Rusiya NATO-da parçalanma yaratmağa çalışır Dünya

Rusiya NATO-da parçalanma yaratmağa çalışır

Rusiyanin Baltikyanı dövlətlərinə qarşı təxribat xarakterli addımlara əl atacağı gözlənilən idi və dünyanın nüfuzlu araşdırma mərkəzlərinin ekspertləri, həmçinin Litva və Estoniyanın hərbi-siyasi dairələri bu barədə ehtimallarını irəli sürürdülər.

Bu sözləri “Xalq cəbhəsi” qəzetinə açıqlamasına siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi qeyd edib ki, əslində, Rusiyanın aqressiyasının güclənməsinin səbəblərindən biri və birinciləri NATO və Avropa İttifaqı üzvü olan dövlətlərin rəsmi Moskvaya münasibətdə dişsiz davranışları, könülsüz, ictimai rəyin təzyiqi altında qəbul edilən və əsasən təbliğata xidmət edən sanksiyaların hələlik Rusiyanın maliyyə-iqtisadi sistemini çökdürə biləcək gücə malik olmaması, Şimali Atlantika blokunda və Aİ-də mövcud olan fikir ayrılıqlarıdır: “Digər səbəblər isə, Baltikyanı ölkələrinin, xüsusilə də Estoniyanın Rusiyadan idxal edilən alkoqollu içkilər, mebel, inşaat materialları, gübrə və Rusiyaya əhəmiyyətli dərəcədə gəlir gətirən, həddən artıq böyük bir siyahını əhatə edən digər xammal və məhsullara iyulun 10-da etibarən sansiyaların tətbiqinə başlanılacağı barədə rəsmi Tallinin qərarının elan olunmasıdır. Bu qərarla Estoniya Aİ-nin tətbiq etdiyi bütün sanksiyaların tətbiqinə başlayacağını bəyan edib. Rusiyaya məxus Mİ-28 helikopterinin Estoniyanın hava sərhədini pozması da, düşünürəm ki, həm də bu qərarla bağlıdır.

Litvaya yönəlik təhdidlərə gəldikdə isə, burada rəsmi Vilnyusun Rusiya Federasiyasının anklavda olan Kalininqrad vilayətinə “Suval dəhlizi”, dəmir yolu vasitəsilə daşınan bir sıra yüklərin daşınmasına tətbiq etdiyi qadağadır. Rusiya bu addımlarla, həm Baltikyanı ölkələrini qorxutmağa, həm də NATO-nun onların təhlükəsizliyini təmin edə bilməyəcəyi barədə rəy formalaşdırmağa çalışır. Estoniya və Latviyanın təhdidlərdən çəkinərək qərarlarını geri götürməsi Rusiyanın iştahını daha da artıra, həmçinin həm Avropa İttifaqı, həm də NATO-dan mərkəzdənqaçma meyllərini gücləndirə bilər. Bu baxımdan, NATO-nun baş verənlərə adekvat reaksiyası təkcə Baltikyanı ölkələr üçün deyil, Şərqi Avropanın bütün dövlətləri üçün həyati önəm daşıyır”.