İranın nüvə sazişi region üçün nə deməkdir? Dünya

İranın nüvə sazişi region üçün nə deməkdir?

Harun Yilmaz: "İran Dağlıq Qarabağ münaqişəsinə davamlı siyasi çözüm tapmaq işində Azərbaycana deyil, Ermənistana rəğbət göstərib"

Cavid

Bu yaxınlarda İran və Qərb dövlətləri arasında Tehranın nüvə proqramını cilovlayan tarixi saziş əldə edilib. Bu sazişin nəticəsində İran sanksiyalar altından çıxıb və beynəlxalq münasibətlər meydanında manevr üçün daha geniş məkan əldə edib. İran bundan sonra təcrid olunmuş ölkə olaraq qalmayacaq. Bəs görəsən, bu dəyişikliyin Azərbaycan və Qafqaz bölgəsi üçün nə kimi nəticələri ola bilər?
İlkin təhlillər göstərir ki, üç Cənubi Qafqaz respublikası İranla daha yaxın münasibətlərə can atacaq və Moskva ilə münasibətlərində tarazlıq əldə etməyə çalışacaqlar.Britany a Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü Harun Yilmaz bildirib ki, illərdir Tehran Moskvanın özü tərəfindən "yaxın xaric" kimi başa düşülən regionda Moskvanın maraqlarını qıcıqlandırmamaq barədə strateji qərar qəbul etmişdi. İran üçün Rusiya ilə xoşməramlı əlaqələr onun Qərb dünyası ilə təlatümlü münasibətində çox mühüm rol oynayırdı.
İndi bu təlatümlü münasibətlərin əsas səbəbi aradan qalxıb. 9 illik danışıqlardan sonra İran və dünyanın altı gücü – ABŞ, Birləşmiş Krallıq, Fransa, Çin, Rusiya, habelə Almaniya arasında saziş əldə edilib. Bu sazişə əsasən İranın nüvə fəaliyyətinin məhdudlaşıdırılması müqabillində, onun üzərindəki iqtisadi sanksiyalar qaldırılıb. Tezliklə beynəlxalq maliyyə mübadilələri üzərindəki məhdudiyyətlər də yüngülləşdirilib. Xarici şirkətlər üçün İrana investisiyalar yatırmaq asanlaşıb və İran şirkətləri özlərinin Qərb tərəfmüqabilləri ilə sazişlər imzalamaq imkanında olar.
İran turizmdən tutmuş infrastruktura və neft sektorunadək bütün sahələrdə iqtisadi inkişaf imkanı əldə edib və bu, İranın iqtisadi əzələsini möhkəmləndirib. Qərblə həlledici fikir ayrılığını çözdükdən sonra İranın Qafqaz və Mərkəzi Asiyada sərbəst hərəkətinə imkan yaranıb. İranda yaşayan azərbaycanlıların sayı Azərbaycan Respublikasında yaşayanlardan iki dəfə çoxdur. İran indiyədək ölkənin azərbaycanlı azlığına Azərbaycan millətçiliyi üçün potensial separatçılıq təhlükəsi kimi baxıb.
Tehran narahat olub ki, anti-İran koalisiyası azərbaycanlılardan "beşinci kolon" kimi istifadə edə bilər. Məhz buna görədir ki, İran 1994-cü ildən, Azərbaycan və Türkiyə blokada qoyduqdan bəri Ermənistanın ətraf dünyaya çıxışı üçün Yerevanın ən etibarlı müttəfiqi sayılıb.
"Bütün dünyada şiələrin müdafiəçisi"?
Buna əlavə olaraq, İran Dağlıq Qarabağ münaqişəsinə davamlı siyasi çözüm tapmaq işində şiə Azərbaycanına deyil, Ermənistana rəğbət göstərib. Lakin indi İran özünü getdikcə daha çox bütün dünyada şiələrin müdafiəçisi kimi görür. Bu siyasət özünü bariz şəkildə İraq və Ərəb yarımadasında göstərir.
