

9 İyun 21:08
Rusiyanın Ukraynada məğlubiyyəti ilk növbədə elə yüksək rütbəli rus hərbiçilərinə lazımdır. Son iyirmi ildə orduya müxtəlif adlar altında ayrılan milyardlarla vəsaitin oğurlandığı rus ordusunun düşdüyü durumla isbat edilir. Bir çox yeni silahların, digər lazımı hərbi təyinatlı məhsulların görüntü xatirinə olduğu, köhnə silahların modernləşdirilməsi adı altında isə heç bir işin görülmədiyi bəlli olur.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Politoloqun fikrincə, bunların hamısının hərbi rəhbərliyin digər dövlət strukturları ilə əlbir işinin nəticəsində olduğu isə şübhəsizdir:
"Belə bir durumda Rusiya Ukraynada əvvəla istəsə belə nəzəri olaraq qələbə qazana bilməzdi, sonra isə külli miqdarda hərbi və canlı qüvvə itkisindən sonra qələbə çala bilsə idi belə, bu itkilərin hesabını kimsəyə verə bilməzdi. Odur ki, baş vermiş oğurluğun izinin ört-batır edilməsinin ən yaxşı yolu məğlubiyyətdir ki, bu da olur. Müharibə çoxdan uduzulub. Hazırda müharibədəki məğlubiyyətdə maraqlı olmayan özəl hərbi şirkət olan "Vaqner" qrupunun rəhbəri Priqojin və Ramzan Kadırovdur. Onlar nə xərcləyiblərsə, qanuni şəkildə xərcləyiblər, təbii ki, dırnaq içərisində. Məsələ ondadır ki, onlar da külli miqdarda oğurlayıblar, amma Rusiyanın üzdə olan güclü ordusunu da onlar qurublar ki, Ukraynada hələlik müqavimət göstərən də onların əsgərləridir. Əsl hərbiçilər isə görüntüdə ordu qurublar, sadəcə hərbi paradda iştirak üçün. Belə bir şəraitdə Rusiya məğlub olduqdan sonra hakimiyyətdə kimsə qalmayacaq ki, kimlərdənsə hesab soruşun. Böyük ehtimalla, heç Rusiya da qalmayacaq".
Cavid