13:51
714
“Dünya iqtisadiyyatında hazırda ziddiyyətli tendensiyalar müşahidə olunur. Bir tərəfdən neft qiymətlərində ucuzlaşma və təzyiqlər görünür, digər tərəfdən isə qızıl yüksək səviyyələrdə qalmaqda davam edir”.
Bu fikirləri Xalq Cəbhəsi.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov söyləyib.
O bildirib ki, qızılın bahalaşması qlobal iqtisadiyyatda artan qeyri-müəyyənliyin və maliyyə bazarlarında ehtiyatlılığın əsas göstəricilərindən biridir:
“Tarixən belə dövrlərdə investorlar daha təhlükəsiz aktivlərə üstünlük verirlər. Qızıl da ənənəvi olaraq təhlükəsizlik aktivi hesab olunur. Qlobal iqtisadi risklər artdıqda, maliyyə bazarlarında qeyri-sabitlik yarandıqda insanlar və dövlətlər öz vəsaitlərini daha etibarlı formada qorumağa çalışırlar. Neft qiymətlərinin aşağı düşməsi istehlakçılar üçün müəyyən mənada müsbət təsir yarada bilər.
Neftin ucuzlaşması enerji, nəqliyyat, logistika və istehsal xərclərinin azalmasına səbəb olur. Nəzəri olaraq bu proses ərzaq məhsullarının, həmçinin kimya sənayesi məhsullarının, dərman və gübrələrin qiymətlərinə də yumşaldıcı təsir göstərə bilər.
Neft ixrac edən ölkələr üçün isə qiymətlərin uzun müddət aşağı qalması müəyyən risklər yarada bilər.
Azərbaycan kimi karbohidrogen ehtiyatları ixrac edən ölkələr üçün neft qiymətlərinin uzun müddət aşağı səviyyədə qalması dövlət büdcəsinin gəlirlərinə və xarici valyuta axınlarına təsir göstərə bilər. Lakin ölkədə formalaşdırılmış maliyyə ehtiyatları və Dövlət Neft Fondunun aktivləri qısamüddətli qiymət dəyişikliklərinin təsirlərini azaltmağa imkan verir”.
Onun sözlərinə görə, Mərkəzi Bankın və Dövlət Neft Fondunun birlikdə təxminən 85 milyard dollar həcmində aktivlərinin olması ölkənin xarici təsirlərə qarşı dayanıqlığını artırır: “Yaxın perspektivdə Azərbaycanda istehlak qiymətlərində kəskin dəyişiklik gözlənilmir. Azərbaycanda qiymətlərə təsir edən əsas amillərdən biri idxaldır. Ölkə bir sıra ərzaq məhsulları, texnika və xammal üzrə xarici bazarlardan asılıdır. İdxal olunan məhsulların qiymət dəyişiklikləri daxili bazara müəyyən zaman fərqi ilə təsir edir. Əsas məqsəd idxal inflyasiyasının təsirlərini minimuma endirmək və qiymət sabitliyini qorumaqdır”.
Günel Elxan