Şərqi Ukraynada qarşıdurma silahlı münaqişə fazasına keçdi Dünya

Şərqi Ukraynada qarşıdurma silahlı münaqişə fazasına keçdi

Ağ Ev Kiyev hakimiyyətini rus separatçılarına qarşı antiterror əməliyyatlarını davam etdirməyə çağırdı
Qərbdə əmindirlər ki, Putin Ukraynadan sonra Baltikyanı ölkələri işğal etməyə hazırlaşır

Cavid

Ukraynanın cənubi-şərqində vəziyyət gərgin olaraq qalmaqdadır. Rusiyayönümlü separatçılar və onlara rəhbərlik edən rus diversantlar Ukraynanın Mariupol şəhərində bir qrup separatçı hərbi hissəyə hücum edib. Hücum zamanı 3 nəfər ölüb, 13 nəfər yaralanıb, 63 nəfər isə saxlanılıb.
Ukrayna daxili işlər naziri Arsen Avakov, hazırda polislərin hadisə baş verən ərazidə faktla bağlı araşdırmalar apardığını qeyd edib: "Gecə hücuma cavab olaraq Ukraynanın Mariupol şəhərində DİN bölmələri hərbi hissəyə hücum edən 300 nəfərə yaxın dəstənin lokallaşdırılması üzrə əməliyyat keçirib".
Arsen Avakovun sözlərinə görə, təcavüzkarlar molotof kokteyli ilə hərbi hissəyə hücum ediblər. Bundan sonra polis xəbərdarlıq atəşi açıb. Daha sonra isə həyacan siqnalı ilə təhlükəzlik orqanlarına məlumat verilib.
Donetski vilayətinin Kramatorska rayonu Pçelkina yaşayış məntəqəsində Ukrayna hərbçiləri silahlarını separatçılara təhvil veriblər.
Ukrayna mediasının verdiyi xəbərə görə, tərksilah olan hərbçilər Dneprovetrovsk şəhərinə yola düşüblər.
Əvvəlcə hərbçilər yerli sakinlər tərəfindən blokadaya alınıb, sonra isə hadisə yerinə rusiyameyilli silahlı separatçılar gəlib. Kramatorska rayonu Vasilevka kəndində Ukrayna hərbçiləri texnikanın qarşısını kəsməyə çalışan silahlı ruslara atəş açıblar. İlkin məlumata görə, 3 nəfər yaralanıb.
Dnepropetrovskun qubernator müavini Boris Filatov şəxsi "Facebook"dakı səhifəsində bildirib ki, "Dnepr" xüsusi batalyonunun birinci bölməsi yaradılıb və hərbi əməliyyatlara başlamağa hazırdır, blokpostlar artıq qoyulub. Bundan başqa, o, separatçıların və onların əllərində olan odlu silahların hər vahidinə görə pul mükafatı təklif edib: "Bizim təklifimiz var. Hər qaytarılan silaha görə 1000, pulemyota 1500, qranatamyota - 2000 ABŞ dolları mükafat veriləcək. Hər təhvil verilən "yaşıl adamcığaza" (rus diversantı) görə, 10 000 min ABŞ dolları veriləcək. Axı onlar bizi qardaş qırğınına sürükləyən, bizim ərazimizə ayaq basan muzdlulardır".
Bu arada Rusiya tərəfindən Krımın ilhaqı zamanı işğal edilən "Şostka" gəmisi və "Sudak" tankeri isə Ukraynanın Hərbi-Dəniz Silahlı qüvvələrinə qaytarılıb. Ötən gün nahardan sonra donanmanın yardımçı gəmisi Sevastopolun Atıcı limanından ayrılaraq Odessasya doğru istiqamət alıb. Bu barədə "Ukrayna Flotu" məlumat verir.
Suüstü gəmilər briqadasının komandiri kimi 1-ci dərəcəli kapitan Aleksey Dokato bildirib ki, bazaların yerini dəyişmək məqsədilə zabit və hərbçilərdən müqavilə əsasında komanda yaradılıb. Onların dəniz yürüşlərində böyük təcrübəsi var.
Ukraynada gərginliyin artması səbəbindən Dövlət Departamenti ABŞ vətəndaşlarına Krım və Ukraynanın cənubi-şərqindəki Xarkov, Donetsk və Luqansk şəhərlərinə səfər etməməyi tövsiyə edib. Bu barədə Departamentin rəsmi açıqlamasında bildirilir.
