Nüvə danışıqları dalana dirənib Dünya

Nüvə danışıqları dalana dirənib

ABŞ danışıqlar masasını tərk edə bilər

Cavid

İranın nüvə proqramı üzrə İran və "altılıq" (ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniya) arasında Vyanada keçirilən danışıqlar dalana dirənib. Bu barədə İranın "Fars" agentliyinə adının çəkilməsini istəməyən mənbə bildirib. Məlumata görə, saziş beynəlxalq sanksiyaların ləğv edilməsi barədə məsələ ilə əlaqədar Vaşinqtonun mövqeyinə görə bloklanıb.
Eyni zamanda İranın dövlət televiziyası daha əvvəl yayılan informasiyanı təsdiqləyib ki, Qərb ölkələri danışıqlarda öz mövqeyini sərtləşdirib və İranın nüvə energetikasının inkişafı imkanlarını rədd edir. Avropa Birliyinin xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerini isə son bəyanatında bildirib ki, əgər yaxın vaxtlarda əhəmiyyətli siyasi qərarlar qəbul olunmasa, İranın nüvə proqramı üzrə sazişin imzalanması mümkün olmayacaq. Öz növbəsində, ABŞ-ın dövlət katibi Con Kerri vurğulayıb ki, Vaşinqton sonsuza qədər danışıqlar masasının arxasında oturmağa hazır deyil. Daha əvvəl isə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirmişdi ki, İran və "altılıq" keçirilən danışıqlar bir neçə saat ərzində razılaşma ilə başa çata bilər.
Qeyd edək ki, İranın nüvə proqramı üzrə yekun sənədin iyulun 7-də imzalanması nəzərdə tutulsa da, bu müddət bir neçə gün uzadılıb. ABŞ dövlət katibi Con Kerri 7 iyula qədər razılıq əldə olunmayacağı təqdirdə İranla nüvə danışıqlarını dayandıracaqlarını demişdi. Avstriyanın paytaxtı Vyanada nüvə müzakirələrinin keçirildiyi otelin qarşısında jurnalistlərin suallarını cavablandıran Kerri, danışıqlarda irəliləyiş əldə olunduğunu, lakin yekun razılıq mətni ilə bağlı hələ də problem yaşadıqlarını bildirib. İranın nüvə silahı istehsalına gedən yolun qarşısını almaq istədiklərini deyən Con Kerri, razılıq əldə edilməzsə masadan qalxacaqlarını vurğulayıb. "İstədiyimiz olmasa, razılıq mətni üzərində anlaşa bilməsək, prezident Obamanın da dediyi ki, masanı tərk etməyə hazırıq. Ancaq biz razılıq əldə olunmasını istəyirik"- deyə dövlət katibi əlavə edib. İranın xarici işlər nazirinin müavini Abbas Araqçi də özəl televiziya kanalına verdiyi açıqlamada, qırmızı xəttləri qəbul edilməyəcəyi təqdirdə müzakirə masasını tərk edə biləcəklərini söyləyib. Qeyd edək ki, Tehran hökuməti sanksiyaların birdəfəlik qaldırılmasını tələb edərkən, ABŞ İranın hərbi obyektlərinə nəzarətin gücləndirilməsini, nüvə fəaliyyəti ilə bağlı daim məlumat ötürülməsini tələb edir.
"ABŞ konqresi və Barak Obamanın İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fikir ayrılığının bizə dəxli yoxdur, bu onların öz daxili problemləridir. Əgər nüvə danışıqları nəticə verməsə, müzakirələrin dayanmasında Barak Obama məsuliyyət daşıyacaq". Bunu isə İran parlamentinin sədri Əli Laricani Tehranda çıxışında deyib.
İran parlamentinin sədri son günlərdə ABŞ konqresinin İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı istəklərə və çağırışlara toxunaraq, bunun İrana heç bir aidiyyatı olmadığını bəyan edib. Onun sözlərinə görə, yeni sanksiyalar müzakirələrin dayanmasına səbəb olacaq və bu məsələdə məsuliyyəti Barak Obama daşıyacaq.
Bu arada İranın xarici işlər naziri də ABŞ tərəfindən yeni sanksiyaların tətbiq edilməsi barədə xəbərdarlıq verib. Aprel ayının 1-də razılaşmanın ümumi konturları üzrə razılığın əldə olunması danışıqların müsbət yekununa ümidləri artırsa da, tərəflər arasında kəskin fikir ayrılıqlarının mövcudluğu danışıqların sonrakı gedişatında özünü qabarıq göstərdi.
