“Qərbdən Şərqə sivilizasiya adı altında terror gəlir” Dünya

“Qərbdən Şərqə sivilizasiya adı altında terror gəlir”

"Fransa Suriya və İraqda döyüşən İŞİD-i silahla, maddi baxımından dəstəkləyən ölkələrdən biridir"

"Əslində bir insan olaraq Fransada törədilən terror hadisəsi bizi də narahat edir. Orada ölən günahsız insanlara bizdə kədərlənirik".
Bu barədə ilahiyyatçı Bəhruz Camal danışıb. O qeyd edib ki, Fələstində, Suriyada, Bəhreyndə, İraqda və digər ölkələrdə terror hadisələrinin qurbanları bizim də qəlbimizi sızladır: "Ən azından terrorun nə olduğunu dadmışıq. Xocalı faciəsi kimi, "20 Yanvar" hadisəsi kimi faciələr yaşamışıq, metro stansiyalarda dəfələrlə partlayışlar törədilib. Yəni, biz terrorun nə olduğunu daddığımız üçün bu günahsız insanların acısını paylaşırıq. Amma burada bir məsələ var. Fransa, İngiltərə, ABŞ kimi ölkələr daim üçüncü dövlətlərə və özlərindən zəif ölkələrə ikili standartlar tətbiq edib. Bu gün el arasında desək "öz doğradıqları umac qarşılarına çıxdı".
İlahiyyatçı Qərb və Şərq barəsində 2 görüşə malik olduğunu vurğulayaraq qeyd edib ki, biz adətən Qərb deyəndə mənfi üçün Qərbdən danışırıq: "Bunun da səbəbləri var. Amma mənim üçün Qərb 2 hissəyə bölünür. Birincisi dünyaya sivilizasiya və mədəniyyət ötürən Qərb, bir də sivilizasiya adı altında dünyaya iğtişaş, zülmət bəxş edən Qərb var. Eyni fikri, eyni yanaşmanı Şərq barəsində də deyə bilərik. Terror hadisələri, Fransada baş verən hadisələr bir daha mənim bu fikirdə qalmağımı qüvvətləndirdi. Bu gün Qərbdən Şərq dünyasına sivilizasiya adı altında terror, zülmət gəlir. Fransa bu günə kimi terrorla mübarizə aparan ölkə kimi özünü qələmə versə də, Suriya və İraqda döyüşən İŞİD-i silahla, maddi baxımından dəstəkləyən ölkələrdən biridir. Mən Fransada baş verən hadisəni heç də təsadüfi, hansısa bir terror təşkilatının törətdiyi cinayət kimi qəbul etmirəm".
B.Camal bildirib ki, bir zamanlar ABŞ İraq və Əfqanıstana yenidən daxil olmaq üçün əkiz binalarını öz sakinləri də içində olmaqla darmadağın etdi: "Öz yetişdirdiyi terror qruplaşması bu cinayətləri öz öhdəsinə götürdü. Terrorla mübarizə adı ilə ABŞ yenidən Əfqanıstan və İraqa girdi. Suriyada Qərb ölkələrinin planları fiaskoya uğradığından, İŞİD aşkar şəkildə Suriyaya məğlub olduğundan artıq bunlar növbəti planlara əl atırlar ki, yenidən Suriyaya daxil olsunlar. Mən belə başa düşürəm ki bu təsadüfi hal deyil ki hansısa terror qruplaşması bir yeri partlatsın və rahat şəkildə də bunu öz üzərinə götürsün".
İlahiyyatçı vurğulayıb ki, son xəbərlərdə Fransa Prezidenti Olland və sabiq Prezident Sarkozi bildirdi ki, biz terrorla mübarizəni davam etdirəcəyik, bu iğtişaşların qarşısının alınmasının yeganə yolu İŞİD-lə mübarizədir: "Yəni bu artıq Suriyaya daxil olmaq planının bir hissəsidir. Qərb bunun üçün minlərlə vətəndaşını qurban verər ki, öz mənfur siyasi hədəflərinə çatsın. Bu təsadüfi terror hadisəsi deyil. Əslində bu gün Fransa Suriyada, Bəhreyndə, Fələstində törədilən terrorlara ikili münasibət bildirir. Dünya hegemonluğu iddiasında olan dövlətlər bilməlidir ki, onların yetişdirdiyi bu terror qruplaşmaları gün gələcək özləri üçün də təhlükə mənbəyinə çevriləcək. Bu hadisə əlbətdəki Fransada müsəlmanlarla başqa din daşıyıcılarının arasında böyük bir iğtişaşa da gətirib çıxara bilər. Qərb İslamı ancaq terrorla, vəhşətlə tanıyır. Əslində, bu da Qərbdə İslamafob fəaliyyətin bariz nümunəsidir. Çünki İslamı belə terror qrupları vasitəsilə Qərb insanlarına tanıdırlar. Artıq dövlət rəsmiləri tərəfindən bəzi məscidlərə qadağa qoyulacağı da vurğulanır. Bu normal qarşılanan haldır. O zaman normal qarşılanar ki bu terrorla bağlı olmasın. Əminliklə deyə bilərəm ki, burada sırf hansısa qruplaşmadan söhbət gedə bilməz. Əslində İslamda radikallıq deyə bir anlayış yoxdur. Radikallıq varsa da bu, xüsusi qrupların əmrində çalışan terrorçunun nə dini olur, nə milliyəti olur, nə də bölgəsi olur. Bunlar hamısı İslamafob siyasətin bir parçasıdır. Güman edirəm ki, Fransada yaşayan müsəlmanlar bu məsələdə həm ayıq-sayıq olaraq əqlərinə davranan bir hərəkətlər edəcəklər, həmçinin də xristianlar. Bu iğtişaşlar xristian və müsəlmanlar arasında böyük toqquşmalara gətirib çıxara bilər ki, bu da ağır fəsadlarla nəticələnə bilər".