"Dövlət departamenti ABŞ vətəndaşlarını, Krım yarımadası və Xarkov, Donetsk, Luqansk vilayətləri daxil olmaqla, Ukraynanın bir sıra regionlarına səfərlərini təxirə salmağı tövsiyə edir" - sənəddə deyilir.
Səbəb kimi əraziyə Rusiya hərbi qüvvələrinin yeridilməsi göstərilir. Bəyanatda Rusiya hərbçilərinin Ukraynanın şərqində keçirilən etiraz aksiyalarında iştirakı vurğulanır və Krımda bir sıra ABŞ vətəndaşının saxlanılması diqqətə çatdırılır.
ABŞ prezidenti Barak Obama isə CBS telekanalının efirində bəyan edib ki, əgər Moskva Ukraynada öz hərəkətlərinə son qoymasa, onu hökmən əlavə sanksiyalar gözləyir.
"Rusiya Krımı ilhaq etməklə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozub. Hazırda isə Ukraynanın şərqində Rusiyaya meylli qüvvələri dəstəkləyir. Məhz Rusiyanın dəstəyi ilə separatçılar Ukraynada vəziyyəti gərginləşdirir. Rusiya Ukraynadakı hərəkətlərinə davam edəcəyi təqdirdə, ona qarşı yeni sanksiyalar tətbiq olunacaq" - deyə Obama bildirib.
ABŞ prezidenti Ukrayna böhranının diplomatik yolla həllinin üstünlüyünü də bir daha vurğulayıb: "Rusiya Amerika ilə qarşıdurmada maraqlı deyil, biz də münaqişə tərəfdarı deyilik. Sadəcə biz əlimizdən gələni edirik ki, Ukrayna kimi dövlətlər öz coğrafi qonşuları ilə sülh və əmin-amanlıq şəraitində yaşasın".
İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqalyo isə tərəfləri dialoqa səsləyib. Hazir Rusiya və AB-ni beynəlxalq hüquqlara hörmətlə yanaşmağa çağırıb. Bu barədə İspaniyanın EFE agentliyi məlumat verib.
İspaniya xarici işlər idarəsinin rəhbəri qeyd edib ki, Rusiya AB-nin düşməni yox, tərəfdaşı olmalıdır. Bu bəyanatlar AB-nin 6 ölkəsinin xarici işlər nazirlərinin İspaniyanın Alikante şəhərində baş tutan görüşündə miqrasiya məsələlərinin müzakirəsi zamanı səsləndirilib.
Qarsiya-Marqalyo həm də Rusiyanı beynəlxalq hüquqlara hörmət etməyə çağırıb. O, Ukraynadakı vəziyyət haqqında narahatlığını da bildirib.
Ağ Ev Ukrayna hökuməti tərəfindən qanunçuluğun və asayişin bərpası üçün güc tədbirlərin tətbiqini məqsədəuyğun hesab edir və güc tətbiqinə məsuliyyətlə yanaşaraq Kiyevi başladığı işi davam etdirməyə çağırır.
Ağ Evin mətbuat katibi Cey Karni prezident təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbətində bildirib. ABŞ administrasiyasının rəsmi nümayəndəsinin sözlərində görə, Kiyev ölkədə sabitliyi pozan Moskva separatçılarının silahlı əməliyyatlarına cavab verib.
Karni bildirib ki, ABŞ Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq etməyə hazırdır. Amma, bu barədə qərar ABŞ tərəfindən dördtərəfli danışıqlardan sonra qəbul ediləcək.
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar hazırladığı da söylənilir. ABŞ Dövlət Departamentinin sözçüsü Mari Xarf da bildirib ki, əlavə sanksiyalar hazırlanıb və hər şey Rusiyanın Cenevrədə tutacağı mövqedən asılıdır. Əgər Rusiya geriyə addımlar atmasa, sanksiyaları daha da kəskinləşdirmək lazım gələcək
Qeyd edək ki, ötən gün Ukrayna böhranı ilə bağlı dünən ABŞ, Rusiya və Ukrayna xarici işlər nazirləri ilə Avropa Birliyinin xarici siyasət üzrə nümayəndəsi Cenevrədə görüşüblər.
Müşahidəçilər tərəflər arasındakı fikir ayrılığının dərin olduğuna diqqət çəkərək, uzlaşma ehtimalının olmadığını deyirlər.
