Rusiya təbliğatı hərbi sirləri necə “faş edir”? Dünya

Rusiya təbliğatı hərbi sirləri necə “faş edir”?

"Reuters" yazır ki, bu xəritə Rusiyanın Suriya münaqişəsinə boynuna aldığından daha dərin müdaxilə etdiyini göstərir

Cavid

Rusiya hərbiyyəsinin komandanlarının prezident Vladimir Putinə göstərdikləri Suriya hərbi xəritəsində Rusiya ordusuna aid artilleriya birləşməsinin dislokasiya məntəqəsi görünüb.
"Reuters" agentliyi yazır ki, bu hadisə Rusiyanın Suriya münaqişəsinə boynuna aldığından daha dərin müdaxilə etdiyini göstərir.
Suriyada hava reydləri keçirən Moskva dəfələrlə vurğulayıb ki, bu münaqişədə Rusiyanın quru qoşunları iştrak etmirlər.
Lakin sözü gedən xəritədəki işarənin Rusiya hərbi birləşməsinə aid olduğu təsdiqlənərsə, bu, həm də Rusiyanın Suriyaya qoşun çıxarmasının təsdiqi olacaq.
"Reuters" yazır ki, bu xəritə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyində keçirilən brifinqdə dövlət telekanalının süjeyinə "düşüb".
Agentliyin xəbərində deyilir ki, "qartalgözlü Rusiya hərbi blogerlərindən biri" xəritədəki Sadad məntəqəsi yaxınlığında Rusiya hərbi birləşməsinin dislokasiyasını göstərən "nöqtə"ni görə bilib.
Sadad Homs və Dəməşq şəhərləri arasında yerləşir.
Həmin məntəqənin yaxınlığındakı nöqtənin üzərində "5 Gabatr 120th ABR 2A65 Msta B, 6 dəst, 14:00 06.11." yazılıbmış.

Sibirdən Suriyaya
Bloger yazır ki, "Gabatr" Rusiya ordusunda "top" sözünü bildirən akronimdir. "ABR" – artilleriya briqadası deməkdir. "2A65 Msta B" Rusiya ordusunun istifadəsində olan topun tipidir.
"Reuters" yazdığına görə, 120-ci artilleriya briqadası Rusiya ordusunda var və daimi dislokasiya yeri Sibirdir. Bu birləşmə həmçinin 2A65 tipli toplardan istifadə edir. Hərbi hissənin növbətçisi Reuters-ə bildirib ki, orada belə toplar var, lakin onların Suriyada olub-olmadığından xəbərsizdir.
Kremlin sözçüsü Dmitri Peskov xəritə barədə suala cavab verərkən deyib ki, "Suriyada Rusiyanın hava bombardmanları ilə əlaqədar olan texniki kontingenti var, lakin bu ölkədə Rusiyanın quru qoşunları yoxdur".
"Prezident bunu dəfələrlə deyib" – deyə cavab verib Peskov.
Lakin Müdafiə Nazirliyi "Reuters"in suallarına cavab verməkdən imtina edib.
"Reuters" yazır ki, Rusiya indiyədək kiçik ordu kontingentinin yalnız Latakiyadakı hərbi aerodrom zolağının yaxınlığında olduğunu bildirirdi, lakin sözü gedən xəritə Rusiya əsgərlərinin ölkənin daha dərinliklərinə yeridiyini göstərir. Bu isə hərbi-strateji baxımdan Moskvanın münaqişəyə daha dərin müdaxiləsini nümayiş etdirir.
Tsunami silahı
Qərb mətbuatının qeyd etdiyinə görə Rusiyanın hərbi sirləri ilk dəfə deyildir ki, Rusiyanın öz mediasında "faş olur".
Noyabrın 12-də Kreml bəyan etmişdi ki, Rusiyanın yeni uzaqmənzilli nüvə torpedosu sayılan "Status-6" ORT telekanalında göstərilməməliydi.
Burada da məlumat Vladimir Putinin Soçidə generalitetlə keçirdiyi müşavirədə mətbuata sızmışdı.
Xəbərlər proqramının bir süjetində generallardan biri yeni "supertorpedo"nun diaqamlarını nəzərdən keçirirdi.
Bəzi məlumatlara görə "çoxməqsədli Status-6 okean torpedosu" düşmənin sahil boyunca iqtisadi qurğularına və hərbi infrastrukturuna dağıdıcı ziyan vura bilər.
Sonradan Vladimir Putinin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, bu süjet efirə getməməliydi.
Bir sıra Qərb ekspertləri hesab edirlər ki, "mediaya sızdırma" bilərəkdən edilib.
Rusiyanın hərbi ekspertləri deyirlər ki, sözü gedən100 meqatonluq torpedo ABŞ ərazisinin içərilərinə doğru 1500 kilometrlik məsafədə 500 metr yüksəkliyi olan tsunami yarada bilər.