İran və İraqdan sonra üçüncü şiə çoxluğuna malik ölkə isə Azərbaycandır. Odur ki, Qərblə gərginliyin aradan qalxdığı bir şəraitdə İran Bakıya Qafqaz işlərində daha münasib partnyor kimi baxa bilər. Bakı da belə bir dostluğa tərəfdar ola bilər. Azərbaycanın indiyədək Qərb, xüsusən də Vaşinqton üçün strateji önəmi onun İrana qarşı qərbpərəst balans olmasında idi.
Bu Bakıya, həm də Rusiyanın regiondakı mövqeyini tarazlamaq imkanı verirdi. Qərb və İran arasında yaxınlaşma Azərbaycanın geostrateji əhəmiyyətini heçə endirir. Strateji məsələlərdən başqa İranla daha yaxşı münasibətlər üçün iqtisadi səbəblər də var. Azərbaycanın alternativ enerji dəhlizi yaratmaq maraqları nəzərə alınarsa, neft və qaz ixracı marşrutlarının İran ərazisi ilə diversifikasiyası Bakı üçün daha bir imkandır. Burada investisiya üçün də böyük xərcləmələrə ehtiyac yoxdur, çünki İran və Azərbaycan arasında hələ Sovet dövründə tikilmiş kəmər var.
Buna alternativ olaraq İran Azərbaycanla neft və qaz dəyiş-düyüşünü də həyata keçirə bilər. Məsələn, Azərbaycandan İranın şimal hissəsinə neft və qaz verilə bilər, beləki İranın əsas neft və qaz yataqlarının yerləşdiyi Fars körfəzi buradan xeyli aralıdır. Beləliklə, İran da Azərbaycan üçün Fars körfəzindən qaz və neft ixrac edə bilər.
Qaz kəmərləri və barter sövdələşmələrindən əlavə Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin tikintisi də bu il başa çatmalıdır. 375 kilometrlik bu dəmiryolu xətti İranın polad yollar şəbəkəsini Azərbaycana və ondan şimala - Rusiyaya bağlayacaq. Bu xətlə ildə 1, 4 milyon sərnişinin və 7 milyon ton yükün daşınacağı təxmin edilir.
Dəmir yolu xətti həmçinin Rusiya və Avropanı Fars körfəzi və Hindistana bağlayacaq "Şimal-Cənub" nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəmir yolu xətti İran və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına nəhəng təkan verəcək. Qısası, İranı regionda Rusiyaya balans edəcək və ona daha geniş manevr məkanı verəcək Tehran Bakı üçün strateji və iqtisadi partnyor olacaq.
Gürcüstan İranla daha sıx əlaqələrin inkişafına 2009-cu ildən can atır. Gürcüstan və İranın şərikli sərhədi olmasa da, hər iki ölkə əməkdaşlıqda böyük potensial görür. 2008-ci ildə baş vermis Gürcüstan-Rusiya müharibnəsinin ardınca Tbilisi Rusiyanın enerji asılılığından qurtulmağa can atır. İran ucuz və alternativ qaz təchizatçısıdır.
Gürcüstan həm də özünün turizm sektorunu inkişaf etdirmək istəyir və bu mənada İran böyük bazar sayılır. Tbilisi üçün önəmli olan həm də budur ki, İran Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımayıb və beləliklə də, Gürcüstanın suverenlik və ərazi bütövlüyünə dəstək verib.
İran və Gürcüstan arasında ticarət və turizm 2010-cu ilin sonlarından, Tbilisi ölkəyə 45 gün və ondan az müddətə gələn iranlılar üçün viza rejimini ləğv edəndən bəri həndəsi silsilə ilə artıb. Lakin Gürcüstanda iş görən İran müəssisələrinin sayca artmasına baxmayaraq, Gürcüstanın əldə etdiyi gəlir çox da yüksəlməyib.
Qərb tərəfindən qoyulmuş sanksiyalar və Vaşinqtonun xəbərdarlıqları Gürcüstanın İrandan aralı dayanmasına səbəb olub. Gürcüstan 2013-cü ildə İranla vizasız gediş-gəliş rejimini birtərəfli qaydada dayandırıb. Lakin İran və Qərb arasında sazişin əldə edilməsi bu mənada Gürcüstanın əl-qolunu açıb.