Birləşmiş Millətlər Təşkilatının daimi mənzil qərargahında Ukraynaya dair təcili iclasda isə Ukraynada insan hüquqlarının qorunması müzakirəyə cıxarılıb. Rusiyanın BMT-dəki daimi daimi nümayəndəsi Vitali Çurkin məruzə edib və Ukraynanın hazırkı hakimiyyətinə qarşı sərt ifadələr işlədib.
Vitali Çurkin BMT baş katibinin insan hüquqları üzrə köməkçisi İvan Şiomnoviçin Ukrayna ilə bağlı hesabatını saxta adlandırıb: "Təəssüf ki, hesabat birtərəfli və qərəzli xarakter daşıyır".
O, Ukraynanın şərqindəki antiterror əməliyyatından danışıb və bildirib ki, bu, vətəndaş müharibəsinin başlanmasıdır.
Qeyd edək ki, onun çıxışından sonra söz alan Böyük Britaniya, ABŞ və Fransanın nümayəndələri Çurkini ciddi tənqid edərək, onu ali qurumun prinsiplərinə hörmətlə yanaşmağa çağırıblar. Hər üç ölkənin nümayəndəsi Ukrayna hadisələrində Rusiyanı təqsirli biliblər. Təkləndiyini görən Vitali Çurkin əsəbi şəkildə zalı tərk edib. Həmin an kamerlara düşüb.
"Rusiya prezidenti Vladimir Putin Ukraynada maksimum planını yerinə yetirdikdən sonra, növbə Baltikyanı ölkələrə çatacaq". Bu sözləri isə Gordonua.com saytına müsahibəsində rusiyalı politoloq, sosioloq və publisist Stanislav Belkovski bildirib. O, əlavə edib ki, Vladimir Putin yalnız öz istəyini həyata keçirdikdən sonra Ukraynadan əlini çəkəcək.
Stanislav Belkovski daha sonra deyib ki, hazırki durumda Rusiyanı yalnız iqtisadi tənəzzül və ya buna oxşar ciddi hadisə dayandıra bilər: "Putin hazırda Ukraynanın cənub-şərqinə nəzarəti tam əlinə almaq və Qara dənizi Rusiyanın ixtiyarına vermək istəyir. O, həmçinin rəsmi Kiyevi də Dnestryanı bölgənin müstəqilliyini tanımağa məcbur etmək fikrindədir. Rusiya prezidentinin maksimum planı Donetsklə Dnestryanı bölgə arasında bufer dövlətlər sistemini yaratmaqdır. Bura Ukraynanın Donetsk, Luqansk, Zaporojsk, Xersonsk, Nikolaevsk və Odessa şəhərlərini ələ keçirmək də daxildir. Ukraynada Rusiya ilə razılığa gələ biləcək bir siyasətçi var, o da Yuliya Timoşenkodur. Putin hazırki durumda yalnız onunla razılığa gələ bilər".
Avropa Parlamentinin keçmiş-vitse prezidenti Yatsek Sariuş-Volski isə deyib ki, Rusiya xüsusi xidmət orqanları Latviyanı işğal etmək üçün gizli ictimai araşdırmalar aparıblar.
"Avropa Birliyi elə başa düşür ki, Rusiyanın əsas işğal ünvanı Ukraynadır. Amma belə deyil. Söhbət Sovet İttifaqı imperiyasının bərpasından gedir", - deyə Volski Espresso TV-yə açıqlamasında deyib.
Deputatın sözlərinə görə, Rusiya Federasiyası Krım kimi bir neçə ərazini özünə birləşdirməyi planlaşdırır: "İndi biz hadisələri izləyirik, ən çox narahatlıq doğruran Latviyadır. Krımın işğalından əvvəl Latviyada gizli şəkildə ictimai sorğu keçirilib. Bu, Rusiya imperiyasının bərpasının böyük planlarından biridir".
Ukraynanın şərqində qarşıdurmanın silahlı münaqişə fazasına keçdiyi bir ərəfədə Yanukoviçin Doneskiyə hazırlaşdığı barədə məlumatlar da yayılıb. Rusiya mətbuatı iddia edib ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin isə aprelin 20-də Donetsk vilayətinə gələcək: "Viktor Yanukoviç Ukraynaya geri qayıdır. Lakin Kreml Donetskin ictimai-siyasi taleyi ilə bağlı hələlik qərar qəbul etməyib. Dontesklə bağlı iki variant nəzərdən keçirilir: Müstəqil Donetsk respublikasının yaradılması və ya Krım respublikası kimi onun da Rusiyanın tərkibinə qatılması".