünüz anlar varmı?
- Əlbəttə, ilk növbədə Çempionlar Liqasını qeyd etməliyəm. Qrupda evdə hər iki italyan komandasını məğlub etməyimiz üçün yaxşı şanslarımız var idi…
- 2017/18 mövsümündəki çıxışınızdan razı qaldızmı?
- Düzü, keçən mövsüm özümü daha yaxşı hiss edirdim. Asiyada sadəcə 3 mövsüm keçirdim və orada elədi ki, xaricilərə daha çox diqqət ayrılır. Komandamda tək idim, yəni insanların diqqətləri kifayət qədər üzərimdə idi. Burada isə 4 nəfərik. Hər şey fərqlidi. Karyeram adına yeni təcrübə oldu.
- Karyeranızı harada davam etdirəcəksiz?
- Hələlik yeni mövsümlə bağlı qərar verməmişəm. Menecerim Tunc Afşarla danışıram, təkliflər var və ən yaxşı seçimi edəcəyik.
- Azərbaycan bu il dünya çempionatında iştirak edəcək. Komandanızın turnirdəki şanslarını necə dəyərləndirirsiz?
- Əgər yığmamız təsnifat mərhələsindəki formasında olsa, qrupdan çıxmaq və mübarizə aparmaq üçün kifayət qədər şanslarımız ola bilər. Mən həmişə çalışıram ki, pozitiv olum. Qrupumuzda Rusiya, Cənubi Koreya, Tailand, ABŞ və Trinidad və Tobaqo var. Son Avropa çempionatında Rusiyanı məğlub etmişdik. Tailanddan bir neçə oyunçu Azərbaycanda çıxış edib, odu ki, onların voleyboluna bələdik, yəni nəyə hazırlaşmalı olduğumuzu artıq bilirik. Cənubi Koreya və ABŞ-la görüşlər isə çətin ola bilər. Ancaq hadisələrin gedişatını kim təxmin edə bilər ki? Mənim üçün ilk hədəf qrupdan çıxmaqdı, növbəti addım haqqında sonra düşünəcəyik.
- Yayda istirahətlə bağlı planlarınız nələrdi?
- Yaxşıca istirahət edəcəm. Bərpa prosesinə ehtiyacım var, çünki son iki mövsümdə kifayət qədər vaxtım olmayıb. Sonra isə enerji və təmiz başla dünya çempionatı öncəsi yığma komandanın düşərgəsinə qoşulacam.