Yəməndə baş qaldıran üsyan, İŞİD-in İraq və Suriyadakı qətliamları, müxtəlif ölkələrdə törətdiyi terror aktları kimi hadisələr dünya mediasının gündəmində ön plana çıxsa da, Qərb siyasi dairələrində İranın nüvə proqramına maraq yüksək səviyyədə qalmaqdadır. ABŞ rəsmiləri məsələni diqqətdə saxladıqlarını nümayiş etdirir, hərbi elita isə İranın nüvə obyektlərinin hərbi yolla məhv edilməsi ssenarilərini irəli sürürlər. Bununla belə, danışıqların Vyanada keçirilən hazırkı raundunda bəzi irəliləyişlərin əldə olunması barədə iştirakçı tərəflərin rəsmilərinin bəyanatları müəyyən ümidlər doğurur.
İranın nüvə proqramı ilə bağlı diqqəti çəkən məqamlardan biri ABŞ və Rusiyanın bu məsələdə mövqelərinin xeyli dərəcədə üst-üstə düşməsidir. Hər iki ölkə nüvə silahlarının yayılmasına, eləcə də İranın nüvə silahına sahib olmasına qarşıdır. İranın nüvə silahına malik olması ABŞ-ın Yaxın Şərqdəki münaqişələrə müdaxiləsini daha təhlükəli edir. 2013-cü ilə qədər ABŞ tərəfindən nüvə danışıqlarında iştirak etmiş ekspert Qari Samor isə rəsmi Moskvanın ABŞ-la İran arasında müharibənin baş verməsini istəmədiyini, ABŞ-ı Yaxın Şərq regionuna müdaxilədən mümkün qədər uzaq saxlamağa çalışdığını bildirib.
Digər tərəfdən, bu məsələdə ABŞ Yaxın Şərqdəki başlıca müttəfiqi olan İsrailin təhlükəsizlik maraqlarını nəzərə aldığı üçün İranın nüvə silahı əldə etmək imkanlarının qarşısını almağa çalışır. Rusiya da öz növbəsində, Cənubi Qafqaza qonşu olan İranın nüvə dövləti kimi regionda söz sahibinə çevriləcəyindən ehtiyatlanır. Buna baxmayaraq, İran özünün nüvə proqramının hərbi xarakter daşımadığını, enerji məqsədinə xidmət etdiyini bildirir. Bu istiqamətdə nüvə proqramının həyata keçirilməsində Rusiya İrana xeyli yardım göstərib, birlikdə reaktor inşa edilib və gələcəkdə yeni reaktorların tikintisi də nəzərdə tutulub. Görünür, hazırda dayandırılan bu əməkdaşlıq Rusiyaya İranın nüvə proqramının gedişatını nəzarətdə saxlamasına imkan verirdi. Başqa bir tərəfdən, nüvə danışıqları çərçivəsindəki görüşlər ABŞ və Rusiya arasında dialoqa da töhfə verir, Yaxın Şərqdəki digər problemlərin, eləcə də İŞİD-ə qarşı effektiv mübarizənin aparılması məsələlərinin müzakirəsinə əlavə imkan yaradır.
Rusiya bir tərəfdən ABŞ-İran münasibətlərinin müharibə həddinə çatmasının qarşısını almaqda maraqlıdırsa, digər tərəfdən İranın nüvə proqramı üzrə yekun razılığın əldə olunmasının Rusiya üçün zərərli tərəfi də var. Belə bir razılaşma İran üzərindən iqtisadi sanksiyaların götürülməsi və İran neftinin dünya bazarlarına çıxışının artmasına gətirib çıxaracaq. Bu isə bir tərəfdən, Rusiyaya qarşı sanksiyalara qoşulan ölkələrin şirkətləri üçün əlavə biznes mühitinin əldə olunması, digər tərəfdən neft bazarlarında rəqabətliliyin artması nəticəsində dünyada neftin qiymətinin bir qədər də azalması deməkdir.
ABŞ rəsmiləri İranın nüvə proqramı üzrə fikir ayrılıqlarının sülh yolu ilə tənzimlənməsinə daha çox önəm verdiklərini nümayiş etdirir, lakin hərb variantını da istisna etmədiklərini bildirirlər. Ekspertlər səviyyəsində isə İranın nüvə obyektlərinin bombalanması ehtimalına sanki daha böyük maraq göstərilir.