İran və Ermənistanın müştərək layihələri
Bu da vurğulamalıdır ki, Azərbaycan və Gürcüstan İranın regiondakı başqa oyunçuları tam əvəzləməsini istəmirlər. Onlar sadəcə olaraq regionda daha çox oyunçunun olmasına və beləliklə də daha geniş manevr inmkanına nail olmaq istəyirlər.
Ermənilər də iranlıların bu regionda olmasını istəyirlər, onların İranla, xüsusilə də enerji sahəsində çoxsaylı müştərək layihələri var. Lakin Gürcüstan və Azərbaycandan fərqli olaraq bu müştərək layihələrin uğuru Rusiyanın icazəsinə və İranın maliyyə dəstəyinə bağlıdır.
Bu müştərək layihələrdən biri də Meğri Su Elektrik Stansiyasıdır. Layihə 1990-cı illərdən müzakirə olunurdu və birgə memorandum 2009-cu ildə imzalanıb. Bir neçə il davam edən danışıqların ardınca İran növbəti 15 il ərzində ona Meğri SES-dən veriləcək elektrikin müqabilində dəyəri 400 milyon dollar olan tikintini üzərinə götürüb. Tikinti 2012-ci ilin noyabrında keçirilmiş təntənəli mərasimlə başlanıb.
Başqa bir layihə də üçüncü Ermənistan-İran yüksək voltlu elekrtrik xəttidir. Bu layihənin təxmini qiyməti İran tərəfindən ödənəcək 107, 9 milyon avrodur. 2015-ci ilin iyununda tərəflər elan ediblər ki, bu xəttin çəkilişi 2018-ci ilədək başa çatacaq. Bu layihə iki qonşu ölkə arasındakı elektrik mübadiləsini üçqat artıracaq.
Üçüncü layihə İran-Ermənistan qaz kəməridir. 140 kilometrlik bu kəmər 2007-ci ildə istismara verilib. Kəmərin 100 kilometri Təbrizdən İran-Ermənistan sərhədinədək uzanır. 40 kilometrlik Ermənistan sektoru Meğri rayonunu Qacarana bağlayır. İran-Ermənistan kəmərinin çəkilişindən başlıca məqsəd Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq olub. Lakin bu layihə əvvəldən planlaşdırıldığı qaydada həyata keçirilə bilməyib.
İlkin variantda bu kəmər Qacarandan Sisyana, Cermuk və Araratadək əlavə olaraq daha 197 kilometr uzadılmalı idi. Bunun nəticəsində İran qaz kəməri Ermənistanın qaz şəbəkəsinə bağlanacaqdı. Lakin bu kəmər uzadlımadı və Ermənistan indiyədək Rusiya qazından asılı vəziyyətdədir.
İran qazından Qacaranda elektrik enerjisinin istehsalı üçün istifadə edilir. Bəziləri şübhə edirlər ki, borunun 1420 millimetrlik layihə diametri "Gazprom"un təzyiqi ilə 700 millimetrə azaldılıb. 2015-ci ilin iyununda Ermənistan hökuməti qaz kəmərinin 40 kilometrlik Ermənistan sektorunu Rusiyanın qaz nəhəngi "Gazprom"un Ermənistan filialına satıb. Bu filial Ermənistanda qaz təchizatına və paylanmasına nəzarət edir. İranın üfüqdə görünməyə başladığı bir vaxtda Rusiyanın əldə etdiyi bu sövdələşmə çox şeydən xəbər verir.
Rusiya daim və israrla İran qazının Ermənistan vasitəsilə nəqlinin yolunu kəsməyə çalışıb, çünki bunu ilk növbədə Rusiyanın geosiyasi maraqlarına təhlükə hesab edib. Axı, hər halda Ermənistan tranzit ölkə kimi manevr üçün daha geniş məkan əldə edə bilər, Rusiyadan asılılığını azaldardı. Odur ki, İran-Ermənistan münasibətləri əsas etibarilə Rusiya-Ermənistan münasibətlərindən və Kremlin qərarlarından asılı olacaq.