Kommunist Partiyası fərqli fikirlərin əleyhinədir Dünya

Kommunist Partiyası fərqli fikirlərin əleyhinədir

“Çində hakimiyyət çevrilişi haqqında sosial şəbəkələrdə müxtəlif xəbərlər yayıldı. Məlum oldu ki, bu xəbərləri Qərb ölkələrində siyasi sığınacaq alan çinli dissidentlər yayıblar. Çin lideri Si Sinpinin ev həbsinə alınması barədə xəbərlər təsdiq olunmadı. Buna baxmayaraq, bu tip xəbərlərin yayılması rəqiblərinin Si Sinpinə qarşı informasiya müharibəsinin tərkib hissəsi sayıla bilər”. Xalqcəbhəsi.az xəbər verir ki. bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Çin Kommunist Partiyasının növbəti qurultayı oktyabrın 16-da keçiriləcək. Onun sözlərinə görə, “New York Times” dərgisinin yazdığına görə qurultayda böyük dəyişikliklər gözlənilmir: “Çin Kommunist Partiyasının qurultayı hər beş ildən bir keçirilir. Qurultay ölkənin sabit inkişafı və hakimiyyətin davamlılığına səs verəcək. Ölkənin hazırki lideri Si Sinpin üçüncü dəfə baş katib seçiləcək. Halbuki, Si Sinpindən əvvəlki rəhbərlər partiyaya 2 dəfədən çox rəhbərlik etməyin əleyhinə idilər. Buna baxmayaraq, baş nazirin dəyişdiriləcəyi gözlənilir.
Partiyanın Mərkəzi Komitəsinin qurultaydan əvvəl oktyabrın 9-da plenumu keçiriləcək. Adətən qurultaylar arasındakı 5 il müddətində Mərkəzi Komitənin 7 plenumu keçirilir. Plenumda Si Sinpin Mərkəzi Komitə üzvləri qarşısında çıxış edəcək, qurultay məruzəsinin əsas tezislərini səsləndirəcək. Plenum Mao Tsedunun ideyalarına, Den Syaopinin inkişaf nəzəriyyəsinə və Si Sipinin inkişaf platformasına sadiq qalacağını təsdiq edəcək. Qurultaylarda tənqidə yer yoxdur. Ona görə də kiminsə hansısa tezisə iradı varsa, bu plenumda səslənməlidir. Ancaq Mərkəzi Komitə üzvlərindən kiminsə Si Sinpinin daxili, xarici və təhlükəsizlik siyasətinə qarşı çıxış edəcəyi proqnozlaşdırılmır. Halbuki, Çinin bəzi oliqarxları Pekinin ABŞ-la qarşıdurmasının yanlış olduğunu düşünür, bunun onların kapitallarına və investisiyalarına mənfi təsir etdiyi qənaətindədirlər.
Çin Kommunist Partiyası yeniliklərə etibar etmir. Pekin SSRİ-nin taleyini yaşamaqdan çəkinir. Çin Kommunist Partiyasının rəhbərliyində indi də hesab edirlər ki, SSRİ-də yeniqənqurma illərində tənqidlərin səslənməsinə imkan verilməsi ölkənin dağılmasına səbəb oldu. Si Sinpin SSRİ-nin son rəhbəri Mixail Qorbaçovun “səhvini” təkrarlamaq istəmir.
Çin ciddi çağırışlarla üz-üzədir. Pekinin Tayvan adasına görə Vaşinqtonla münasibətləri gərgindir, qonşuları Hindistan, Vyetnam, Yaponiya və Avstraliya Çinin artan hərbi gücündən narahardırlar və bölgədə silahlanma prosesi geniş vüsət alıb. Buna baxmayaraq, Çin Kommunist Partiyasının qurultayında xüsusi olaraq başqa dövlətlərin adının çəkiləcəyi ehtimal edilmir”.

Əli