Nüvə obyektlərini sıradan çıxaracaq effektli silah kimi isə GBU-57 A/B və ya bunker əleyhinə tənzimlənən aviasiya bombası (Massive Ordnance Penetrator – MOP) hesab olunur. ABŞ-ın "Boeing" şirkəti tərəfindən hazırlanan silah yerin 61 metr dərinliyinə qədər irəliləmək, yaxud 19 metr qalınlığındakı beton divarı dəlmək gücündədir. Hərbi ekspertlərin fikrincə, bu silahla İranın nüvə obyektlərinin və sentrifuqalarının məhv edilməsi mümkündür. Lakin bunun üçün bir neçə günlük əməliyyat yetərli olmayacaq. Üstəlik, hücumların uğurlu olacağı təqdirdə nüvə proqramının icrasını ən yaxşı halda 4 il ləngidəcəyi düşünülür. Digər tərəfdən, obyektləri silahla məhv etmək mümkün olsa da, "nou-hau"nu, yaxud nüvə proqramı biliklərini bu yolla aradan qaldırmaq mümkün deyil. Bu məqamlara əsaslanan ekspertlər sanki cəmiyyəti uzunmüddətli müharibəyə hazırlayaraq, əməliyyatların fasilələrlə illər boyu davam etdirilməli olduğunu irəli sürürlər. Hesab olunur ki, Rusiya ilə İran arasında "S-300" hava müdafiə sistemlərinin alqı-satqısı baş tutarsa, İran MOP-dan müdafiə olunmaq üçün hava müdafiəsi sistemini daha da təkmilləşdirə bilər. Bu isə hücumlar zamanı ABŞ üçün əlverişli olmayan vəziyyət yaradacaq.
İranın nüvə obyektlərinə ABŞ tərəfindən hücumun təşkil olunacağı təqdirdə bu ölkənin bölgədəki əsas müttəfiqləri olan İsrail və Səudiyyə Ərəbistanının tutacağı mövqe də maraq doğurur. Xüsusən də İsrail İranın nüvə proqramına daha böyük şübhə ilə yanaşaraq, lazım gələrsə, bu məsələdə "təkbaşına hərəkət edəcəyini" çoxdan bəyan edib. Lakin İsrailin yeraltı obyektləri məhv etmək üçün ABŞ qədər əlverişli hərbi texnikaya malik olmadığı bildirilir. Öz növbəsində, Səudiyyə Ərəbistanı da İranın nüvə silahı əldə etməsinə qarşı çıxır, hətta İranın nüvə proqramının tam ləğvini nəzərdə tutmayan razılaşmanın əldə olunacağı təqdirdə özünün nüvə proqramına başlayacağı ilə hədələyir. Güman etmək olar ki, hər iki dövlət hərbi əməliyyatların gerçəkləşdiriləcəyi təqdirdə ABŞ-a yardım etməyə hazırdır. Lakin ABŞ rəhbərliyi hərbi yola əl atmağa tələsmədiyini daim nümayiş etdirir.
Nüvə proqramı danışıqlarında tərəflər arasında etimad çatışmazlığı özünü göstərir. İrana qarşı olan etimadsızlıq əsas etibarilə bu ölkənin nüvə proqramının icrasına gizli başlaması, danışıqlar başladıqdan sonra da bəzi gizli obyektlərin ortaya çıxması ilə bağlıdır. Bu səbəbdən də ABŞ və müttəfiqləri İranın nüvə proqramı ilə bağlı gizli heç nəyinin qalmadığına əmin olmağa çalışırlar.
İran isə Qərbin nüvə proqramını bəhanə gətirərək ölkənin hərbi sirlərini öyrənməyə çalışdığını düşünür. Xatırladaq ki, aprelin 1-də imzalanan çərçivə razılaşmasının açıqlanan detallarına əsasən, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) ekspertləri İranın bütün nüvə obyektlərinə nəzarət etməli, nüvənin zənginləşdirilməsində şübhəli bilinən istənilən əraziyə buraxılmalıdırlar. ABŞ-ın şübhələndiyi bəzi ərazilər isə İranın bir sıra hərbi obyektlərini də əhatə edir. Bu səbəbdən də mövqelərin toqquşması özünü göstərir.
Bununla belə, danışıqlarda iştirak edən rəsmilər müəyyən irəliləyişin əldə olunması barədə mesajlar ötürürlər. Danışıqların nəzərdə tutulduğundan uzun müddət davam etməsi isə müzakirələrin gərginliyindən xəbər verir. İstisna deyil ki, mühüm geosiyasi proseslər, o cümlədən Suriyada və İranın qonşuluğundakı İraqda davam edən konfliktlərin gedişatı da nüvə danışıqlarında yekun nəticəyə təsir göstərəcəkdir.