Son günlər Azərbaycanın terror əleyhinə islam koalisiyasına qoşulması ilə bağlı məsələ gündəmdədir. Səudiyyə Ərəbistanın təşəbbüsü ilə formalaşan, Türkiyə və Pakistan kimi nəhəng islam dövlətlərinin də daxil olduğu koalisiyada təmsil olunmaq bir sıra amillər səbəbi ilə cəzbedici görünür. İlk növbədə ona görə ki, bu koalisiya Qərbin erməniləri xristian təəssübkeşliyi fonunda dəstəklədiyindən şikayətlənən Azərbaycanın istinad edə biləcəyi güc mərkəzi deməkdir. Hansı ki, bu güc mərkəzinə Azərbaycanın ehtiyacı kifayət qədər böyükdür.
Bəzi siyasilər hesab edir ki, Azərbaycanın terror əleyhinə islam koalisiyasına qoşulması Rusiya tərəfindən davamlı şəkildə təhdid edilən Azərbaycanın təhlükəsizliyini təmin etməklə yanaşı, Qarabağın işğaldan azad edilməsi prosesinə də öz töhfəsini verə bilər. Belə ki, Azərbaycan Qarabağ probleminin hərbi yolla həllinə qərar verdiyi təqdirdə bu koalisiyanın qüvvələrindən yararlana bilər ki, bu da Rusiya faktorunu nəinki qismən, hətta tamamilə neytrallaşdıra bilər. Fəqət bütün bunlarla yanaşı, məlum koalisiyaya qoşulmağın Rusiya və İranı daha da qıcıqlandıracağını iddia edənlər də az deyil.
Millət vəkili Fazil Mustafa hesab edir ki, Azərbaycanın terror əleyhinə islam koalisiyasında təmsil olunmasına ehtiyac yoxdur: "Bu koalisiyada Azərbaycanın iştirakı məqsədəuyğun deyil. Çünki iki ermənipərəst qonşu dövlətlə üz-üzə gəlmə risqimiz yaranar. Hələ ki, Qarabağın azad olunmasının münbit şəraiti yetişməyibsə, indiki məqamda özümüzü düşmənlərin hədəfinə çevirməyimizin bir faydası yoxdur. Bununla belə, ayrıca olaraq qardaş Türkiyəyə qarşılaşdığı çətin durumlarda dəstək vermə mövzusunda tərəddüdümüz olmamalıdır".